Məhkəmə qərarları › İş №3(008)-4/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Zeynallı Günay Alim qızının katibliyi ilə, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 03 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 23:21-də “TOYOTA COROLLA” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmiş, o, polis əməkdaşlarının onu pivə qoxusu gəldiyi üçün saxladığını, özünün 0 faizli alkoqolsuz pivə qəbul etdiyini, polis əməkdaşının xüsusi texniki vasitənin göstəricilərini əks etdirən İN-642042 nömrəli sənədi ona təqdim etmədiyini, polis əməkdaşları onun barəsində protokol tərtib edərkən onlara həkimə getməyə ehtiyacının olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman sərxoş vəziyyətdə olmadığını bildirmişdir. O daha sonra özü həkim müayinəsindən keçərək sərxoş vəziyyətdə olmadığı ilə bağlı protokolu məhkəməyə təqdim etmiş və barəsində tərtib olunmuş inzibati xəta barədə protokolun təmin edilməməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 23:21-də “TOYOTA COROLLA” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:19-da “TOYOTA” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ace-z” markalı İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuş, özü də cihazın göstəricisi ilə razılaşaraq həkimə getməyə ehtiyacının olmadığını bildirmişdir. Xüsusi texniki vasitənin göstəricilərini əks etdirən İN-642042 nömrəli sənədin surətindən görünür ki, Şəxs müayinə nəticəsində alkoqolun miqdarı 0,660 % olmuşdur. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 03 dekabr 2024-cü il tarixli, 375-YPX nömrəli aktdan görünür ki, 03 dekabr 2024-cü il tarixdə, saat 23:20-də Şəxs “TOYOTA” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və müvafiq nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İXM-nin 96.1.4-cü maddəsi ilə mühafizə olunan duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş 04 dekabr 2024-cü il tarixli, 1/11174 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs ayıqdır və alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün iş materiallarında olan və məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə yanaşı, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixli 1/11174 saylı AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin protokolunu təqdim edərək göstərmişdir ki, hadisədən qısa vaxt sonra özü şəxsən həkimə müraciət etmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 01:39-da müayinə edilərək ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol xx.xx.2024-cü il tarixdə saat 23:21-də tərtib edilmiş, Xüsusi texniki vasitənin göstəriciləri 23:18-də qeydə alınmış və alkoqolun miqdarı 0,660 % olmuşdur. Bundan əlavə Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol xx.xx.2024-cü il tarixli protokolda maşını sürərkən YPX əməkdaşı tərəfindən saxlanıldığını, yoxlama zamanı ondan spirtli içki qoxusu gəldiyini və buna görə də həkimə getməyə ehtiyac duymadığını qeyd edərək, bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi Şəxs tərəfindən təqdim edilmiş Protokolla tərtib edilmiş protokol arasında təxminən 1 saat 20 dəqiqə fərqin olması(23:21--01:39), həmin müddətdə spirtli içkinin bədəndən çıxma ehtimalının olması, onun həkim müayinəsinə ehtiyacının olmadığını qeyd etməsi məhkəməyə əsas verir ki, Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1/11174 saylı AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsinin protokolu mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs xüsusi texniki vasitənin göstəricilərini əks etdirən aparatın göstəriciləri ilə razı deyildisə, həkim müayinəsinə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar