Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4138/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi Niva Legend K markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində, “X3”un yaxınlığında hərəkətdə olarkən X4 Xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Yol Patrul Xidmətinin əməkdaşı xidməti 586 nömrəli nəqliyyat vasitəsi ilə arxa istiqamətdən yaxınlaşaraq avtomobili saxlamış və sənədlərini yoxlamışdır. Tərəfindən sənədlər təqdim olunduqdan sonra əməkdaş tərəfindən spirtli içki istifadəsi halı araşdırılmış, lakin hər hansı sərxoşluq dərəcəsi müəyyən edilməmişdir. Bunun ardınca əməkdaş avtomobilin arxa hissəsinə baxış keçirmiş, videoyazı çəkmiş və qeyri-rəsmi olaraq avtomobilin arxa yaylarının qızdırıldığı və buna görə avtomobilin arxa hissəsinin aşağı göründüyünü bildirmişdir. O, bu iddianı rədd etmiş, avtomobilin bu vəziyyətinin onun şəxsi çəkisi ilə bağlı olduğunu bildirmişdir. Bununla belə, avtomobil heç bir inzibati xəta protokolu tərtib edilmədən müvəqqəti duracağa aparılmışdır. Bu əsassız hərəkətlə bağlı DİN-in 102 və 902 çağrı mərkəzlərinə müraciət etsə də, nəticə əldə edilməmişdir. Nəhayət, 3 (üç) gün sonra — 23 iyun 2025-ci il tarixdə, saat 12:57-də 055 *** ** ** nömrəsinə göndərilən SMS bildirişlə, sürücü barəsində AR İXM-nin 342.5 və 342.2.2-ci maddələrinə əsasən, İXP ******* saylı, xx.xx.2025 tarixli protokola uyğun olaraq 150 manat məbləğində cərimə tətbiq edildiyi bildirilib. Halbuki SMSradar.ax platformasında yalnız 342.2.2-ci maddə göstərilməklə cərimə qeyd olunmuşdur. Onun qənaətinə görə avtomobilin müvəqqəti duracağa aparılması inzibati xəta olmadan və protokolsuz həyata keçirilmiş, protokolun tərtib olunması barədə qeydiyyat SMS-i 3 gün gecikmə ilə təqdim edilmişdir. Tətbiq edilən cərimə əsassız və qanunsuzdur, çünki faktiki olaraq heç bir inzibati xəta baş verməmişdir. Protokol və qərarın hüquqi əsasları və formalaşdırılması qaydaları qanunvericiliyin tələblərinə uyğun deyil. Tərəfindən heç bir inzibati xəta törədilmədiyindən, barəsində tərtib edilmiş İXP ******* saylı protokolun və həmin protokol əsasında qəbul olunmuş inzibati cərimə qərarının ləğv edilməsini və bu məsələ ilə bağlı qanunamüvafiq qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. 23 iyun 2025-ci il tarixli SMS bildirişdən görünür ki, sürücü barəsində AR İXM-nin 342.5 və 342.2.2-ci maddələrinə əsasən, İXP ******* saylı, xx.xx.2025 tarixli protokola uyğun olaraq 150 manat məbləğində cərimə tətbiq edildiyi bildirilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati icraatın iştirakçılarına inzibati tənbeh barədə qərar və digər materiallar ya şəxsən, ya da sifarişli poçt göndərişi ilə təqdim edilməlidir. Bu tələb: iştirakçıların hüquqlarının təmin olunması, inzibati icraatın şəffaf və ədalətli aparılması, iştirakçının hüquqlarını müdafiə etmək üçün zəruri sənədlərlə tanış olması üçün əsas şərtdir. Təqdim olunan məlumatlardan görünür ki, X2 barəsində inzibati tənbeh barədə qərar və protokol materialları ona təqdim edilməyib. Bu, İXM 57.1-ci maddəsinə zidd olmaqla, inzibati prosesin qanunsuz və ədalətsiz aparılması deməkdir. Bu pozuntu iştirakçının hüquqlarının kobud şəkildə pozulması, protokolun və qərarın qanuni qüvvəsinin şübhə altına alınması, hüquqi müdafiə imkanlarının məhdudlaşdırılması ilə nəticələnir. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Bu prinsip hüquqi dövlət quruculuğunun, ədalətin və qanunun üstünlüyünün təminatı olaraq, şəxsin hüquqlarının qorunmasına xidmət edir. Ona görə də, inzibati protokolun tərtib edildiyi və işin məhkəməyə göndərildiyi halda, həmin protokolu tərtib etmiş orqan (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi) işi sübut etməli, təqsirliliyi dəlillərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən, məhkəmə iclasına çağırılan şəxs və ya orqan müvafiq iclasa gəlmədikdə, bu hal məhkəmə tərəfindən qiymətləndirilir. Yol polisi idarəsinin məhkəmə iclasına gəlməməsi və sübutlar təqdim etməməsi sübut etmə yükünü yerinə yetirməməsi kimi qəbul edilir. Məhkəmə sübutların olmaması səbəbindən inzibati xətanın mövcudluğunu təsdiq edə bilməz. İnzibati işdə sübutların toplanması və qiymətləndirilməsi məhkəmə hakimiyyətinin əsas funksiyalarından biridir. Əgər inzibati protokolu tərtib edən orqan (yol polisi) məhkəmə iclasında iştirak etməyərək və heç bir sübut təqdim etməyərək sübut yükünü yerinə yetirmirsə, məhkəmə iş üzrə əsaslı qərar qəbul edə bilməz. İnzibati məsuliyyətə cəlb olunan şəxsin hüquqları, o cümlədən məhkəmədə bərabər iştirak etmək hüququ, qanuni müdafiə hüququ və prosedur normalarına riayət olunması təmin edilməlidir. Yol polisi idarəsinin məhkəmə iclasına gəlməməsi və sübut təqdim etməməsi bu hüquqların pozulmasına səbəb ola bilər. Məhkəmə həmin pozuntuları nəzərə alaraq, şəxsə qarşı irəli sürülən iddianı rədd etməlidir. Azərbaycan məhkəmə təcrübəsində inzibati məsuliyyətə dair işlərdə protokolu tərtib edən orqanın məhkəməyə təqdim etdiyi sübutlar əsaslı rol oynayır. Sübutların olmaması və ya protokolu tərtib edən orqanın məhkəmədə iştirak etməməsi işin rədd olunması ilə nəticələnir. Bu yanaşma hüquqi ədalət və insan hüquqlarının qorunması baxımından önəmlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati protokol və qərar barəsində tərtib olunan şəxsə təqdim edilməyib, bu da İXM 57.1, 61 və 125.2 maddələrinin tələblərinə ziddir, inzibati qərarın qüvvəyə minməsi üçün SMS məlumatlandırma gecikdirilib, İXM 57.6 maddəsinin tələbləri pozulub, iştirakçının hüquqları (məsələn, materiallarla tanış olmaq və izahat vermək) təmin edilməyib. Həmçinin, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirsizliyi əsas götürülür və onun sübut etməsi tələb olunmur. Sübut etmə yükü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (protokolu tərtib edən orqana) düşür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi və sübut təqdim etməməsi onun sübut etmə yükünü yerinə yetirməməsi deməkdir. Prosedur pozuntuları və sübutların təqdim edilməməsi şəxsin hüquqlarının pozulması sayılır. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP seriyalı, ******* nömrəli, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4138/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4138/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver