Məhkəmə qərarları › İş №3(008)-4274/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4274/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4274/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsindən daxil olmuş 15 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 iyul 2025-ci il tarixdə polis şöbəsinə dəvət olunarkən gəlməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 bildirdi ki, 14 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaş Emin Mübariz oğlu saxlanılmışdır. Həmin vaxt ərazidə olan qadın şəxslərdən biri hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edərək, qeyd olunan şəxsin onu narahat etdiyini bildirmişdir. Müraciət əsasında hadisə yerinə yaxınlaşan polis əməkdaşları vətəndaş Emin Mübariz oğluna xidməti vəsiqələrini təqdim etmiş və onu izahat vermək məqsədilə polis idarəsinə dəvət etmişlər. Lakin adıçəkilən şəxs qanuni tələblərə tabe olmayaraq şöbəyə getməkdən imtina etmişdir. Daha sonra Emin Mübariz oğlu polis şöbəsinə gətirilmiş və orada əməkdaşların mülki geyimdə olmalarını əsas gətirərək onların polis əməkdaşı olduqlarına inanmadığını bildirmişdir. O, baş vermiş hadisə ilə bağlı göstərdiyi müqavimət və tabesizlik hərəkətlərindən peşmançılıq duyduğunu ifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, o, polisin qanuni tələblərinə tabe olmayacaq hər hansı hərəkətə yol verməmişdir. Belə ki, o, 2025-ci il iyul ayının 14-də sosial şəbəkə vasitəsilə tanış olduğu xanımla görüşmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində olmuş, lakin əvvəlcədən təyin olunmuş görüş baş tutmamışdır. Bir neçə dəqiqə sonra həmin xanım onunla telefon əlaqəsi yaratmış, danışıq zamanı onun yanına mülki avtomobil yaxınlaşmışdır. Avtomobildən enən iki nəfər mülki geyimli şəxs özlərini polis əməkdaşı kimi təqdim edərək onu Sabunçu Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslərin polis əməkdaşı olduqlarına əmin olmadığından, onlardan xidməti vəsiqələrini təqdim etmələrini tələb etmişdir. Şəxslər vəsiqəni ani şəkildə açıb bağladıqları üçün sənəddəki məlumatları tam şəkildə görə bilməmiş, bu səbəbdən xidməti vəsiqələrin təkrar təqdim olunmasını istəmişdir. Lakin həmin şəxslər bu tələbdən imtina edərək ondan polis idarəsinə getməsini tələb etmişlər. Bu vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, mülki geyimli şəxslər tərəfindən polis idarəsinə dəvət edildiyini, lakin onların xidməti vəsiqələrini təqdim etmədiklərini bildirmişdir. Ardınca həmin şəxslər vəsiqələrini təqdim etmiş və onların polis əməkdaşı olduqlarına əmin olduqdan sonra onlarla birlikdə könüllü şəkildə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getmişdir. Polis şöbəsində olduğu müddətdə hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı hər hansı bir tabesizlik göstərməmiş, əksinə, baş verən hadisəyə görə təəssüfünü ifadə edərək üzr istəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 15 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə polis şöbəsinə dəvət olunarkən gəlməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 14 iyul 2025-ci il tarixli, AZA 018087 nömrəli protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə, saat 20:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamış, əksinə onun təqsirli olması məhkəmə araşdırması nəticəsində təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci maddəsi — “Polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama”; Bu maddəyə əsasən: "Polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama" — şəxsin polis əməkdaşının qanuni və açıq şəkildə bildirilmiş tələbini bilərəkdən yerinə yetirməməsi, yaxud polis əməkdaşına məqsədli müqavimət göstərməsi deməkdir. Şəxs mülki geyimli şəxslərin polis əməkdaşı olub-olmadığını müəyyənləşdirə bilmədiyi üçün onlardan xidmət vəsiqəsinin təqdim edilməsini tələb etmişdir. Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 26-cı maddəsinə əsasən, polis əməkdaşı: "...xidməti vəzifələrini yerinə yetirərkən özünü təqdim etməli, lazım gəldikdə xidməti vəsiqəsini göstərməlidir." Yəni şəxsin vəsiqəni aydın şəkildə görmək istəməsi qanuni hüquqdur və bu, polisə tabesizlik deyil. Şəxs, 102-yə müraciətdən və polis vəsiqələrini tam şəkildə gördükdən sonra öz razılığı ilə polis şöbəsinə getmişdir. Bu isə polisə müqavimət göstərilmədiyini və əməkdaşlığa hazır olduğunu göstərir. Polis şöbəsində heç bir tabesizlik və ya aqressiv davranış göstərməmiş, əksinə, baş vermiş anlaşılmazlığa görə üzr istəmişdir. Bu davranış, İXM 535-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusunun tərkib əlamətlərinə uyğun gəlmir. Şəxs əsaslandırılmış şübhə əsasında hərəkət etmiş (naməlum şəxslərin polis olduğunu təsdiqləmək məqsədilə), qanunsuz və ya əsassız müqavimət göstərməmişdir. Şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə nəzərdə tutulmuş tabe olmama halı yoxdur. Əksinə, bu hal hüquqi şübhə kontekstində baş verən mülki vətəndaşın qanuni hüquqlarını qoruma cəhdidir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmiş, məhkəmə iclasında Şəxs polisə tabesizlik göstərmədiyini bildirmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmadığından və bununla da onun təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar