Məhkəmə qərarları › İş №3(008)-422/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-422/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-422/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi Nümayəndə, şikayətçi X3 iştirakları ilə, X3 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç bir inzibati xəta törətməmiş və AR İXMnin 327.2 və 332.1-ci maddələrinin tələblərini pozmamışdır. Polis əməkdaşı ona qarşı qərəzli olmuş və barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında X6 göstərmişdir ki, o, həqiqətən da hadisə günü dostunun avtomobilini etibarnamə olmadan idarə etmişdir. Həmin hissədə özünü təqsirli bilir. Lakin o, svetaforun qadağanedici sarı və ya qırmızı işığında hərəkət etməmişdir. O, svetaforun yaşıl işığı yanıb sönən zaman hərəkətdə olmuş, sağ tərəfdə ara məhlədən çıxan avtomobil onu gözləmədən yola çıxdığından yol-nəqliyyat hadisəsi baş vermişdir. Onun hərəkət etdiyi yol əsas yol olduğundan və həmin yolda svetaforun qadağanedici işığı yanmadığından digər avtomobil yola çıxmaqda haqlı olmamışdır. Lakin nədənsə polis inspektoru onun AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X6 hadisə ilə polis idarəsində izahat verdiyini, ilk gündən svetaforun yaşıl işğı yanıb sönın zaman hərəkət etdiyini bildirdiyini, özünün “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olduğunu, hadisə baş verən zaman avtombilində bir nəfər sərnişinin olduğunu, hadisə yerinə “Qala” sığorta şirkətinin əməkdaşlarının gələrək hadisə yerində fotoşəkillər çəkdiklərini və hadisə ilə bağlı onlara suallar veridyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 göstərmişdir ki, 31 dekabr 2024-cü il tarixdə o, dostları ilə rayona getmək qərarına gəlmişlər. O, əsas yolda svetaforun sarı işığının yanmasını görərək yola daxil olduqda əsas yolda hərəkətdə olan “Ravon Nexia” markalı avtomobil onun avtomobilini vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. O, həmin avtomobilin svetaforun qadağanedici işarəsinə əhəmiyyət vermədən gəldiyini gördükdə hadisənin qarşısını almaq üçün sürətini artırsa da, hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid hadisə ilə polis idarəsində nə onun, nə də avtomobilində olan digər şəxslərin izahatlarının alınmadığını, hadisə vaxtı hadisə yerində özündən və avtomobilində olan iki dostundan savayı, onun yanında dayanmış avtomobilin içərisində olan dostlarının da olduğunu, Elçin Qurbaninin yaşıl işıq yanıb sönərkən deyil, məhz sarı işıqda hərəkətini davam etdirdiyini, hadisə yerinə “Qala” sığorta şirkətinin əməkdaşlarının gələrək hadisə yerində fotoşəkillər çəkdiklərini, hadisə ilə sorğu-sual apardıqlarnı bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında həm şahidin izahatları, həm də hadisənin videogörüntüləri ilə X3 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin öz təsdiqini tapdığını qeyd edərək şikayətin təmin edilməməsini, Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X6 31 dekabr 2024-cü il tarixdə, saat 04:10-da Şəhər şossesində “Ravon Nexia R3” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən onun AR İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. X3 polis idarəsində verdiyi 31 dekabr 2024-cü il tarixli yazılı izahatının məzmunundan görünür ki, o, “Ravon Nexia R3” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəhər şossesindən “Heydər Əliyev” prospekti istiqamətində hərəkət edərkən svetaforu keçən zaman onun sağ tərəfindən yola çıxmaq istəyən “BMW” markalı avtomobillə sol hissəsindən toqquşduğunu bildirmiş, həmin izahatdan sonra ona ünvanlanmış suala cavab olaraq ona təqdim edilmiş görüntüdən onun svetaforun sarı işığında deyil, yaşıl işığı yanıb sönən zaman keçməsinin göründüyünü bildirmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, bir avtomobil yolun sağından yola daxil olan zaman əsas yolda hərəkətdə olan avtomobil gələrək həmin avtomobil ilə toqquşmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Bakı şəhər X12 İdarəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı Bakı şəhər X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 tərəfindən demək olar ki, heç bir araşdırma aparılmamış, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs ilk gündən özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməyərək svetaforun sarı işığında deyil, yaşıl işığı yanıb sönərkən keçdiyini bildirməsinə baxmayaraq onun izahatını təkzib edə biləcək və onun həqiqətən də AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edə biləcək hər hansı sübuta istinad edilməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 yol-nəqliyyat hadisəsi baş verdiyi zaman “Ravon Nexia R3” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu digər avtomobili özünün idarə etdiyini, özündən başqa avtomobildə iki nəfər dostunun olduğunu, lakin onların heç birinin izahatının alınmadığını bildirmişdir. Halbuki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün X1 və hadisə yerində olduğu müəyyən edilmiş digər şəxslərin izahatlarının alınması, X3 irəli sürdüyü dəlillərin həqiqəti əks etdirib-etdirməməsinin müəyyən olunması zəruri olmuş, lakin araşdırmanı aparmalı olan şəxs heç bir araşdırma aparmaq zərurəti görmədən barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatında göstərdiyi halları görməzdən gələrək tələsik formada inzibati tənbeh vermə haqqında qərar qəbul etməyi məqbul hesab etmiş və bununla AR İXM-nin 76.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan savayı məhkəmə iclasında həm barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin, həm də şahidin izahatları ilə hadisə günü hadisə yerinə “Qala” sığorta şirkətinin əməkdaşlarının gələrək hadisə yerində fotoşəkillər çəkməklə onlara hadisə ilə bağlı suallar vermələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin həqiqi hallarının müəyyən edilməsi naminə səlahiyyətli orqan tərəfindən sorğu verilməklə “Qala” sığorta şirkətindən müvafiq sənədlər tələb edilməli, hadisə yerinə çıxmış sığorta şirkətinin əməkdaşları dəvət olunaraq onlara hadisə ilə bağlı yol-nəqliyyat hadisəsi iştirakçıları tərəfindən bildirilmiş hallarla bağlı suallar verilməli, yol-nəqliyyat hadisəsi iştirakçılarının hadisə yerində göstərdiyi hallar təhlil edilməli, onların öz izahatlarında hadisənin baş vermə mexanizmi və şəraiti, Elçin Qurbaninin svetaforun hansı işığında keçməsi ilə bağlı hər hansı xüsusatın göstərilibgöstərilməməsi ilə bağlı hallar təhlil edilməlidir. Məlumdur ki, şəxsin təqsirli olması ilə bağlı sübutları toplamaq onun təqsirli olması qənaətinə gəlmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin hazırki halda şəxsin özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməməsinə baxmayaq səlahiyyətli orrqan onun həmin maddə ilə təqsirli olmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Səlahiyyətli orqanın istinad etdiyi əsas sübut növü hadisə zamanı qeydə alınmış videogörüntü olmuşdur ki, həmin görüntüdə uzaq məsafədən iki avtomobilin toqquşması görünsə də, hazırki araşdırmanın əsas predmeti olan məsələ, yəni svetaforun hansı işığının yanması və ya Elçin Qurbaninin hərəkətdə olduğu zaman həmin yolda olan digər avtomobillərin hərəkətini dayandırması kimi hallar görünmür. Hazırki halda yol-nəqliyyat hadisəsinin baş verib-verməməsi deyil, Elçin Qurbaninin yol-nəqliyyat hadisəsi baş verən zaman svetaforun hansı işığında (səlahiyyətli orqanın iddia etdiyi kimi sarı işıqda, yoxsa özünün ilk gündən bu günədək iddia etdiyi kimi yaşıl işıq yanıb-sönərkən) hərəkətdə olması mübahisələndirildiyindən məhkəmə təqdim edilmiş videogörüntünün hazırki məsələ ilə bağlı hər hansı halı təsdiq edə biləcək sübut kimi qiymətləndirilə bilməyəcəyi qənaətindədir. Məhkəmə qeyd edir ki, araşdırmanı aparmalı olan, lakin heç bir araşdırma aparmayan əməkdaş heç bir sübut olmadan, hadisə yerində olan şahidlər dindirilmədən, hadisə yerinə gəlmiş sığorta şirkətindən zəruri sənədlər tələb edilərək tədqiq edilmədən inzibati inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini məqbul hesab etməkdə haqlı olmamışdır. Halbuki, məhkəmə iclasında hadisə zamanı X1 idarə etdiyi avtomobildə dostlarının olması, X2 idarə etdiyi avtomobildə bir nəfər sərnişinin olması (həmin sərnişini də “Bolt” şirkətinə müvafiq sorğu verməklə müəyyən etmək və izahatını almaq mümkündür), onların da hadisəyə şahid olmaları, hadisədən sonra hadisə yerinə hər iki avtomobilin sığorta şirkətinin nümayəndələrinin gələrək sürücülərə hadisənin baş vermə mexanizmi barədə suallar vermələri müəyyən edilmişdir ki, bu da hadisə ilə bağlı Bakı şəhər X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 tərəfindən demək olar ki, heç bir araşdırmanın aparılmamasınınn və tələm-tələsik inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul etməsinin göstəricidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman X3 yenidən, X1 ilkin izahatları alınmalı, onların hər birinə hadisə ilə əlaqədar dəqiqləşdirici suallar verilməli, onların izahatları arasında ziddiyyətlər müəyyən olunarsa həmin ziddiyyətlər digər sübutlar əldə edilməklə aradan qaldırılmalı, hər birinə digərinin izahatı elan olunmaqla izahatlar arasında müəyyən olunmuş fərqli xüsusatlarla bağlı onların hər birinə yenidən sualllar ünvanlanmalı, hadisə zamanı hadisə yerində olmuş şahidlər müəyyən olunmaqla onların izahatları alınmalı, hadisədən dərhal sonra hadisə yerinə gəlmiş sığorta şirkətlərinin əməkdaşları dəvət olunaraq onlara hadisə yerinə gələrkən hadisə iştirakçılarının bildirdikləri hallarla bağlı suallar verilməli və sığorta şirkətindən zəruri sənədlər tələb edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş AR İXM-nin 327.2-ci maddəsinə aid hissədə yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Bakı şəhər X12 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş AR İXM-nin 327.2-ci maddəsinə aid hissədə yenidən baxılması üçün Bakı şəhər X12 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar