Məhkəmə qərarları › İş №3(008)-4064/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4064/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4064/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) Şəxs tutularaq X4 ödənilməsi qərara alınmış, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X7 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) Şəxs tutularaq X4 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Şəxs təqdim etdiyi apellyasiya və kassasiya şikayətlərinə baxılması ilə əlaqədar olaraq icra sənədi üzrə icraat müvəqqəti olaraq dayandırılmış, lakin 2025-ci ilin iyun ayında icraat yenidən bərpa edilmişdir. 13 iyun 2025-ci il tarixdə Şəxs icra şöbəsinə yaxınlaşması ilə bağlı yazılı bildiriş göndərilmiş, eyni zamanda mobil nömrəsinə SMS vasitəsilə məlumat verilmişdir. Lakin Şəxs həmin tarixdə icra orqanına gəlməmişdir. 02 iyul 2025-ci il tarixdə Şəxs telefon zəngi vasitəsilə müraciət edilərək icra şöbəsinə dəvət olunmuş, Şəxs isə işlərinin olduğunu əsas gətirərək növbəti gün yaxınlaşacağını bildirmişdir. 03 iyul 2025-ci il tarixdə, saat 11 radələrində Şəxs icra orqanına gəlmiş, ona icra sənədinin icraya yönəldilməsi barədə məlumat verilmişdir. Lakin, həmin vaxt Şəxs tərəfindən icra sənədi üzrə hər hansı bir məbləğin könüllü ödənilməsi təklif edilməmiş, əvəzində əmək haqqısından tutulma aparılmasını istədiyini bildirmişdir. Araşdırma zamanı Şəxs aylıq əmək haqqısının 400 (dörd yüz) manat olduğu müəyyən edilmiş, lakin tələbin təmin olunması üçün tələbkar hər ay 200 (iki yüz) manatın ona ödənilməsi ilə razılaşmamışdır. Göstərilən halları nəzərə alaraq, Şəxs icra sənədinin tələblərini könüllü şəkildə yerinə yetirməməsi faktı üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) ondan tutularaq X4 ödənilməsi qərara alınmışdır. Onun təqdim etdiyi apellyasiya və kassasiya şikayətlərinə baxılması ilə əlaqədar olaraq icra sənədi üzrə icraat müvəqqəti olaraq dayandırılmış, lakin 2025-ci ilin iyun ayında icraat yenidən bərpa edilmişdir. Lakin qeyd olunan tarixdən etibarən ona icra sənədləri üzrə icra şöbəsinə çağırılma barədə poçt vasitəsilə və ya SMS yolu ilə hər hansı bir bildiriş təqdim edilməmişdir. 2025-ci ilin 2 iyul tarixində icra şöbəsinə dəvət edilmiş, həmin gün işlərinin olması səbəbindən icra şöbəsinə 3 iyul tarixində gələcəyini bildirmişdir. 03 iyul 2025-ci il tarixində icra şöbəsinə gəldiyi zaman tələbin icra olunmasının vacibliyi, əks halda inzibati protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq verilmişdir. Həmin vaxt şəxs icra məmuruna əmək haqqı aldığını və tələbin əmək haqqından tutulması qaydasında icra edilməsini təklif etmiş, lakin bu təklif icra məmuru tərəfindən qəbul edilməmişdir. O, icra vərəqəsinin icrasından imtina etmir, lakin hazırki maddi vəziyyəti icra sənədini tam şəkildə icra etməyə imkan vermir. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) Şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. Şəxs təqdim etdiyi apellyasiya və kassasiya şikayətlərinə baxılması ilə əlaqədar olaraq icra sənədi üzrə icraat müvəqqəti olaraq dayandırılmış, lakin 2025-ci ilin iyun ayında icraat yenidən bərpa edilmişdir. Şəxs tərəfindən məhkəmə tərəfindən verilmiş icra vərəqəsi lazımi qaydada icra edilmir. Şəxs müxtəlif bəhanələr gətirməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınır. Əlavə olaraq qeyd edir ki, Şəxs müxtəlif ünvanlarda yerləşən əmlakı olduğu halda, həmin ünvanların çoxu başqa şəxslərin adına rəsmi şəkildə qeydiyyata alınmışdır. Şəxs digər iki nəfərlə şərikli şəkildə bina tikirlər. Həmin binadan evləri var və kommunal müqavilələri də onun adınadır. Mənim həmin evlərdən xəbərdardar olduğumu bildikdə öz adını həmin MTK-da briqadir kimi yazdırdı ki, mənzillərin onun olması anlaşılmasın. Biz nikahda olduğumuz müddətdə də elə bu işlə məşğul idi və gəliri 40-50 min manat olurdu. Bütün bunlar icra prosesinin effektivliyinə maneə törədir və hüquqi prosedurların düzgün aparılmasına ciddi əngəl yaradır. Yuxarıda göstərilən hallar nəzərə alınaraq, məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi və icra vərəqəsinin yerinə yetirilməsi üçün lazımi addımların atılması xahiş olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) Şəxs tutularaq X4 ödənilməsi qərara alınmış, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.000 (on min) manat pulun 1/2 hissəsini təşkil edən 5000 manat (beş min) Şəxs tutularaq X4 ödənilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1138/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlama haqqında qərarın surəti Şəxs göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkəmə qətnaməsi və onun əsasında tərtib edilmiş icra vərəqəsi hüquqi qüvvəyə malik, icrası məcburi olan sənəddir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.3 və 28.1-ci maddələri: Qanuni qüvvəyə minmiş məhkəmə aktları və digər icra sənədləri icra edilməlidir. İcra məmuru tərəfindən təqdim edilən tələblər qanunla qorunur və borclu həmin tələbləri icra etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsinə “Məhkəmə qərarlarının, qətnamələrinin, qərarlarının, sərəncamlarının və digər icra sənədlərinin icrasından, eləcə də məhkəmənin icraatda olan tələblərinin yerinə yetirilməsindən qərəzli şəkildə imtina edilməsinə görə fiziki şəxslər inzibati məsuliyyət daşıyır.” Borclunun davranışı sadəcə passivlik deyil, bilərəkdən və məqsədyönlü olaraq icranın qarşısını almaq cəhdidir. Aşağıdakı hallar bu qərəzliliyi təsdiqləyir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədindən və məhkəmə qərarından xəbərdardır, çünki icra orqanı tərəfindən rəsmi bildirişlər təqdim olunmuşdur. İcra müddətində və sonrakı mərhələdə də könüllü şəkildə ödəniş etməmişdir. İcra məmurunun çağırışlarına məhəl qoymayaraq icra prosesinə mane olmuşdur; Əmək haqqından tutulma istəmiş, lakin buna dair konkret razılaşma yaratmamışdır. Bu hallar — sadəcə imkan olmaması deyil, niyyətli şəkildə icradan yayınma deməkdir və qərəzli imtina elementlərini sübut edir. Azərbaycan məhkəmələri də bu cür hallarda qərəzli imtinanın inzibati məsuliyyət doğurduğunu qeyd edir. Məhkəmə təcrübəsində aşağıdakı hallar qərəzli imtina hesab edilir: Borclunun icra sənədindən xəbərdar olduğu halda icra etməməsi, icra orqanının çağırışlarından yayınması, məcburi icra tədbirlərinə imkan verməməsi; Bu presedentlər Xəlilovun davranışına tam uyğun gəlir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədindən xəbərdar olunduğu halda, onun tələblərini bilərəkdən, məqsədyönlü və əsassız şəkildə yerinə yetirilməmişdir. İcra sənədi icraya təqdim edilmiş, rəsmi qaydada icraata qəbul olunmuş və borcluya bildiriş təqdim edilmişdir. Borclu icra sənədinin mövcudluğundan və tələbindən rəsmi olaraq xəbərdardır. Borcluya könüllü icra üçün vaxt verilsə də, bu müddət ərzində heç bir ödəniş etməmişdir. Borclu əmək haqqısının 400 manat olduğunu bildirmiş, əmək haqqısından tutulma istəyini irəli sürmüş, tələbkar isə hər ay 200 manat ödənilməsinə razı olmamış, borclu isə ödəniş etməyə təşəbbüs göstərməmişdir. Bu, məsuliyyətdən yayınmaq və icranı taktiki yollarla əngəlləmək cəhdidir. Şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin tələblərini yerinə yetirməməsi, icra sənədinin tanınmasına baxmayaraq, könüllü icradan yayınması, icra orqanının çağırışlarına əməl etməməsi, ödənişdən məqsədli şəkildə yayınması birlikdə İXM-nin 528.1-ci maddəsinin tətbiqi üçün əsas yaradır. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəməyə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Göstərilən hallar onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən sonra ümumiyyətlə heç bir ödəniş etməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar