Məhkəmə qərarları › İş №3(008)-4272/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4272/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4272/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs BDYPİ-nin Xüsusi Tağım Yol patrul xidmətinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 13 avqust 1993-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s 16, m. 51 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadan, narkotik vasitənin təsiri altında həmin nəqliyyat vasitəsini idarə etmiş və eyni zamanda sərnişin daşımaqla hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş BDYPİ-nin Xüsusi Tağım Yol patrul xidmətinin baş inspektoru X2 bildirmişdir ki, 14 iyul 2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ərazisində, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul xidməti tərəfindən həyata keçirilən xidməti tədbir zamanı hərəkətdə olan "Daewoo" markalı avtobus saxlanılmışdır. Saxlanılan şəxs ilkin mərhələdə özünü başqa ad və soyadla təqdim etmişdir. Aparılan sənəd yoxlaması zamanı onun təqdim etdiyi məlumatların düzgün olmadığı və sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Saxlanılan şəxsin davranışlarında şübhəli hallar müşahidə edildiyindən, o, qanunvericiliyə uyğun olaraq müvafiq tibbi yoxlama üçün narkoloji dispanserə aparılmışdır. Tibbi müayinənin nəticələri göstərmişdir ki, saxlanılan şəxs narkotik vasitələrin təsiri altında olmuşdur. Fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Bu maddə sürücünün sərxoş və ya narkotik maddələrin təsiri altında avtomobil idarə etməsi hallarını əhatə edir və qanunvericilikdə müvafiq cəza tədbirlərini nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən, saxlanılan şəxs qanunvericilik tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, təxminən üç-dörd gün əvvəl, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 14 iyul 2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ərazisində ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadan, narkotik vasitənin təsiri altında həmin nəqliyyat vasitəsini idarə etmiş və eyni zamanda sərnişin daşımaqla hərəkət etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun narkotik vasitədən istifadə etməsinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən, profilaktik və tibbi müayinə məqsədilə aidiyyəti üzrə müvafiq tibb müəssisəsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə yönləndirilmişdir. Mərkəzdə aparılmış ətraflı tibbi müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi faktı rəsmi şəkildə müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya zorakı təsir göstərilməmişdir. Hal-hazırda o, törətdiyi hərəkətə görə peşmanlıq hissi keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli 14 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadan, narkotik vasitənin təsiri altında həmin nəqliyyat vasitəsini idarə etmiş və eyni zamanda sərnişin daşımaqla hərəkət etmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/1124 nömrəli, 14 iyul 2025-ci il tarixli aktdan görünür ki, Şəxs götürülmüş müayinə zamanı MET (+) aşkar olunmuşdur. Nəqliyyat vasitəsinin mühafizə olunan duacağa yerləşdirilməsi barədə 14 iyul 2025ci il tarixli aktdan görünür ki, "Daewoo" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. 14 iyul 2025-ci il tarixli BDYPİ-nin Xüsusi Tağım Yol patrul xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə Sabunçu RPİnin 15-ci PB-nə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 334-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə – bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/1124 nömrəli, 14 iyul 2025-ci il tarixli aktı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbs etmənin əvvəli 14 iyul 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPl-nə və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar