Məhkəmə qərarları › İş №3(008)-3914/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3914/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3914/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İş № 3(008) –3914/2022 Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi QƏRAR (inzibati xəta haqqında iş üzrə) 13 iyul 2022-ci il Bakı şəhəri Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, müdafiəçi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş MN ******* saylı, 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq 14-cü polis bölməsinə gətirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində saxlanılmış və narkotik vasitə olan marixuananın istifadəçisi olması müəyyən edilmişdir. Daha sonra həmin şəxs tibbi müayinədən keçirilmiş və əldə olunmuş rəyə əsasən Şəxs narkotik vasitədən sui-istifadə etmə hallarının olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, o, narkotik vasitədən istifadə etmişdir. Əməlindən səmimi peşmandır. Törətdiyi inzibati xətanı etiraf edərək barəsində təqsirli bilindiyi maddənin sanksiyası daxilində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlindən səmimi peşman olmasının nəzərə alınaraq barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru polis baş leytenantı Emin Abbasov tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis polkovnikleytenantı Tural Məşədiyevə təqdim edilmiş raportdan görünür ki, inzibati ərazidə xidmətdə olduqları zaman bir nəfər şəxsin narkotik vasitədən istifadə etməsi şübhə yaratdığından həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu 14-cü polis bölməsinə təhvil vermişlər. İnzibati qaydada tutma haqqında AZA 017870 saylı, 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 10:10-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 13 iyul 2022-ci il tarixli, 1/1448 nömrəli protokoldan görünür ki, Şəxs THC (marixuana) və AMP (amfetamin) istifadə etməsi aşkar olunmuşdur. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, narkotik vasitə istifadə etməsini etiraf edərək əməlindən səmimi peşman olduğunu, gələcəkdə bu kimi halların təkrarlanmayacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə iş materiallarında olan sənədlərlə Şəxs tibbi müayinəyə 13 iyul 2022-ci il tarixdə, saat 09:50-də aparılaraq tibbi müayinədən keçirildiyini, inzibati qaydada tutmanın isə 13 iyul 2022-ci il tarixdə, saat 10:10-da həyata keçirildiyini nəzərə alaraq Şəxs həbsdə saxlama müddətinin əvvəlinin onun azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 13 iyul 2022-ci il, saat 09:50-dən hesablanmasını şəxsin azadlıq hüququnun təmin edilməsi baxımından qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 13 iyul 2022-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar