Məhkəmə qərarları › İş №3(008)-4273/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4273/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4273/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 09 mart 1970-ci il tarixdə Meqri rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 28 iyul 2022-ci il tarixli MN ******* nömrəli, 28 iyul 2022-ci il tarixli MN ******* nömrəli, 28 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-13553/2016 saylı 04 oktyabr 2016-cı il tarixli icra vərəqəsi üzrə 948 manat, 2(008)-4046/2022 saylı 03 noyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə 2465, 19 manat, 2(008)-5253/2021 saylı 10 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə 1836 manat olmaqla borclu Şəxs hazırki tarixədək 5249,19 manat məbləğində pul vəsaitini qərəzli şəkildə ödəməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-13553/2016 saylı 04 oktyabr 2016-cı il tarixli, 2(008)- 4046/2022 saylı 03 noyabr 2020-ci il tarixli, 2(008)-5253/2021 saylı 10 avqust 2021-ci il tarixli icra vərəqələrinə əsasən 13 yanvar 2021-ci il, 14 oktyabr 2021-ci il və 10 mart 2017-ci il tarixdə qanunamüvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə qərarlar və xx.xx.2017-ci il, xx.xx.2021-ci il, xx.xx.2017-ci il, xx.xx.2021-ci il tarixli bildirişlər borcluya təqdim edilmiş və borclu tərəfindən imzalanmaqla qəbul edilmiş, lakin tələbkara olan borcun ödənilməsi təmin edilməmişdir. Sonradan icra məmuru tərəfindən borclu icra şöbəsinə dəvət olunsa da gəlməmiş və icra məmuru tərəfindən 22 noyabr 2021-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Borclu tərəfindən icra sənədinin icraya yönəldiyi gündən icra sənədinin icra olunması üçün yalnız hərəkətsizlik göstərilmişdir. Hətta borcluya dəfələrlə icra sənədi üzrə cüzi də olsa ödəniş edilməsi təklif olunsa da, o buna məhəl qoymamışdır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra sənədlərinin icrasını təmin edə bilmir. Hazırda sürücü kimi çalışır. Lakin icra sənədləri üzrə yalnız 100 manat ödəyə bilər. O, bankdan pul götürdükdən sonra dolların məzənnəsi qalxdığından ödənişləri edə bilməmişdir. Etdiyi əməldən peşmandır. Sədrlik edənin sualına cavab olaraq Şəxs məşğulluq orqanında qeydiyyatda olmadığını, icra sənədi üzrə müəyyən edilmiş məbləğləri ödəməyə imkanının olmadığını, həmin məbləği nə zaman ödəyə biləcəyini özünün də bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-13553/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli, 2(008)-4046/2022 saylı 03 noyabr 2020-ci il tarixli, 2(008)-5253/2021 saylı 10 avqust 2021ci il tarixli icra vərəqələrinə əsasən cavabdeh Şəxs 5249,19 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Borclunun axtarışı haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Göründüyü kimi, iş materialları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş protokol, icra məmuru, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Sabunçu Rayon Məhkəməsinin 2(008)-13553/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli, 2(008)-4046/2022 saylı 03 noyabr 2020-ci il tarixli, 2(008)-5253/2021 saylı 10 avqust 2021ci il tarixli icra vərəqələrinin təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə Şəxs qətnaməsini hissə-hissə icra etməyə hazır olduğunu bildirərək qətnamənin icrasından qəsdən yayınmadığına istinad etsə də, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-13553/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli, 2(008)-4046/2022 saylı 03 noyabr 2020-ci il tarixli, 2(008)-5253/2021 saylı 10 avqust 2021-ci il tarixli icra vərəqələrindən görünür ki, icra vərəqəsində gğstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş və borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmiş və məhkəmə baxışı zamanı da belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, müvafiq icra sənədinin verilməsindən uzun müddət keçmiş, lakin borclu tərəfindən qətnamənin icrası üçün hər hansı tədbir görülməmişdir ki, bu da onun məhkəmə qətnaməsini qəsdən və hər hansı üzürlü səbəb olmadan icra etmədiyinə dəlalət edir. Şəxs məhkəmə iclasında qətmənin icra edilməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bununla yanaşı, onu da qeyd edir ki, Şəxs bu günədək nəinki icra sənədi ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir ki, bu da onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyul 2022-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar