Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4072/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, sürücü kimi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 11 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(008)-2403/2021 saylı, 17 noyabr 2020-ci il tarixli, e-2(008)-6234/2020 saylı, 06 may 2021-ci il tarixli, e-2(008)- 2192/2021 saylı saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, şəxs icra məmurunun zənglərinə cavab verməmiş, qərəzli olaraq çağırışlara gəlməmişdir. Bununla yanaşı, o, illlərdir ki, icra vərəqələrində göstərilmiş borc məbləğlərini tam ödəmir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 2 aydır ki, taksi sürücüsü kimi işləyir. Son 04 aydır ki, “İrşad Telecom”a ödənişlər edir. "xxxx" MMC-yə olan borcundan isə cəmi 300 manat qalmışdır. Yaxın zamanda borcu tam ödəyəcəkdir. Xahiş edir ki, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 bu günədək borcdan çox az miqdarda ödəniş edildiyini, Şəxs şikayətçi olduqlarını, məhkəmə qətnaməsinin icrasını tələb etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(008)- 2403/2021 saylı icra vərəqəsindən görünür ki, 01 oktyabr 2019-cu il yatixli müqavilə üzrə 2315 manat ödənilməmiş hissə, 50 manat dəbbə, cəmi 2365 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs Salman oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 05 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(008)-2403/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2(008)- 6234/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə ********* nömrəli, 21 iyul 2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1099 manat əsas borc, 274 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, 1403 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 09 mart 2021-ci il qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2(008)-6234/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2(008)- 2192/2021 saylı saylı icra vərəqəsindən görünür ki, Şəxs 28 oktyabr 2019-cu il tarixli, RGTK1577436A120 saylı kredit müqaviləsi üzrə 2272.74 manat əsas borc, 571.33 manat faiz borcu olmaqla, cəmi 2844.07 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində tutularaq iddiaçı "xxxx" ASC-yə xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 15 iyul 2021-ci il tarixli tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(008)-2403/2021 saylı, 17 noyabr 2020-ci il tarixli, e-2(008)-6234/2020 saylı, 06 may 2021-ci il tarixli, e- 2(008)-2192/2021 saylı saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” 06 may 2021-ci il tarixli, e-2(008)-2192/2021 saylı saylı icra vərəqələri bir icraatda birləşdirilmişdir. “Borclunun axtarışı haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs 11 iyun 2024-cü il tarixli izahatlarında görünür ki, o, izahatında göstərmişdir ki, maddi sıxıntı səbəbindən borcu tam ödəyə bilməmiş, bacardığı qədər qismən ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işsizlik səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının icrasız qalmasının üzrlü halı qiymətləndirilməsinin mümkün olmadığını qeyd edir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bu isə onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini tam təmin etməmiş, ötən uzun müddət ərzində çox az miqdarda qismən ödəniş etmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4072/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4072/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver