Məhkəmə qərarları › İş №3(008)-4178/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4178/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4178/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X19 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndələri X4 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və onun müdafiəçisi X3 iştirakları ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında 18 iyul 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov ünvanında yerləşən “Xəyal” ticarət mərkəzində 24 may 2022-ci il tarixli qərara əsasən və 23 may 2022-ci il tarixli çıxarışa əsasən planlı yoxlamanın aparılması üçün zəruri şərait yaradılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 özünü İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, onun ümumiyyətlə planlı yoxlamanın aparılmasından xəbəri olmamış, bu barədə hər hansı rəsmi bildiriş almamışdır. Yoxlama keçirilən tarixdə o rayonda olmuşdur. Yoxlamadan xəbəri olsa idi bunun üçün zəruri şərait yaradardı. Onun əməlində AR İXM-nin 544.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin müdafiəçisi Aslan İsmayılov bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən planlı yoxlamanın həyata keçirilməsindən Xəyal Rəcəblinin ümumiyyətlə məlumatı olmamışdır. Agentliyin nümayəndələri “Xəyal” ticarət mərkəzinə gələrkən onları X8 qarşılamış və Xəyal Rəcəblinin ticarət mərkəzində olmadğını və yoxlamadan xəbərinin olmadığını demişdir. Xəyal Rəcəblinin yoxlamadan xəbəri olsa idi bunun üçün lazımi şərait yaradardı. Xəyaİ Rəcəblinin müvafiq yoxlamadan xəbərinin olmasını təsdiq edən hər hansı sübut yoxdur. Ona görə də AR İXM-nin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndəsi X9 bildirmişdir ki, Agentlik tərəfindən “Xəyal” ticarət mərkəzində planlı yoxlama aparılmasına dair qərar qəbul edildikdən sonra bu barədə rəsmi qaydada barəsində inzibati qaydada icraat aparılan şəxsə məlumat verilmiş, yoxlamanın aparılması məqsədi ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müəssisəyə yaxınlaşsalar da, müəssisə rəhbərliyi və səlahiyyətli nümayəndə yoxlamanın aparılması üçün zəruri şərait yaratmadığından yoxlama 16 iyul 2022-ci il tarixədək dayandırılmışdır. Sahibkarın hüquqi və faktiki ünvanına təkrar bildiriş məktubu göndərilsə də, sahibkar yoxlama yerinə gəlməmiş və yoxlama üçün zəruri şərait yaratmamışdır. Bu səbəbdən X12 barəsində AR İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə yoxlamanın keçirilməsinə dair iş materiallarında müvafiq xəbərnamənin olduğunu, digər xəbərnamələrin şəklinin isə telefonunda olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndəsi X1 Nəriman Səadət oğlunun dediklərini təsdiq edərək X6 barəsində AR İXM-nin 544.1-ci maddəsi ilə inzibati tınbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, “Xəyal” ticarət mərkəzində rəsmi olaraq işləmir. O, sadəcə ticarət mərkəzində satıcılara nəsə kömək lazım olanda yardım göstərir. Yoxlama ilə bağlı Agentliyin əməkdaşları gəldikdə Xəyal Rəcəbli ticarət mərkəzində olmamışdır. Xəyal Rəcəblinin telefon nömrəsini bilmədiyindən ona məlumat verməmişdir. X14 planlı yoxlamadan xəbəri olmamışdır. Sədrlik edənin sualına cavab olaraq X2 özünü təmsil etməsi ona hər hansı etibarnamə vermədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Yoxlamanın aparılması haqqında” 24 may 2022-ci il tarixli, YP-0182 saylı qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubdan görünür ki, “Xəyal” ticarət mərkəzinə baxış keçirilən zaman sahibkarlıq subyektinin məsul əməkdaşları yerində olmadığından yoxlamanın aparılması mümkün olmamış, bu səbəbdən həmin məktubla Sabunmu Rayon İcra Hakimiyyətindən “Xəyal” ticarət mərkəzinin sahibkarı X6 əlaqə vasitələri barədə məlumat verilməsi xahiş olunmuşdur. Surətli poçt vasitəsi ilə çatdırılmanı təsdiq edən 25 may 2022-ci il tarixli sənəddən görünür ki, həmin sənəddə “qəbul edilmədi” sözü yazılmış və hər hansı imza öz əksini tapmamışdır. “Yoxlamanın dayandırılması haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, yoxlamanın 16 iyul 2022-ci il tarixədək dayandırılması qərara alınmışdır. 18 iyul 2022-ci il tarixli aktdan görünür ki, “Xəyal” ticarət mərkəzində planlı yoxlamanın aparılması üçün sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən zəruri şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən planlı yoxlamanın həyata keçiriləcəyi barədə məlumatın sahibkar X11 və ya onun səlahiyyətli nümayəndəsinə çatdırılmasını təsdiq edən hər hansı sənəd mövcud deyil. İş materiallarına poçta aid sadəcə bir sənəd əlavə edilmişdir ki, həmin sənəddən isə müvafiq bildirişin Xəyal Rəcəbli və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamış, əksinə həmin sənəddə “qəbul edilmədi” ifadəsi yazılmışdır. Məhkəmə baxışı zamanı Agentliyin nümayəndəsi tərəfindən öz telefonunda şəkli olan iki xəbərnamədə fərqli imzaların olması, onlardan birində həmin sənədi qəbul edən şəxsin nə adının, nə də soyadının göstərilmədiyi, digər xəbərnamədə isə “Məmmədov” soyadının qeyd olunması müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin nümayəndələri məhkəmə iclasında planlı yoxlamanın aparılmasına dair məlumatın X11 və ya onun səlahiyyətli nümayəndəsinə rəsmi qaydada verilməsini sübut edə bilməmişlər, iş materiallarına da belə bir sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 ona məxsus ticarət mərkəzində planlı yoxlamanın aparılmasından xəbərdar olması iş materilları ilə öz təsdiqini tapmadığından onun müvafiq planlı yoxlama zamanı ticarət obyektinə gəlməyərək həmin yoxlamanın aparılmasına zəruri şərait yaradılmamasından söhbət gedə bilməz. Göründüyü kimi, X6 AR İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, əksinə, iş materiallarında olan sübutların məcmusu onun əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, X6 təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, X6 əməlində AR İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 əməlində AR İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar