Məhkəmə qərarları › İş №3(008)-4080/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4080/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4080/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Ebrahim Samadi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ebrahim Samadi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidməti "xxxx" MMC-nin işçisi X1 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı tərəfindən hadisə baş verdiyi gün məlumatın X10 Xidmətinə bildirilmədiyi əsas gətirərək, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edib, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən barəsində 1200 (min iki yüz) AZN məbləğində inzibati cərimə tətbiq etmişdir. Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Belə ki, X4 şirkətdə işlədiyi müddətdə dəfələrlə halı pisləşmiş və bir müddət sonra sakitləşmişdir. Həkim müayinəsindən mütəmadiı keçir və müalicəsini davam etdirir. Videogörüntülərdən də məlum olur ki, şəxs baş nahiyəsini tutur və anidən yıxılır. "xxxx" MMC-nin Masallı mağazasının əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım çağırılaraq, xəstəxanaya aparılmış və həkim tərəfindən zəruri tibii müayinələr aparılmışdır. Hadisənin istehsalatla birbaşa əlaqəsinin olmadığını və əmək funksiyasını icra etməsi ilə əlaqəli olmadığını zənn edərək, X10 Xidmətinə məlumat verilməmişdir. İnzibati orqan X10 Xidməti iş materiallarında qeyd edilən şəxsin istehsalatda baş vermiş bədbəxt hadisə ilə onun anidən halının pisləşməsi, əmək funksiyasını yerinə yetirdiyi vəziyyətdə halının pisləşməsini aydınlaşdırmamış, zəruri olan tibbi ekspertizanı və ya tibbi həkim rəyini almamışdır. Göründüyü kimi baş vermiş hadisə ilə istehsalatda əmək funksiyasını icra etdiyi zamanda xəsarət alması arasında heç bir səbəbli əlaqəsi yoxdur. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında 27 saylı qərarının 28 fevral 2000-ci il tarixli 1.3-cü maddəsində qeyd edilmişdir ki, İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraatı aparan inzibati orqan (X10 Xidməti) iş üzrə əhəmiyyət kəsb edən halları lazımi qaydada araşdırmadan, həmin halları sübuta yetirmədən əsassız olaraq inzibati məsuliyyət müəyyən edən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və onlara hüquqi qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə məxsusdur. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi barədə X10 Xidmətinə dərhal məlumat verilməsi öhdəliyi nəzərdə tutulur. Bu öhdəlik hadisənin başvermə faktı qeydə alındığı andan etibarən işəgötürənin üzərinə düşür. Hadisə barədə daxil olmuş məlumat əsasında X10 Xidməti tərəfindən ilkin qiymətləndirmə aparılır. Əgər hadisə istehsalatla bilavasitə bağlıdırsa, qanunvericiliyin tələblərinə uyğun olaraq, Xidmət tərəfindən araşdırma başlanılır və müvafiq rəy tərtib olunur. Əgər araşdırma nəticəsində hadisənin istehsalat fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən edilərsə, X10 Xidməti tərəfindən əlavə araşdırma aparılmır və işə xitam verilir. Şirkət tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktı barədə X10 Xidmətinə hər hansı məlumat verilməmiş, bu hal şəxsin öz şikayətində də qeyd olunmuşdur. Hadisə barədə ilkin məlumat Xidmətə tibb müəssisəsi tərəfindən təqdim olunmuşdur. Bu səbəbdən 05 aprel 2025-ci il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasına rəsmi sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olmuş 16 aprel 2025-ci il tarixli məktubda qeyd edilir ki, zərərçəkmiş şəxsə “qapalı kəllə-beyin travması” diaqnozu qoyulmuşdur. Lakin cavab məktubunda hadisənin istehsalatla bağlı olub-olmaması barədə hər hansı məlumatın olmadığı qeyd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs xəsarəti huşunu itirmə nəticəsində almışdır. Qeyd olunan hal xüsusilə diqqətə alınmalı və bu barədə X10 Xidmətinə məlumat verilməsi zəruridir. Belə məlumatın təqdim olunması, huşsuzluq halının səbəblərinin yəni, bunun əvvəlcədən mövcud olan hər hansı tibbi vəziyyətlə əlaqəli olub-olmamasının, yaxud əmək funksiyasını yerinə yetirərkən baş verməsinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, bu barədə Xidmətə heç bir məlumat təqdim edilməmişdir. Bu hal müvafiq araşdırmanın vaxtında və tam şəkildə aparılmasına, eləcə də, hadisənin istehsalatla bağlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsinə maneə törətmiş və Xidmətin araşdırma aparmaq hüququnu məhdudlaşdırmışdır. Qeyd olunan hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi xahiş edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Ebrahim Samadi barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Masallı Rayon Mərkəzi Xəstəxaqnası” X12 16 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 05 aprel 2025-ci il tarixdə saat 10:58 radələrində “Respublika Təcili və X6 Mərkəzi” X12 Masallı TTTY bölməsi üzrə Mərkəzi Çağrı Xidmətinə “103” Masallı rayonu “Bazar Store” supermarket ünvanından ***-***-**-** əlaqə nömrəsi vasitəsilə çağırış daxil olmuşdur. Çağırışı icra edən Masallı TTTY bölməsi X2 müayinə edərk, başın təpə nahiyyəsində şişkinlik aşkar etmiş, ilkin olaraq “Qapalı kəllə beyin travması” diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərilərək müayinə olunmaq məqsədi ilə Masallı Rayon Mərkəzi Xəstəxaqnasının acil şöbəsinə hospitalizasiya olunmuşdur. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Masallı Rayon Mərkəzi Xəstəxaqnası” X12 16 aprel 2025-ci il tarixli məktubundan görünür ki, X3 05 aprel 2025-ci il tarixdə “başın ənsə nahiyyəsinin dərialtı hematoması” diaqnzou ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12 Təcili yardım şöbəsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları təsdiq edilmişdir. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Belə ki, şikayətdə göstərildiyi kimi şikayət vermiş şəxsin şikayətində bildirdiyi kimi Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə pozuntu barədə bildirməməsi işin mübahisəsiz halı olmaqla, şikayət vermiş şəxsin şikayətdə göstərdiyi kimi həmin hal barədə qanunu bilməməsi və baş vermiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab edilməməsi səbəbindən xəbər veilrməməsi, onu inzibati qaydada məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və onlara hüquqi qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə məxsusdur. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi barədə X10 Xidmətinə dərhal məlumat verilməsi öhdəliyi nəzərdə tutulur. Bu öhdəlik hadisənin başvermə faktı qeydə alındığı andan etibarən işəgötürənin üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Ebrahim Samadinin şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə Ebrahim Samadi tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, Ebrahim Samadinin həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarsəinin 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar