Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4283/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin səlahiyyətli nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “bölgə meneceri” işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi vətəndaş X2 əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Bu fakt nümayəndəliyin direktoru tərəfindən tərtib olunmuş izahat, sənədlər, X1 təqdim etdiyi sənədlər əsasında öz təsdiqini tapmışdır. Nümayəndəliyin təqdim etdiyi əmək müqaviləsindən görünür ki, həmin müqavilə birtərəfli qaydada bağlanmışdır. Bu isə elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişinin heç bir hüquqi qüvvəsi olmadığını göstərir. Çünki ilk növbədə tərəflər arasında hüquqi qüvvəyə malik bir müqavilə olmalıdır. Belə bir müqaviləyə isə rast gəlinməmişdir. Bundan başqa nümayəndəliyin direktoru inzbiati xəta haqqında iş üzrə icraat zamanı izahatı alınarkən ona verilən suala cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər X3 göstərişlər və tapşırıqlar onun tərəfindən verilmişdir. Bundan başqa direktor izahatında əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi ilə bağlı qeyd etmişdir ki, xanımı "xxxx" şirkətindən onun Azərbaycan nümayəndəliyinə keçirmək üçün həmin xanımın adına əmək müqaviləsi bildirişi sistemə daxil etmişlər, bildiriş sistemə daxil edilməsinə baxmayaraq hesablar aktiv olmadığından həmin xanıma əmək haqqı verə bilməmişlər. Bu faktın özü nümayəndəlik tərəfindən vətəndaş X1 işə cəlb edildiyini göstərir. AR İXM-nin 18-ci maddəsi hüquqi şəxslərin inzibati məsuliyyətindən bəhs edir. Həmin maddənin tələbindən də göründüyü kimi xarici hüquqi şəxsin nümayəndəliyi və filialı da inzibati məsuliyyətə cəlb olunur. Bu nöqteyi nəzərdən nümayəndəliyin barəsində inzibati xəta haqqında protokolun tərtib olunması qanunvericiliyin tələblərinə uyğundur. Göstərilənlərə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X6 arasında elektron qaydada əmək müqaviləsi bağlanmışdır. Hansı ki, həmin elektron əmək müqaviləsi əsasında da ƏMAS sistemində əmək müqaviləsi bildirişi yerləşdirilmişdir və nazirlik tərəfindən təsdiq edilmişdir. İnzibati xəta haqqında protokolda isə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb olunduğu qeyd edilmişdir. Digər tərəfdən işçi işə götürüldüyü tarixdə ərizə yazaraq öz hesabına məzuniyyətə getmişdir. Belə olan halda protokol tərtib edən orqanın istinad etdiyi kimi işçi hansı işə cəlb edilmişdir. Məzuniyyət bitdikdən sonra isə işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Nümayəndəliyin direktorunun izahatına gəlincə isə, direktor izahat verərkən şirkətin Hindistanda yerləşən baş ofisinin Azərbaycan Respublikasında meneceri olduğunu, məhz bu səbəbdən xanıma işlə əlaqəli tapşırıqlar verdiyini bildirmişdir. İş materiallarına da əlavə olunmuş sənədlərdən görünür ki, X6 ilə "xxxx" Şirkəti arasında rəsmi yazışmalar olmuşdur. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə isə baş ofis tərəfindən əmək müqaviləsinə işçi özünü doğrultmadığına görə xitam verilmişdir. Eyni zamanda xanım özü də izahatlarında bildirmişdir ki, ona əmək haqqı ödənişləri məhz xaricdə fəaliyyət göstərən baş ofis tərəfindən həyata keçirilmişdir. Xanımın bununla bağlı hər hansı şikayəti olmamışdır. Digər tərəfdən inzibati xəta haqqında protokol nümayəndəlik barəsində qəbul edilmişdir. Hansı ki, bu qanunvericiliyin tələblərinə ziddir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən nümayəndəlik və filial hüquqi şəxs deyil. Göstərilənlərə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “bölgə meneceri” işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin aidiyyati üzrə göndərilməsi haqqında MN seriyalı, № ******* nömrəli qərardaddan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində tərtib olunmuş 13 iyun 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, AR İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Bu səbəbdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. əmək müqaviləsi və əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq X6 bölgə meneceri vəzifəsinə işə götürülmüşdür; X6 tərəfindən nümayəndəliyə ünvanlanmış ərizədən görünür ki, X6 01 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək məzuniyyətə çıxılmasına sərəncam verilməsinə dair ərizə ilə müraciət etmiş və həmin tarixli əmrlə 60 gün müddətinə öz hesabına məzuniyyət verilmişdir; "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əsasnaməsindən görünür ki, nümayəndəliyin təsisçisi xx.xx.1986-cə il tarixdə, 6897 nömrə ilə Hindistan Respublikası, Chandigarh birlik ərazisi ünvanında qeydə alınmış İnd-Svvift Limited şirkətidir, nümayəndəliyin hüquqi ünvanı: AZ1132, ünvan 1-dür. "xxxx" Şirkəti ilə X6 arasında xx.xx.2023-cü il tarixli təklif məktubundan görünür ki, X6 razılaşdırılan şərtlərlə bölgə meneceri vəzifəsinə seçildiyi, əmək haqqının 798,50 ABŞ dollarına bərabər olan 1355.43 AZN təşkil edəcəyi, razılaşdığı təqdirdə məktubda göstərilən sənədlərin təqdim olunması təklif olunmuşdur. "xxxx" Şirkəti tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, o, "xxxx" Şirkəti tərəfindən Azərbaycanda bölgə meneceri vəzifəsinə təyin olunmuşdur, işçinin əmək haqqı, xidmət aparacağı bölgə, işlədiyi bütün müddət ərzində şirkətin işçisi olduğu qeyd edilmiş, eyni zamanda gəlir vergisi, sağlıq sığortası və digər ödəmələrə görə özünün məsul olduğu, işçi ilə işəgötürən arasında yaranmış mübahisələrin Hindistan qanunlarına əsasən Hindistanın Chandigarh birlik ərazisi məhkəməsi tərəfindən həll olunacağı və digər şərtlər qeyd edilmişdir; xx.xx.2024-cü il tarixli işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında sənəddən görünür ki, Həsənova Züleyxa ona təyin olunmuş ərazidə (Azərbaycanda) gözlənilən nəticələrə nail olmadığından onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Nümayəndəlik tərəfindən təqdim edilən məzuniyyət əmrindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən, yəni əmək müqaviləsi bağlanan vaxtdan xx.xx.2023-cü il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdən isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X1 qeyd edilən tarix aralığında və bundan sonra nümayəndəlik tərəfindən hər hansı işə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X6 ilə "xxxx" Şirkəti arasında rəsmi yazışmalar aparılmış, tərəflər arasında əmək müqaviləsi bağlanmış X6 şirkətin Azərbaycanda bölgə meneceri vəzifəsinə təyin olunmuş, ona əmək haqqı xaricdəki şirkət tərəfindən köçürülmüşdür. Bağlanmış əmək müqaviləsində də işçinin əmək haqqı, xidmət aparacağı bölgə, işlədiyi bütün müddət ərzində şirkətin işçisi olduğu qeyd edilmiş, eyni zamanada gəlir vergisi, sağlıq sığortası və digər ödəmələrə görə özünün məsul olduğu və digər şərtlər qeyd edilmişdir. Həsənova Züleyxa həmin şərtlərlə razılaşaraq əmək müqaviləsini imzalamışdır. Sonradan işçi gözlənilən nəticəni vermədiyinə görə "xxxx" Şirkəti tərəfindən əmək müqaviləsi ləğv edilmişdir. Bütün bunlar faktiki olaraq əmək münasibətlərinin X6 ilə "xxxx" Şirkəti arasında yarandığını göstərir. Bundan başqa məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb olunmasının dövlət orqanı tərəfindən təsdiq edilmiş əmək müqaviləsi bildirişinin heç bir hüquqi qüvvəsinin olmamasına dair mövqeyi ilə bağlı qeyd edir ki, elektron informasiya sistemində elektron qaydada hazırlanan əmək müqaviləsi və onun əsasında tərtib olunan əmək müqaviləsi bildirişi elə məhz inzibati xəta haqqında protokol tərtib edən orqanın özü tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Əmək müqaviləsinin bağlanması bildirişini təsdiq etməklə dövlət orqanı hüquqi qüvvəyə malik bir müqavilənin mövcudluğu mövqeyini ortaya qoymuş olduğu halda üzərindən müəyyən müddət keçdikdən sonra məhz əmək müqaviləsinin olmamasına, özünün təsdiq etdiyi bildirişin isə hüquqi qüvvəyə malik olmadığını qeyd etməklə ziddiyyətli bir vəziyyət yaratmış olur. Bu cür qeyri-müəyyən, ziddiyyətli hal isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4283/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4283/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver