Məhkəmə qərarları › İş №3(008)-4092/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4092/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4092/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Qazı-Məmməd (Hacıqabul) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi ev 39 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zabrat qəsəbəsində, Babək küçəsi ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkət edən “KİA Ceed” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə maddi zərər yetirilmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və barəsində inzibati protokol tərtib etmiş şəxsə lazımi qaydada məlumat verilsə də, tərəflər məhəkəmə iclasına gələməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Bununla da məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəməyə teleqram vuraraq səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli 975 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 ayağın İ barmağının əsas falanqasının çıxığı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlanlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X5 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Şəxs iş materiallarında olan izahatında göstərmişdir ki, “Toyota Prius” markalı, **- BF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, sabunçu rayonu, Zabrat qəsəbəsində üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman anidən gözünə gün düşdüyü üçün avtomobilin idarəetməsini itirərək qoşa xətti yarı yola çıxmış və qarşıdan gələn “Kia Ceed” markalı avtomobil ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Kürdəxanı qəsəbəsi istiqamətindən üzü şəhər istiqamətində hərəkətdə olan zaman “Tosoil” YDM-nin qarşısında qarşı tərəfdən hərəkət edən “Toyota Prius” markalı avtomobil anidən onun hərəkət zolağına çıxdığı üçün həmin avtomobil ilə toqquşmuşdur. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 04 iyun 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar