Məhkəmə qərarları › İş №3(008)-4210/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4210/2024

15.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4210/2024 15.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru, polis baş leytenantı X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 küçəsi, ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN 7GWWYZP) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində VAZ 21043 minik markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu ərazisində avtoxuliqanlıq hərərkətləri edərkən görüntünü çəkərək sosial şəbəkədə paylaşdığı üçün tərəflərindən yeri müəyyən edilmişdir. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində VAZ 21043 minik markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu ərazisində avtoxuliqanlıq hərərkətləri edərkən görüntünü çəkərək sosial şəbəkədə paylaşdığı üçün tərəflərindən yeri müəyyən edilmişdir. Avtoxuliqanlıq hərərkətlərini təsdiq edən video disk iş materiallarına əlavə edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs polis bölməsində verdiyi izahatına uyğun olaraq inzibati xəta törətməsini etiraf etmiş, əməllərindən peşman olduğunu bidirmişdir. İki və daha artıq maşınla yarışmış, sürət yarışı keçirmiş, təkərlərlə yerdə izlər buraxmışdır. Hadisə 2-3 ay əvvəl baş vermiş, videolarını dostu çəkmiş, özü isə paylaşmışdır. Maşını sürətli sürərkən və digər hərəkətləri edən zaman ətrafdakıları düşünməmişdir. 20 yaşı var, orta təhsillidir, rəsmi iş yeri yoxdur. Polis şöbəsində də izahatını yazaraq təqsirini boynuna almış, əməlindən peşman olduğunu etiraf etmişdir. Bu günədək ona polis şöbəsindən zəng gəlməmiş, bu gün, yəni iyunun 15-də zəng edilərək polis söbəsinə yaxınlaşmağını istəmişlər. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan polisdə və məhkəmədə verdiyi öz etirafedici izahatları, video görüntülər ilə tam sübuta yetirilmişdir. Məhkəmə, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 511.1.1 və 511.1.3-cü maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində VAZ 21043 minik markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu ərazisində avtoxuliqanlıq hərərkətləri edərkən görüntünü çəkərək sosial şəbəkədə paylaşmışdır (həmin görüntüləri əks etdirən 01 ədəd video disk əlavə edilmişdir). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şəxs izahatı ilə müəyyən olunur ki, Şəxs etibarnamə ilə idarə etdiyi VAZ 21043 minki markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu rayonu, Maştağa qəsəbəsində avtoxuliqanlıq hərəkətləri edərkən dostu tərəfindən telefon vasitəsi ilə çəkilərək sosial şəbəkədə paylaşılmışdır və etdiyi əməldən peşmandır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, VAZ 21043 minik markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən müəyyən olunur ki, X3 tərəfindən VAZ 21043 minik markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyti 9 il 10 ay 28 gün müddətinə, yəni xx.xx.2032-ci il tarixinədək Şəxs verilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli Azərbaycan Respublikası sürücülük vəsiqəsinə əsasən müəyyən olunur ki, Şəxs xx.xx.2032-ci il tarixinədək nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar