Məhkəmə qərarları › İş №3(008)-4128/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4128/2023

05.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4128/2023 05.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xəzər Məmmədlinin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə, ev 4 C-də qeydiyyatda olan və yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət. Şəxs 05 avqust 2023-cü il tarixdə, saat 02:45-də Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmuşdur. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Xəzər Məmmədli tərəfindən MN № ******* saylı, 05 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xəzər Məmmədli göstərmişdir ki, Vət. Şəxs 05 avqust 2023-cü il tarixdə, saat 02:45-də Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə tabe olmayaraq iş rejimini pozmuşdur. Raportla şöbə rəisinə müraciət olunmuş, həmin raport əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Həmin vaxt içkili olmuşdur. Polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur. Barəsində tərtib edilmiş protokolla razı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər, Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Görünyüdü kimi, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər dindirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü məhkəməyə təqdim olunmamışdır. İnziabti Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq iş materialları sübuta yetmir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar