Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4122/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Surdo tərcüməçi X3, Zərərçəkmiş şəxs X4 və onun nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-MTT(008)- 22/2022 saylı icra sənədinə əsasən X4 27 dekabr 2018-ci il təvəllüdlü X16 ilə hər həftənin şənbə və bazar günlərində gecə qalmaqla müvəqqəti ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra sənədi 10 fevra 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlama haqında qərar qəbul olunaraq icra edilməsi bildirişlə birlikdə borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Qeyd olunan qərar borclunun özü tərəfindən imza olunmaqla qəbul edilmişdir. Borclu bu günədək icra sənədinin icrasından yayınmış, dəfələrlə xəbərdar olunmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala surdo tərcüməçi vasitəsi ilə öz münasibətini bildirərək qeyd etmişdir ki, o, məhkəmə qərardadını icra etməyəcək. O, bilir ki, uşağın anası ilə görüşməsinə icazə versə X4 anası uşağın ona qaytarılmasına, o cümlədən, onun uşaqla ata kimi görüşməsinə icazə verməyəcək. Ona görə də məhkəmənin qərardadını icra etmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X1 Ziya Faiq oğlunun AR İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 nümayəndəsi X15 bildirmişdir ki, Sevinc Balakişiyeva artıq uzun müddətdir ki, uşağını görmür. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə 27 dekabr 2018-ci il təvəllüdlü X12 anası X4 himayəsinə verilməsi qət edilmişdir. Lakin hazırda Şəxs həmin qətnamədən apellyasiya şikayəti verdiyindən iş apellyasiya instansiya məhkəməsinin icraatındadır. Bu səbəbdən həmin qətnamə qanuni qüvvəyə minməmiş və Sevinc Balakişiyevanın ərizəsi əsasında Sabunçu Rayon Məhkəməsi tərəfindən müvəqqəti təminat tədbiri qismində X4 27 dekabr 2018-ci il təvəllüdlü X16 ilə hər həftənin şənbə və bazar günlərində gecə qalmaqla müvəqqəti ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. Lakin Şəxs həmin qərardadı icra etməməklə uşağın anası ilə ünsiyyət hüququnun həyata keçirilməsinə imkan vermir. Şəxs bu davranışı məhkəmə tərəfindən qəbul edilmiş qərarlara göstərilən hörmətsizliyin göstəricisidir. Son olaraq müdafiəçi Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 nümayəndəsinin söylədiklərini müdafiə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-MTT(008)- 22/2022 saylı icra sənədindən görünür ki, X4 27 dekabr 2018-ci il təvəllüdlü X16 ilə hər həftənin şənbə və bazar günlərində gecə qalmaqla müvəqqəti ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. İcraata başlama haqqında 10 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş və həmin qərarın surətinin Şəxs tərəfindən qəbul edilməsi öz imzası ilə təsdiq olunmuşdur. İcra məmuru tərəfindən tərtib edilmiş və G.Mustafayeva, F.Xeyirov, E.Bayramov və N.Əzizova tərəfindən imzalanmış aktdan görünür ki, borclu Şəxs icra məmurunun çağırışına gəlməmiş, onun yerinə atası Faiq Xeyirov gələrək oğlunun lal və kar olduğunu, oğlunun və nəvəsinin onun himayəsində olduğunu bildirmiş, icra məmuru ona icra vərəqəsinin məzmunu izah etdikdən sonra Faiq Xeyirovun “tələbkarın məqsədinin uşağı aparıb gətirməmək olduğunu, ona görə də uşağı anası ilə görüş gətirməyəcəyini və görüşə imkan verməyəciyini, Ziyanın da icra şöbəsinə gəlməsinə icazə verməyəcəyini” bildirmişdir. X12 11 may 2022-ci il tarixli izahatından görünür ki, Şəxs öz izahatında icra sənədi barədə xəbərdar olduğunu, uşağı aparıb bir daha ona qaytarmamasından qorxduğu üçün uşağı anasına vermədiyini bildirmişdir. 12 may 2022-ci il tarixli aktdan görünür ki, borclu və valideynləri X12 anası Sevinc Balakişiyeva ilə ünsiyyətdə olması üçün uşağı şöbənin inzibati binasına gətirməsinə söz versə də, uşağı gətirməmişdir.Telefon vasitəsi ilə borclu tərəflə əlaqə saxlandıqda uşağı gətirməyəcəklərini bildirmişlər. X12 13 may 2022-ci il tarixli izahatından görünür ki, Şəxs öz izahatında uşağın anası ilə görüşməsinə etiraz etdiyini, onların görüşməsinə şərait yaratmadığını, uşağı anası ilə görüşdürdüyü təqdirdə Sevinc Balakişiyevanın uşağı aparıb qaytarmayacağından ehtiyat etdiyini, bu səbəbdən uşağın anası ilə görüşməsinin əleyhinə olduğunu, bununla bağlı inzibati və cinayət məsuliyyətə daşımağa hazır olduğunu bildirmişdir. X12 18 iyul2022-ci il tarixli izahatından görünür ki, Şəxs həmin izahatında məhkəmənin qərarı ilə razı olmadığını, oğlunun anası ilə ünsiyyətdə olmasından və məhkəmə qərarının icrasından imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı, o cümlədən, yuxarıda sadalanan və iş materiallarında olan sübutlarla Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qərarını (qərardadını) üzürlü səbəblər olmadan icra etməməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hallar kimi əməlini etiraf etdiyini, fiziki cəhətdən qüsurlu olduğunu, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4122/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4122/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver