Məhkəmə qərarları › İş №3(008)-4108/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4108/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4108/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rza Qasımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sabirabad rayonu, Yolçubəyli Ə/D, Yolçubəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* nömrəli, 08 iyul 2025-ci il tarixli, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 08 iyul 2025-ci il tarixli, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı 21905289 nömrəli, 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bundan başqa, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rza Qasımov bildirmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə Sabunçu RPİ-nin PPX-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq, aidiyyəti üzrə polis şöbəsinə gətirilmiş, növbətçi hissəyə xidmətə cəlb olunmuş əməkdaş tərəfindən tərtib edilmiş raport əsasında təhvil verilmişdir. O, hadisənin başvermə anında hadisə yerində olmamış, baş verənlərlə bağlı bilavasitə müşahidəyə malik deyil. Bu səbəbdən, vətəndaşın saxlanılmasına səbəb olan konkret hallar, həmçinin hadisənin mahiyyəti barədə ətraflı məlumata malik deyil. Lakin verilmiş xidməti tapşırığa əsasən və bölmə rəhbərliyinin müvafiq göstərişi ilə, müvafiq hüquqi tədbirlərin görülməsi və mövcud qanunvericiliyə uyğun olaraq prosedurların davam etdirilməsi məqsədi ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, 07 iyul 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində qonaqlıqdan evinə qayıdarkən yolun kənarından səs-küy gəldiyini eşidərək hadisə yerinə yaxınlaşmış, orada bir qrup şəxsin polis əməkdaşları ilə mübahisə etdiyini müşahidə etdikdən sonra mobil telefon vasitəsilə videoçəkiliş aparmağa başlamışdır. Hadisə yerində olan qadınlardan biri polis əməkdaşlarına onun çəkiliş apardığını bildirmiş, bu barədə məlumat alan polis əməkdaşları dərhal həmin vətəndaşa yaxınlaşmışlar. O, çəkilişi dərhal dayandıraraq mobil telefonunu cibinə qoymağa çalışdığı zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən onun qolunu burub yerə yıxmış və onlardan biri üz nahiyəsinə xəsarət yetirmişdir. Qeyd edir ki, vətəndaş narkotik vasitələrdən istifadə etmir və hadisədən qısa müddət əvvəl Rusiya Federasiyasında səhhəti ilə bağlı təzyiq, mədə və əsəb sistemi ilə əlaqədar həkim müayinəsindən keçmiş, bu səbəbdən ona müəyyən reseptlər yazılmış və həmin dərmanları qəbul etmişdir. O, hadisə zamanı heç bir səs-küy salmamış, ictimai asayişi pozmamış və polis əməkdaşlarının qanuni tələblərinə qarşı tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, 07 iyul 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində polis əməkdaşları xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq, ərazidə olan iki şəxsin saxlanılmasına cəhd göstərmişlər. Həmin vaxt orada olan və əvvəllər şəxsən tanımadığı Şəxs sərxoş vəziyyətdə qanunsuz olaraq videoçəkiliş aparmışdır. Əməkdaşlardan biri ona yaxınlaşaraq çəkilişi dayandırmasını tələb etmiş, lakin o, bu qanuni tələblərə tabe olmamış və etirazını bildirmişdir. Daha sonra Şəxs avtopatrul vasitəsilə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təhvil verilmişdir. Onun hadisə zamanı Şəxs ilə heç bir birbaşa fiziki təması olmamış və xidməti fəaliyyət zamanı aldığı xəsarət digər bir şəxs tərəfindən yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, 2025-ci il iyul ayının 7-də gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində xidmət aparan zaman, yol kənarında iki nəfər şəxsin yüksək səslə danışdıqlarını müşahidə edib və ictimai asayişin pozulması ehtimalını nəzərə alaraq onlara yaxınlaşaraq özümüzü təqdim etdik. Həmin şəxslərlə ilkin ünsiyyət zamanı qazi olduqlarını bildirmiş, bu faktı əsas gətirərək onlara qarşı hörmətsizlik nümayiş etdirmiş və təhqiramiz ifadələr işlətdiklərinə görə 12-ci Polis Şöbəsinə dəvət olunmuşlar. Hadisə zamanı orada olan Şəxs xəbərdarlıqlarına baxmayaraq mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları tərəfindən ona videoçəkilişin məqsədi barədə sual verildikdə, o, videoçəkiliş aparmadığını bildirmişdir. Lakin əlavə araşdırmanın aparılması zərurəti yarandığından, Şəxs polis şöbəsinə dəvət edilmişdir. Şəxs ilkin olaraq polis şöbəsinə getməkdən imtina etmiş, təkrar edilən dəvətə isə aqressiv davranışla reaksiya vermiş, əməkdaşlara qarşı əl-qol atmaqla müqavimət göstərmiş, onları təhqir etməyə cəhd göstərmiş və fiziki güc tətbiq etməyə çalışmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş və tərtib edilmiş raport əsasında şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı 017060 nömrəli, 07 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyul 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 3986 nömrəli, 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Şəxs PGB (+) aşkar olunmuşdur. Lakin, Şəxs narkomaniya xəstəliynin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 4246 nömrəli, 17 iyul 2025-ci il tarixli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Şəxs PGB (+) aşkar olunmuşdur. Lakin, Şəxs narkomaniya xəstəliynin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Şəxs üzərində keçirilmiş müayinə zamanı PGB (+) maddəsinin aşkar olunması faktı təsdiqlənmişdir. Qeyd edək ki, PGB (pregabalin) — bəzi hallarda sui-istifadə olunan, güclü təsir edən maddələr siyahısına daxildir, lakin narkotik vasitə hesab olunmur. Qeyd edilən maddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxil edilmişdir. Eyni zamanda, PGB maddəsi narkotik vasitələrin və psixotrop maddələrin Siyahısında yer almır. Şəxs orqanizmində aşkar olunan PGB maddəsi güclü təsir edən maddə olmaqla yanaşı, istifadəsi yalnız müəyyən hallarda məhdudiyyətlərə tabe tutulur, lakin onun yalnız orqanizmdə olması faktı qanunsuz dövriyyə faktını sübut etmir. Müvafiq araşdırma zamanı PGB maddəsinin qanunsuz əldə olunması, saxlanılması, daşınması və ya yayılması faktları müəyyən edilməmişdir. Şəxsin maddədən tibbi məqsədlərlə istifadə etməsi ehtimalı da istisna olunmamışdır, xüsusilə də onun barəsində narkomaniya xəstəliyinin əlamətləri və bu xəstəlikdən əziyyət çəkməsi halları müşahidə edilmədiyindən. Maddənin yalnız orqanizmdə aşkar olunması faktı inzibati xəta tərkibinin yaranması üçün yetərli hüquqi əsas hesab edilə bilməz, Şəxsin narkomaniya xəstəsi olmaması, maddənin istifadəsinin tibbi məqsədlərlə və ya təsadüfi olması ehtimalı da məsuliyyəti istisna edən hallardandır. Bu səbəbdən, Şəxs əməlində inzibati xətanın tərkibi yoxdur və o, bu əsasla inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan başqa, məhkəmə iclasında araşdırılmış sübutlar, o cümlədən inzibati protokol, izahatlar və şahid ifadələri nəzərə alınmaqla, Şəxs əməllərinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (xırda xuliqanlıq) tələblərinə uyğun olub-olmaması qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq — ictimai yerdə şəxslərin sakitliyini pozan söyüş söymə, adamları təhqir etmə, ictimai asayişi pozan digər hərəkətlər bu maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs izahatında qeyd olunduğu kimi, o, hadisə yerində ictimai asayişi pozmadan, sadəcə videoçəkiliş aparmış, polis əməkdaşlarının qanunsuz saydığı müdaxiləsinə qarşı passiv formada reaksiya vermişdir. Onun tərəfindən söyüş söymə, kobud ifadələr işlətmə, digər şəxslərə qarşı yönəlmiş hər hansı təhqiramiz hərəkət və ya ictimai qaydanın pozulmasına yönələn konkret davranış sübut edilməmişdir. Şəxs ictimai yerdə baş verən hadisəni çəkilişə alması özü-özlüyündə hüquqazidd hal kimi qiymətləndirilə bilməz və bu, ictimai asayişin pozulması və ya xırda xuliqanlıq kimi hallarla eyniləşdirilə bilməz. Bundan başqa, Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq halları sübuta yetirilmədiyindən və faktiki olaraq polis əməkdaşlarının özlərini təqdim etmədikləri, zor tətbiq edərək şəxsi yerə yıxdıqları və bu zaman ona xəsarət yetirdikləri iddia olunduğundan, bu halın özü mübahisəli hüquqi qiymətləndirmə tələb edir. Əldə edilmiş sübutlar əsasında, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta — xırda xuliqanlıq əlamətləri mövcud deyildir. Əksinə, təqdim edilmiş izahatlar və şahid ifadələrinin ziddiyyətli olması, eləcə də obyektiv sübutların mövcud olmaması şəraitində şəxsin əməlinə hüquqi qiymət verilərkən onun təqsirsizlik prezumpsiyası və ifadə azadlığı hüquqları nəzərə alınmalıdır. Bu səbəbdən, inzibati xəta tərkibinin olmaması əsas götürülərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin tətbiqi üçün aşağıdakı hüquqi halların mövcudluğu tələb olunur: Polis əməkdaşının verdiyi tələbin qanuni və əsaslandırılmış olması; Tələbin aidiyyəti şəxsə açıq və aydın şəkildə çatdırılması; Şəxsin həmin tələbdən xəbərdar olması və bilərəkdən qəsdən tabe olmaması; Tabe olmama faktının polis əməkdaşının xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik törətməsi. Məhkəmə iclasında ifadə verən şahidlərin və digər sübutların təhlili nəticəsində müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə videoçəkilişin dayandırılması və polis şöbəsinə gətirilməsi barədə tələbə bilə-bilə və qəsdən tabe olmamış, polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına maneçilik göstərmişdir. Bu faktı həmçinin şahid ifadələri və hadisə yerində toplanmış digər materiallar təsdiq edir. Nəticə etibarilə, Şəxs davranışı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinə tam uyğun olaraq, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama və xidməti vəzifənin icrasına maneçilik kimi inzibati xəta tərkibini formalaşdırır. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması qəsdən xarakter daşıyır. Şahid ifadələrində bildirilir ki, o, videoçəkilişi dayandırmaqdan imtina etmiş, polis şöbəsinə getməkdən çəkindiyindən aqressiv davranış göstərmiş, polis əməkdaşlarına qarşı müqavimət nümayiş etdirmişdir. Bu cür hərəkətlər polis əməkdaşlarının xidməti vəzifələrini icra etməsinə maneçilik törətmişdir. Məcəllənin 535.1-ci maddəsinin şərhi və tətbiqi praktikasında da qeyd edilir ki, polis əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik yalnız formal tabe olmama ilə kifayətlənmir, həm də həmin tabe olmamanın qəsdən, bilərəkdən və müqavimət göstərmə ilə müşayiət olunması zəruridir. Faktiki hallar və şahid ifadələri əsasında müəyyən edilir ki, Şəxs əməlinin tərkibində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Bu maddənin tətbiqi ilə bağlı yuxarıdakı halların hər biri qanuni əsaslandırma ilə təsdiqlənmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama və onların xidməti vəzifələrinin icrasına maneçilik göstərilməsi şəxs tərəfindən qəsdən həyata keçirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin.. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar