Məhkəmə qərarları › İş №3(008)-3960/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3960/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3960/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikası vəətndaşı, evli, ikinci qrup əlil, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan MR Babək Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(079)- 18/2022 saylı icra sənədinə əsasən istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331 F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs alınaraq X4 geri qaytarılması, cavabdeh Şəxs 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və beləliklə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra sənədi 16 mart 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlama haqında qərar qəbul olunaraq icra edilməsi bildirişlə birlikdə borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Tələbin könüllü icrasına dair bildiriş borclunun özü tərəfindən imza olunmaqla qəbul edilmişdir. Borclu bu günədək icra sənədi üzrə heç bir ödəniş etməmiş və bu halın üzürlü səbəbdən baş verməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, onun ümumiyyətlə Naxçıvan MR-da mülki mühakimə icraatı qaydasında aparılan iş barəsində məlumatı olmamışdır. Zərərçəkmi şəxs tərəfindən qaytarılması tələb olunan avtomobil məhkəmə qətnaməsi qəbul edilməmişdən öncə, təxminən 2022-ci ilin yanvar ayında zərərçəkmiş şəxs tərəfindən özbaşına ona heç bir məlumat verilmədən aparılmış və bununla da icra sənədinin icrası təmin edilmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 icra məmuru tərəfindən verilmiş təqdimatı müdafiə edərək bildirmişdir ki, Şəxslə aralarında olan şifahi anlaşmaya əsasən o, mülkiyyətində olan istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331 F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük ödəniş müqabilində idarə etməsi üçün etibarnamə ilə Şəxs vermişdir. Şəxs bir müddət ödəniş etsə də, sonradan üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. O, Şəxs avtomobilin qaytarılmasını tələb etsə də, Zamiq avtomobili qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə Naxçıvan MR Babək Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin edilmişdir. Lakin bu günədək məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. Hazırda qeyd olunan avtomobilin harada olması ona məlum deyil. İcra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR Babək Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(079)-18/2022 saylı icra sənədindən görünür ki, istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331 F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs alınaraq X4 geri qaytarılması, cavabdeh Şəxs 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 16 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş və həmin bildirişin Şəxs tərəfindən qəbul edilməsi öz imzası ilə təsdiq olunmuşdur. Şəxs tərəfindən verilmiş izahat ərizəsindən görünür ki, o, izahatında avtomobili zərərçəkmiş şəxsə qaytardığını, lakin avtomobil əzilmiş vəziyyətdə olduğundan Rafael Rzayevin bunu boynuna almadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında və icra şöbəsində verdiyi izahatda barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsinin icra olunduğunu bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı Şəxs zərərçəkmiş şəxs tərəfindən Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özbaşına olaraq ona heç bir məlumat aparılmadan aparıldığını bildirsə də, icra şöbəsində verdiyi yazılı izahatında avtomobili zərərçəkmiş şəxsə özünün qaytardığını bildirmişdir ki, barəsində icraat aparılan şəxsin izahatlarındakı bu ziddiyyət özü onun müvafiq dəlili özünün müdafiəsi üçün irəli sürməsinə və məsuliyyətdən yayınmağa cəhd etməsinə dəlalət edir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 041712 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ikinci qrup (müddətsiz) əlildir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, ikinci qrup əlil olmasını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar