Məhkəmə qərarları › İş №3(008)-4065/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4065/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4065/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi 26 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Hacılar ərazi dairəsi, Hacılar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 04 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1489/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50 manat alimentin cavabdeh Şəxs tutularaq X4 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə borclunun protokol tərtib olunan tarixə 9000 manat aliment borcu vardır. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ildə həbsdən azad olunmuşdur. Ondan sonra imkanı olduqca ödənişlər etmişdir. Özü tarix müəllimdir, fərdi qaydada tarix fənni üzrə uşaq hazırlaşdırır. 2024-cü ildə keçmiş həyat yoldaşı həbs olunduğundan uşaqları o, himayəsinə götürmüşdür. Təxminən 1 həftə bundan öncə böyrək daşından əməliyyat olunmuşdur. Borcu tam ödəməyə maddi imkanı yoxdur. Ayda 1000 manat olaraq hissə-hissə borcunu ödəyə bilər. Məhkəmədən səhhətini, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu 2022-ci ildə həbsdən çıxdıqdan sonra cəmi bir dəfə ödəniş etmişdir. 2023-cü ildə isə yalnız fevral ayında 50 manat ödəniş etmişdir. Ondan sonra yalnız icra məmuru vasitəsilə tələb etdikdə 2024-cü ildə və 2025-ci ildə davamlı şəkildə olmadan müxtəlif tarixlərdə hissə-hissə ödənişlər etmişdir. Yalnız icra məmurunun vasitəsilə tələb etdikdə ödənişlər etmişdir. Aliment borcunun ödənilməsini tələb edir. Borclunun aliment ödəməyə imkanı olmasına baxmayaraq aliment ödəməkdən qəsdən yayınır. Məhkəmədən alimentin ödənilməsini, ödəmədiyi halda barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi 26 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, borclu aliment ödəməkdən yayınmamışdır. Himayəsində iki azyaşlı uşağı, anası vardır. Tam olmasa da, imkanı çatdıqca hissə-hissə aliment ödənişlərini həyata keçirmişdir. Təxminən bir həftə bundan əvvəl cərrahi əməliyat olunmuşdur. Borclu barəsində axtarış olduğunu biləndə onunla birlikdə icra şöbəsinə yaxınlaşmışdır. Borclu nə alimneti ödəməkdən, nə də icra məmurunun çağırışlarından yayınmışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1489/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X2 xeyrinə, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində və xx.xx.2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanmaları üçün hər ay 50 manat olmaqla alimentin tutulması qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1489/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Laçın rayonu, Hacılar ərazi dairəsi, Hacılar kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar