Məhkəmə qərarları › İş №3(008)-396/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-396/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-396/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi 27 noyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə EQ 22572855 saylı, 25 iyul 2024-cü il tarixli cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. İş materiallarına cərimə qərarının ümumiyyətlə şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut, ümumiyyətlə hər hansı bir formada çatdırılmanı təsdiq edəcək sübut mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da İXM-nin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. İXM-nin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra İXMnin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron kabinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırma İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilən ana qədər mövcud olmalıdır. Çünki protokol tərtib edilənə qədər şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmalıdır. Protokol tərtib edilən anda məlumatlandırmadan 3 aylıq müddətin keçməməsi, lakin həmin protokola məhkəmədə baxılarkən, artıq cərimə qərarı barədə məlumatlandırmadan 3 ay vaxtın keçməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. İnzibati xəta tərkibinini bütün əlamətləri protokol tərtiib edilən anda mövcud olmalıdır. Ona görə də 3 aylıq məlumatlandırmanın əhəmiyyəti protokol tərtib edilən ana qədərdir, bundan sonra əhəmiyyətə malik deyil. Protokol tərtib edildikdən sonra məlumatlandırmaya dair 3 aylıq müddətin tamam olması şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Çünki qərar icra edilməsi üçün qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-in 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, və qanunvericiliklə müəyyən olunmuş şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 125, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Beləliklə də inzibati cərimə növündə inzibati tənbeh edilmiş şəxs həmin qərar barədə İXM-in 57, 125-ci maddəsinin tələblərinə əməl edilməklə məlumatlandırılmadan, belə məlumatlandırılma həyata keçirildikdə isə 3 aylıq müddət gözlənilmədən İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilir, bununla da İXM-in tələbləri pozulur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış 27 noyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar