Məhkəmə qərarları › İş №3(008)-3930/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3930/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3930/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* №li 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru X3 bildirmişdir ki, 28 iyun 2025-ci il tarixdə Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində stasionar postda DİN-in X8 əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİnin 42-ci Polis Bölməsinə gətirilmişdir. Aparılmış söhbət zamanı onun narkotik vasitədən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından, həmin şəxs profilaktik məqsədlə aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmişdir. Müayinə nəticəsində onun narkotik vasitədən istifadə etdiyi faktı müəyyən edilmişdir. Faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, 28 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən stasionar postda Daxili İşlər Nazirliyinin X8 əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmişdir. Saxlanılmamışdan əvvəlki vaxt ərzində qanunsuz olaraq psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuanadan istifadə etmişdir. saxlanıldığı andan etibarən və daha sonra Sabunçu RPİnin 42-ci Polis Bölməsində olduğu müddət ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən fiziki və ya mənəvi təzyiqə məruz qaldığına dair heç bir fakt qeydə alınmamışdır. Evlidir və iki övladı var. Törətmiş olduğu hüquqazidd əməlin fərqində olduğunu, bu hərəkətinə görə dərin peşmançılıq keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 017327 nömrəli, 28 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyun 2025-ci il tarixdə, saat 17:15-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 3845 nömrəli, 30 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Şəxs götürülmüş müayinə zamanı MOP (+), AMP(+), MET(+), THC(+) aşkar olunmuş, narkotik vasitədən istifadə etdiyi müəyyən edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs 28 iyun 2025-ci il tarixdə, saat 17:15də inzibati qaydada tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 3845 nömrəli, 30 iyun 2025-ci il tarixli Ambulator X2 rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Bakı Şəhər Sabunçu RPİ-nə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar