Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4077/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Sabunçu Rayon Dövlət X6 TP seriyalı ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sabunçu Rayon Dövlət Yol X4 Polkovnik-leytenantı X2 tərəfindən 14 iyun 2025-ci il tarixdə tərtib edilmiş, TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərarda, onun 04 iyun 2025-ci il tarixdə, saat 09:20 radələrində, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində VAZ 21043 markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyə və əlavə olaraq, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına yol verdiyi qeyd edilmişdir. 04 iyun 2025-ci il tarixdə, saat 09:20-də, o, VAZ 21043 markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanacaqdoldurma məntəqəsindən yola çıxmaq istəyərkən yol polisi əməkdaşı tərəfindən "saxla" əmri verilmiş və vətəndaş da bu əmri yerinə yetirərək avtomobilini saxlamışdır. Saxlanılma səbəbini soruşduqda, yol polisi inspektoru tərəfindən alkoqol testi (alkotest) tələb edilmiş və vətəndaş da qanunvericiliyə riayət edərək bu tələbi yerinə yetirmişdir. Test nəticəsində onun alkoqol qəbul etdiyi qeyd olunmuşdur. Test nəticələrinə etiraz edərək, heç bir spirtli içki qəbul etmədiyini və sərxoş olmadığını bildirmişdir. O, bu halın obyektiv araşdırılması məqsədilə dərhal Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və saat 11:45-də tibbi müayinədən keçmişdir. Müayinənin nəticələrinə əsasən, onun spirtli içkilərdən istifadəsi və sərxoşluğu təsdiqlənməmişdir. Onun barəsində inzibati protokol birbaşa hadisə yerində deyil, əvvəlcə Sabunçu Rayon Dövlət X9 dəvət edilməklə orada tərtib edilmişdir. Bu zaman onun hüquqlarına zidd olaraq DYP əməkdaşları tərəfindən özlərini təqdim etmə öhdəliyinin yerinə yetirilməməsi – Yəni vətəndaşın qarşısında xidməti vəsiqə təqdim edilməmiş, əməkdaşların şəxsiyyəti aydın şəkildə bildirilməmişdir. Heç bir əsas olmadan nəqliyyat vasitəsinin saxlanılması və alkoqol testi tələbinin irəli sürülməsi – bu halda nə vətəndaşın hərəkətində pozuntu olduğu bildirilmiş, nə də şübhə doğuran konkret əsas göstərilmişdir. Sərxoşluq vəziyyətinin müayinəsi zamanı da X10 əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə zidd hallara yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparıiarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Sərxoşluq vəziyyətinin ilkin müayinəsi zamanı X10 əməkdaşı tərəfindən alkotester vasitəsilə aparılan yoxlama qanunvericiliyin tələblərinə zidd olaraq hal şahidlərinin iştirakı təmin edilmədən həyata keçirilmişdir. Halbuki, belə hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və aidiyyəti normativ sənədlər əsasında hal şahidlərinin iştirakı mütləq şərt kimi nəzərdə tutulur. Əgər hal şahidlərinin iştirakı təmin olunsaydı, aparılan prosesin qanunauyğunluğu təmin edilə bilər, eləcə də polis əməkdaşının qeyri-obyektiv və etibarsız addımlarının qarşısı alınardı. Onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə istifadə olunan alkotester cihazının saz və yararlı texniki vəziyyətdə olmasını təsdiq edən heç bir sənəd, sertifikat və ya texniki baxışa dair məlumat "Sərxoşluğun müayinəsi barədə protokol"da öz əksini tapmamışdır. "Belə olan halda hesab edir ki, həmin alkotesterin düzgün müayinə aparması şübhə doğurur. Çünki qeyd olunan texniki vasitə spirtli içki qəbul etməmiş şəxsin – onun barəsində yanlış nəticə göstərərək, sərxoş vəziyyətdə olduğunu müəyyən etmişdir." Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qaydaların 2.6-cı bəndində isə qeyd edilir ki, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə məsələsinə dair bildirir ki, barəsində inzibati protokol tərtib edilərkən ona əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməsi ilə bağlı heç bir məlumat verilməmişdir. Bu barədə məlumatı o, yalnız inzibati xəta haqqında qərarı aldıqdan sonra öyrənmişdir. Lakin bu hal tamamilə yanlışdır və müdafiə olunan şəxs belə bir inzibati pozuntuya yol vermədiyini qəti şəkildə bəyan edir. X10 əməkdaşları bu pozuntu barədə qərarda heç bir sübut – sənəd, foto və ya video material təqdim etmədən, onun guya əks istiqamətli hərəkət zolağına çıxaraq qaydaları pozduğunu qeyd etmişlər. Aydın olduğu kimi, təqdim edilmiş protokol heç bir sübuta əsaslanmamış, bununla belə, həmin əsassız protokol əsasında inzibati qərar qəbul olunmuşdur. Hesab edir ki, inzibati xəta törədilməsini sübut etmək bu barədə protokol tərtib edən orqanın vəzifəsidir. Əgər hər hansı sübut təqdim edilmirsə, şəxsin inzibati məsuliyyətə cəlb olunması hüquqi cəhətdən əsassız və qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, iştiraklarının təmin edilməsi məqsədilə məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq qərar qəbul etmiş Sabunçu Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sabunçu Rayon DYPŞ-nin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Sabunçu Rayon DYPŞ-nin əməkdaşı onunla əlaqə yaradılarkən məhkəmə iclasında iştirak etməyəcəklərini və məhkəməyə təqdim edəcək heç bir materialın olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 1/5466 nömrəli, 04 iyun 2025-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X3 04 iyun 2025-ci il tarixdə tibbi müayinədən keçilmiş ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətin hüquqi dövlət olduğunu təsbit edir. Hüquqi dövlət quruculuğunun ən vacib tərkib hissələrindən biri isə ədalətin təmin edilməsidir. Bu, məhkəmə-hüquq sistemində təqsirsizlik prezumpsiyası, sübutetmə yükünün bölüşdürülməsi və şəffaf məhkəmə proseslərinin keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi şəxsə inzibati məsuliyyətə cəlb edilməklə bağlı ən əsas hüquqi qorumanı verir – təqsirsizlik prezumpsiyasını. Bu maddəyə görə, şəxsin öz təqsirsizliyini sübut etmək öhdəliyi yoxdur, əksinə təqsirlilik sübut edilməlidir. Bu prinsip həm Konstitusiya (məsələn, 63-cü maddə – şəxsin hüquq və azadlıqlarının toxunulmazlığı), həm də beynəlxalq hüquq (AİHM-in 6-cı maddəsi) ilə təsdiqlənir. Təqsirsizlik prezumpsiyası hüquqi təhlükəsizliyi və insan ləyaqətini qoruyur, şəxsə özünü müdafiə hüququnu təmin edir. İnzibati proses, məhkəmənin inzibati xətalar üzrə işləri araşdırması və həlli üsullarını tənzimləyir. Burada hüquq normaları həm inzibati hüquq, həm də prosesual hüquq qaydalarına əsaslanır. Sübutetmə yükü – bir tərəfin iddiasını və ya faktiki halları məhkəmə qarşısında təsdiq etmək öhdəliyidir. İXM-in 8-ci maddəsi və ümumi hüquq prinsiplərinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Buna görə də, sübutetmə yükü inzibati protokol tərtib edən orqanın üzərindədir. Yol Polisi idarəsi konkret inzibati xətanın mövcudluğunu sübut etməli, yəni protokolda əks olunmuş faktları etibarlı dəlillərlə təsdiq etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci və 61-ci maddələrinə, həmçinin Konstitusiya prinsiplərinə, beynəlxalq hüquq normalarına və məhkəmə təcrübəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsə qarşı irəli sürülən ittihamların sübut edilməsi dövlət orqanının öhdəliyidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi, şəxsə qarşı təqsirin sübut olunmaması deməkdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin hüquqlarının tam qorunması üçün dövlət orqanları sübut yükünü tam şəkildə yerinə yetirməli, məhkəmə isə sübutlara əsaslanan ədalətli və qanuni qərar qəbul etməlidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi inzibati xətanın mövcudluğunu təsdiq etməyə imkan vermir. Prosedur pozuntuları və sübutların təqdim edilməməsi şəxsin hüquqlarının pozulması sayılır və ədalətli məhkəmə prinsipinə uyğun olaraq məsuliyyətdən azad olunmasına gətirib çıxarır. Bu səbəbdən, Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Sabunçu Rayon Dövlət X6 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4077/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4077/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver