Məhkəmə qərarları › İş №3(008)-3937/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3937/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3937/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 01 iyul 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, o, Narkoloji Dispanserdə qeydiyyatdadır, narkomaniyadan əziyyət çəkmir, müalicə almışdır, həkim nəzarətində qanuni şəkildə hər gün mütadon suyu istifadə edir. O, başqa heç bir narkotik vasitədən və psixotrop maddədən istifadə etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 01 iyul 2025-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 3851 nömrəli rəyinə əsasən Şəxs metadon qəbul edir. 30 iyun 2025-ci il tarixli, 3851 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MTD (+) aşkar olunur, Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vastələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublıikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 01 iyul 2025-ci il tarixli xx/xx-7381 saylı məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdən Opoid əvəzedici terapiya proqramının iştirakçısıdır. Hər gün 50 ml metadon h/x qəbul edir. 01 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokolda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 3851 nömrəli rəyinə əsasən Şəxs metadon qəbul etdiyi göstərilmiş və bu səbəbdən onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında “ Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş 1 saylı siyahının 111-ci bəndinə əsasən metadon narkotik vasitələrin siyahısına aiddir. Lakin, Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddənin dispoziyasından göründüyü kimi, İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2006-cı il tarixli Azərbayca Respublikası Nazirlər Kabinetinin Qərarının 11-ci bənində əsasən narkotik dərman preparatları tibbi məqsədlərlə narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin müalicəsində terapevtik vasitə kimi ancaq dövlət narkoloji-tibb müəssisələrində istifadə edilir. Azərbaycan Respublıikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 01 iyul 2025-ci il tarixli xx/xx-7381 saylı məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdən Opoid əvəzedici terapiya proqramının iştirakçısıdır. Hər gün 50 ml metadon h/x qəbul edir. Göründüyü kimi, Şəxs aşkar edilmiş metadon narkotik vasitəsi qanunsuz olaraq deyil, qanuni şəkildə dövlət narkoloji-tibb müəssisəsi tərəfindən təyin edilərək terapevtik vasitə kimi istifadə edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən qanunsuz narkotik vasitə istehlakı halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar