Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4189/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-619/2022 saylı, 15 fevral 2022-ci il tarixli icra vərəqəsi üzrə iddiaçı Muradova Hicran Naib qızı ilə cavabdeh Şəxs arasında 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 783 nömrəli akt qeydi ilə tərtib edilmiş 26 mart 2015-ci il tarixli nikahın pozulması, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 20 fevral 2014-cü il təvəllüdlü X4 və 01 may 2016-cı il təvəllüdlü X2 iddiaçının himayəsində qalmaları, Şəxs 30 sentyabr 2021-ci il tarixdən etibarən iddiaçı Muradova Hicran Naib qızı ilə cavabdeh Şəxs birgə nikahından olan 20 fevral 2014-cü il təvəllüdlü X4 və 01 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Muradova Hicran Naib qızına ödənilməsi qət edilmişdir. Lakin, icra sənədini icraya yönəldiyi gündən etibarən cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-619/2022 saylı, 15 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən 04 aprel 2022-ci il tarixdə qanunamüvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə qərar və bildiriş borcluya təqdim edilmiş, lakin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi təmin edilməmişdir. Dəfələrlə borclu ilə əlaqə yaradılmağa cəhd olunsa da, o, telefonlara cavab verməmişdir. Sonradan barəsində axtarış qərarı qəbul edilmiş, yalnız bundan sonra polis tərəfindən zəng edilməsi ilə o, icra şöbəsinə yaxınlaşmışdır. Borclu icra sənədinin icrası üçün bugünədək hər hansı addım atmamış və alimenti ödəyə bilməməsinin üzürlü səbələrlə əlaqədar olmasına dair hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək və özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, o, mebel mağazasında işləyir. Alimenti isə bu günədək qəsdən ödəməmişdir. Valideynləri dəfələrlə ona alimenti ödəməli olduğunu bildirsələr də, o, valideynlərini dinləməmiş və əldə etdiyi bütün qazancı özünə xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Aliment borcunun bir hissəsinin qohumları tərəfindən ödənilməsi üçün ona möhlət verilməsini xahiş edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs sədrlik edənin suallarına cavab olaraq-təxminən 1 ildir ki, mebel mağazasında işlədiyini, əldə etdiyi qazancdan bilərəkdən aliment ödəmədiyini, həmin pulu uşaqlara deyil yalnız özünə xərcləmək istədiyini, icra məmurunun telefonlarına da məhz alimenti ödəməkdən yayınmaq məqsədi ilə cavab vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-619/2022 saylı, 15 fevral 2022-ci il tarixli icra vərəqəsi üzrə iddiaçı Muradova Hicran Naib qızı ilə cavabdeh Şəxs arasında 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 783 nömrəli akt qeydi ilə tərtib edilmiş 26 mart 2015-ci il tarixli nikahın pozulması, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 20 fevral 2014-cü il təvəllüdlü X4 və 01 may 2016-cı il təvəllüdlü X2 iddiaçının himayəsində qalmaları, Şəxs 30 sentyabr 2021-ci il tarixdən etibarən iddiaçı Muradova Hicran Naib qızı ilə cavabdeh Şəxs birgə nikahından olan 20 fevral 2014-cü il təvəllüdlü X4 və 01 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Muradova Hicran Naib qızına ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-619/2022 saylı, 15 fevral 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. 20 may 2022-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək üçün borclunun icra sənədində göstərilən ünvanına gedilmiş, lakin onun həmin ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. “Borclunun axtarışı haqqında” 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şəxs 21 iyul 2022-ci il tarixdə verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olduğunu, aliment borcundan bu günədək icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədi üzrə müəyyn edilmiş məbləği ödəyə bimədiyini, adına hər hansı daşınar və daşınmaz əmlakın olmadığını bildirmişdir. Göründüyü kimi, iş materialları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş protokol, icra məmuru, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-619/2022 saylı, 15 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında alimenti ödəmək üçün müvafiq gəlirinin olduğunu və qətnamə ilə müəyyən edilmiş məbləği bilərəkdən, hər hansı üzürlü səbəb olmadan ödəmədiyini bildirmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir ki, bu da onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı üzrsüz səbəbdən icra etmədiyini bir daha təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 25 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 25 iyul 2022-ci il tarixdən, saat 14:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4189/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4189/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver