Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3966/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin rəisi, polis-polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 02 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində hazırki fakt üzrə iki dəfə cinayət qaydasında, 4 dəfə inzibati xəta qaydasında araşdırma aparıldığını, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən onun və zərərçəkmiş olan azyaşlının izahatının alınmadığını, barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qüvvədə olan 15 sentyabr 2021-ci il tarixli qərarın qüvvədə olmasına baxmayaraq inzibati xətaya dair məsuliyyətə cəlb etmə müddətinin keçməsinə don geyindirmək məqsədi ilə ikinci dəfə 06 may 2022-ci il tarixdə yenidən eyni fakt üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildiyini, inzibati xətanın törədildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 aylıq məsuliyyətə cəlb etmə müddətinin keçdiyini qeyd edərək Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin rəisi, polis-polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (vəkil) Vəkil şikayətin məzmununa uyğun izahat verərək həm inzibati xətanın törədildiyi, həm də “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ilk qərarın qəbul edildiyi gündən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini qeyd edərək X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin rəisi, polis-polkovnikleytenantı Yunis Ələsgərov tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın törədildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddələsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki işin hallarından görünür ki, müvafiq inzibati xəta 25 iyun 2021-ci il tarixdə baş vermiş və inzibati xətanın törədilməsindən artıq 01 ildən artıq müddət keçmişdir. Məhkəmə, həmçinin, onu da qeyd edir ki, hətta 01 illik müddət keçməmiş olsa idi belə, hazırki fakt üzrə “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair ilk qərar 15 sentyabr 2021-ci il tarixdə qəbul edildiyindən və həmin qərarın qəbul edilməsindən 03 ay müddət keçdiyindən X1 inzibati məsuliyyətə cəlb edilməsi hər bir halda istisna olunurdu. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair 06 may 2022-ci il tarixli qərara münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan qərar olduğu halda cinayət işinin başlanmasının rədd edilməsi haqqında yeni qərarın qəbul edilməsi, eyni əmələ görə iki dəfə inzibati xəta haqqında protokolun tərtib edilməsi müvafiq olaraq həm cinayət, həm də inzibati xətalar qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etməklə yolverilməzdir. Odur ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin rəisi, polis-polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 02 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin rəisi, polis-polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 02 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3966/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3966/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver