Məhkəmə qərarları › İş №3(008)-416/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-416/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-416/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu rayonu ərazisində Şəxs MMC-yə məxsus mağazaların tullantıların daşınması üçün müqavilələrin olmamışdır. (tullantıların emalı yerləri müəyyənləşdirilməmişdir). Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhət müfəttişi (qrup rəhbəri) X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sabunçu rayon ərazisində Şəxs MMC-yə məxsus mağazaların tullantıların daşınması üçün müqavilələri olmamışdır. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin Şəxs MMC-yə rəsmi şəkildə müraciətindən görünür ki, Şəxs MMC Tarif şurasının qərarına əsasən dəyişilmiş qiymətlərə uyğun ödənişləri həyata keçirmədiyi üçün onunla bağlanmış müqaviləyə xitam verilmiş və Sabunçu Rayon KTİ tərəfindən tullantıların daşınması xidməti dayandırılmışdır. Məhkəməyə təqdim olunmuş fotogörüntülərdən də görünür ki, Şəxs MMC tərəfindən tullantılar boş torpaq sahəsinə boşaldılır və ya yandırılır. Bu isə antisanitar vəziyyətin yaranmasına, ekoloji tarazlığın pozulmasına, insanların sağlamlığına mənfi təsir göstərilməsinə gətirib çıxarır. Bütün bunlar Şəxs MMC tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsini göstərir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəxs elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən, yəni digər məhkəmələrə də bir neçə proses təyin edildiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Odur ki, inzibati xətalara dair işə onların iştirakı olmadan baxaraq qərar verilməsi xahiş edilmişdir. Şəxs etiraz ilə məhkəməyə müraciət edərək protokolun tərtib edilməsinə əsas olan hal - X1 barədə müqavilənin olmaması halı həqiqətə uyğun deyil. Belə ki, Sabunçu Rayon KTİ ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İŞ-X/2023-07 saylı X1 Xidməti Müqaviləsindən göründüyü kimi, inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyil, habelə inzibati xətanın törədilməsində "xxxx" MMC-nin hər hansı təqsiri mövcud deyil. Belə ki, "xxxx" MMC-nin əsas vəzifəsi X1 üçün hər hansı ixtisaslaşmış təşkilatla müqavilənin bağlanmasıdırsa, bizim Şirkət bu öhdəliyə əməl edib və hər hansı inzibati xəta hadisəsi törətməyib. Müqavilənin 6.1-ci bəndinin tələbinə görə, müqavilə xx.xx.2025ci ilədək qüvvədədir. Əgər bağlanmış müqavilə üzrə Sabunçu KTİ öz öhdəliklərini icra etməyib tullantıları daşımayıbsa və ya daşımaqdan imtina edibsə, bu inzibati xəta hadisəsinin subyekti onların Şirkəti deyil, Sabunçu Rayon KTİ olmalıdır. İşin hallarından göründüyü kimi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hər hansı araşdırma aparmadan, Sabunçu KTİ-nin qərəzli müraciəti və təqdim etdiyi sənədləri əsasında Protokol tərtib etmişdir. Eyni zamanda, məhkəməyə təqdim etdiyi ABB-nin Ödəniş Tapşırıqlarından göründüyü kimi, protokoldan hər hansı xəbərləri olmadığı halda, habelə hazırki iş məhkəməyə təqdim edildiyi xx.xx.2025-ci il tarixədək Sabunçu Rayon KTİ ilə aralarında qüvvədə olan Müqavilə üzrə onların Şirkəti xx.xx.2025-ci il tarixdə 1171,52 manat və 6508,47 manat məbləğində xidmət haqqı Sabunçu Rayon KTİ-yə ödəmişdir. Bütün bunlar onu təsdiq edir ki, inzibati xəta hadisəsi baş verməyib, habelə tullantılarla bağlı hər hansı xəta hadisəsi baş veribsə həmin hadisədə Şirkətin təqsiri mövcud deyil. Bu səbəbdən də, məhkəmədən AR İXM-in 53-cü maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 03 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC ilə Sabunçu Rayon KTİ arasında xx.xx.2023-cü il tarixli, İŞ- X/2023-07 saylı X1 xidməti müqaviləsi bağlanmışdır. X5 qərarı ilə qiymətlərdə yaranmış artımla bağlı aralarında yazışmalar aparılmışdır. Onlar qiymət artımının hər mağaza üçün 4 m³ deyil, 2 m³ həcminə uyğun müəyyənləşdirilməsini təklif etmişlər. Lakin Sabunşu Rayon KTİ bununla razılaşmamışdır. Bununla bağlı tərəflərindən məhkəməyə müraciət olunacaqdır. Sabunçu KTİ birtərəfli qaydada müqaviləyə xitam verə bilməz. Müqavilədə tariflər dəyişdikdə müqavilə şərtlərinə yenidən baxılacağı qeyd edilmişdir, xitam veriləcəyi deyil. Sabunçu Rayon KTİ ilə Şəxs MMC arasında müqavilə münasibətlərindən irəli gələn mübahisənin mövcudluğu və danışıqların aparılması Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə barələrində İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas vermir. İstinad olunur ki, müqavilə bağlanmayıb. Tərəflər arasında bağlanmış tullantıların daşınması barədə müqavilə tərəfindən məhkəməyə təqdim olunmuşdur. Sabunçu Rayon KTİ tərəfindən tullantıların daşınmaması, onların qalaqlanması onun üzərinə düşən müqavilə öhdəliyini pozmasıdır. Buna görə Şəxs MMC məsuliyyət daşıya bilməz. Hazırda Şəxs MMC-nin tullantıları haraya daşıması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayon ərazisində Şəxs MMC-yə məxsus mağazaların tullantıların daşınması üçün müqavilələrinin olmamasına görə (tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsinə) hüquqi şəxs barəsində AR İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat İdarəsi və Şəxs MMC arasında X1 xidməti İŞ-X/2023-07 saylı, 27 mart 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi" haqqında 74 saylı xx.xx.2005-ci il tarixli qərarına müvafiq olaraq tərəflər təsdiq edirlər ki, “Sifarişçi”nin fəaliyyəti zamanı yaranan bərk məişət tullantılarının “İcraçı” tərəfindən xüsusi nəqliyyat vasitələri ilə daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi öhdəsinə götürür. “Sifarişçi" isə bu müqavilədə göstərilən qaydada və şərtlərlə “İcraçı”ya xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərə görə ödənişlər Azərbaycan Respublikasının Taril (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli, 05 saylı Qərarı ilə müəyyən edilmiş tariflər əsasında və yalnız Azərbaycan Manatı ilə həyata keçirilir. (Tariflər dəyişildikdə müqavilə qiymətinə yenidən baxılır). Həmin müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər 20 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilər. Azərbaycan Respublikasının Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli, 89049 nömrəli akta əsasən, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bağlı Sabunçu KTİ-nin xidməti ərazisində yerləşən "xxxx" mağazalar barədə müarciəti əsasında müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Şəxs MMC-yə məxsus olan mağazalarda əmələ gələn bərk məişət tullantıları illər uzunu 90-dan çox obyektlərdən KTİ-yə məxsus olan tullantı konteynerlərinə toplanmaqla daşınması təmin edilmişdir. Kommunal Təsərrüfat İdarəsi tərəfindən 04 iyul 2024-cü il 129, xx.xx.2024-cü il tarixli 299 saylı məktubla Tarif Şurası tərəfindən 29 iyun 2024-cü il tarixdə qəbul edilmiş "Bərk məişət tullantılarının yığılması daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" qərardan sonra "xxxx" MMC tərəfindən müqavilələrin pozulması aşkar edilmişdir. Yenidən müqavilələrin bağlanması üçün Şəxs MMC-nin rəhbərliyinə müraciət olunmuşdur. Buna baxmayaraq tullantıların daşınması, zərərsizləşdirilməsi üçün müqavilə bağlanmamış və əmələ gələn tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi norma və qaydaları pozulmaqla tullantılar hara gəldi atılması və müqavilə olmadan KTİ-yə məxsus tullantı yerlərinə tökülməsi aşkar olunmuş və bununla bağlı Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfat İdarəsi müvafiq tədbir görülməsi barədə məktub ünvanlanmışdır. Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş və aparılan araşdırmada iştirak etmək üçün xx.xx.2025-ci il tarixində səlahiyyətli nümayəndənin iştirakı üçün məktub ünvanlanmış, lakin hər hansı nümayəndə və səlahiyyətli şəxslər iştirak etməmişdir. Beləliklə, Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsi, “Tullantılar haqqında” Qanunun 9,11,12-ci maddələri və xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin 06 sentybar 2024-cü il tarixli, 299 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının "İstehsalat və məişət tullantıları haqqında" qanununun 18-ci maddəsini, AR Tarif Şurasının 29 iyun 2024-cü il tarixli, 08 saylı "Bərk məişət tullantılarının yığılması daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" qərarını nəzərə alaraq qiymət artımı barədə ünvanladıqları 04 iyul 2024-cü il tarixli, 129 saylı bildirişə tərəflərindən yazılı münasibət bildirilməmiş və əməkdaşların təqribən 2 ay müddətində davam edən müzakirələrdən sonra qiymət artımına şifahi etirazına əsasən qeyd edilmiş bildirişdə də vurğulandığı kimi 05 sentyabr 2024-cü il tarixdən müqavilə üzrə öhdəliklərinizin icrasını dayandırırlar. Hər ay siz təqdim olunan xidmət aktlarında qeyd edilmiş "xxxx" filiallarının Sabunçu KTİ-nin xidmət etdiyi tullantı konteynerlərindən istifadəsini dayandırmağınız tələb olunur. Tullantıların fərdi qaydada daşınmasını təmin etdikləri filiallardan daşınma olmayacağını bəyan etmişlər. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin 04 iyul 2024-cü il tarixli, 129 nömrəli bildirişdən görünür ki, Şəxs MMC-ə xəbərdarlıq bildirişi göndərilmiş, yeni tariflərlə müqavilə dəyəri müəyyən edə bilməyəcəkləri təqdirdə 19 iyul 2024-cü il tarixdən etibarən müqavilə üzrə öhdəliklərin icrası tərəflərindən dayandırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2025-ci il tarixli, 26/1 saylı arayışından görünür ki, “OBA Market" MMC ilə Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi arasında bağlanmış 27 mart 2023-cü il tarixli, X/2023-07 saylı “bərk X1na dair” xidmət müqaviləsinin hər mağaza üçün dəyərini (Sabunçu KTİ tərəfindən xidmət göstərilən hər mağaza üçün 40 manat ƏDV daxil (4m3 ekvivalenti)) Azərbaycan Respublikası Tarif Şurasının 29 iyun 2024-cü il tarixli, 08 saylı “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" qərarına uyğun olaraq artırılması üçün tərəfimizdən 04 iyul 2024-cü il tarixdə yazılı bildiriş təqdim edilmiş, müqavilə dəyərini yeni tariflərlə müəyyən edə bilməyəcəyimiz təqdirdə xidmətin dayandırılacağı bəyan edilmişdir (Bildirişin surəti əlavə olunur). İyul və avqust ayları ərzində “OBA Market" MMC ilə Sabunçu KTİ arasında yeni tariflərin müzakirəsi davam etdirilmiş, lakın Şəxs MMC-nin Sabunçu KTİ-yə ünvanlanan məktublarında müxtəlif əsassız bəhanələrlə ödənişdən və qiymət artımından imtina edildiyi üçün təkrar bildiriş {Surəti əlavə olunur) verməklə 05 sentyabr 2024-cü ildən müqavilə üzrə öhdəliyimiz birtərəfli qaydada dayandırılmışdır. 'OBA Market" MMC tərəfindən 16 Yanvar 2025-ci il tarixli, İR 255 saylı məktubla (Surəti əlavə olunur) Sabunçu KTi-yə müraciət olunaraq tərəfimizdən icrası dayandırılmış müqaviləni qüvvədə olan müqavilə kimi qələmə verərək tullantıların daşınmasını əks edən akt müqabilində köhnə tariflə ödəniş etmək təklif olunmuşdur. Həmin məktuba cavab olaraq müqavilə üzrə öhdəliklərinin bildiriş təqdim etməklə dayandırılması barədə müvafiq cavab məktubu “OBA Market" MMC-yə ünvanlanmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinin 21 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin ünvanlanmış İR 255 saylı,16 yanvar 2025-ci il tarixli məktubuna baxılmış, məktubda qeyd etdiyiniz müqavilə üzrə Sabunçu KTİ-nın xidməti ərazisində olan "xxxx" mağazalarının bərk X1 qeydi barədə bildirmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının 29 Noyabr 2024-cü il tarixli, 08 saylı “Bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” qərarına uyğun olaraq onlara ünvanlanmış 04 iyul 2024-cü il tarixli, 129 saylı bildirişə əsasən — müqavilə dəyəri üzrə yeni tariflərlə razılaşmamaqları, Sabunçu KTİ-yə əsassız səbəblərlə xidmət haqqı azaldılmış mövcud müqaviləyə 2 saylı əlavə göndərməyiniz, iyul, avqust aylarında müvafiq xidmət aktlarının (tərəfinizdən təsdiq olunub KTİ-yə verilməyib) təqdim olunmasına baxmayaraq qeyd olunmuş aylar üçün ödənişin böyük hissəsini yenə əsassız səbəblərlə ödəməkdən yazılı imtinanız səbəbindən müqavilə üzrə öhdəliyi sizə bildiriş verməklə 05 sentyabr 2024 tarixindən dayandırılmışdır. Xidmətin dayandırılmasına dair hər iki bildiriş tərəfinizdən təhvil alınıb və bildirişlərin təsdiq edilən surətləri KTİ-nin arxivində saxlanılır. Ona görə də İR 255 saylı, 16 Yanvar 2025-ci ıl tarixli məktubda qeyd etdiyiniz müqavilə uzrə öhdəliyin icrasının davam etməsinə dair iddia həqiqəti əks etdirmir. "xxxx" mağazaları müqavilə üzrə öhdəlikləri olmadan Sabunçu KTİnin xidmət etdiyi tullantı konteynerlərindən istifadə etməyə davam edirlər. Əlavə olaraq mağazalarda gündəlik əmələ gələn tullantıların mövcud normativlərə uyğun düzgün saxlanılmaması ilə antisanitariyaya səbəb olurlar. Əlavə olunmuş fotoşəkillərdə də göründüyü kimi kardon tullantılarınız əvvəlki məktublarınızda bildirdiyiniz kimi təkrar emala verilmir və KTİ-nin xidmət göstərdiyi tullantı konteynerlərinə atılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMC tərəfindən AR İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat İdarəsi və Şəxs MMC arasında X1na dair xx.xx.2023-cü il tarixdə xidməti müqavilə bağlanmışdır. Daha sonra Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat İdarəsi Tarif Şurası tərəfindən artırılmış qiymətlərə uyğun olaraq ödənişlərin həyata keçirilməsi bildirilmişdir. Lakin Şəxs MMC bununla razılaşmadığından xx.xx.2024-cü il tarixdə Sabunçu KTİ tərəfindən xidmətlərin göstərilməsi dayandırılmış və bu barədə onlara rəsmi qaydada məlumat verilmişdir. Yəni tərəflər arasında müqavilə münasibətlərinə xitam verilmiş və icraçı bununla bağlı iradə ifadəsini digər tərəfə bəyan etmişdir. Şəxs MMC-nin nümayəndəsinin tərəflər arasında qüvvədə olan müqavilənin olmasına, digər tərəfin öz müqavilə öhdəliyini icra etməyərək tullantıları daşımamasına, müqavilənin bir tərəfli qaydada xitam verilməsinin mümkün olmadığına, tərəflər arasında yaranmış mübahisə ilə bağlı şirkətin məhkəməyə müraciət edəcəyinə dair mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, müqavilə məhkəmə qərarı ilə ləğv edilmir, tərəfin müqavilə münasibətlərini davam etdirməməsinə dair iradə ifadəsini digər tərəfə bildirməsi ilə müqaviləyə xitam verilir, məhkəmənin vəzifəsi isə yalnız tərəflər arasında yaranmış mübahisəni həll etməkdir. Bundan başqa müqavilənin 6.2-ci bəndində də 20 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verilə bilinməsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Şəxs MMC-yə məxsus mağazaların ətrafında köhnə tullantılar qalaqlanmış vəziyyətdə yığılmış, boş torpaq sahəsinə tullantılar atılmış və ya yandırılmışdır. Bundan başqa məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi hazırda tullantıların haraya boşaldılması barədə məlumatının olmadığını bildirmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10.000 (on min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar