Məhkəmə qərarları › İş №3(008)-4347/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4347/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4347/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 25 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2525 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 9817 manat məbləğində pul vəsaitini X1 xeyrinə ödəməkdən qərəzli olaraq yayınmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək borclu şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, işləmədiyindən borcu ödəyə bilmir. Təxminən 3 ay olar ki, reablitasiya mərkəzində müalicə alır. 5 gün olar həmin mərkəzdən çıxmışdır. Həmin vaxta qədər zərərçəkmiş şəxsə hissə-hissə ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. Bununla bağlı hər hansı qəbz təqdim edə bilmir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə ilk öncə aralarında borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Lakin o, bu razılığa da riayət etməmişdir. Hər dəfə yalan vədlər verərək borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq bu günə qədər borcunu ödəməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2525 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 9817 manat məbləğində pul vəsaitini X1 xeyrinə ödəməkdən qərəzli olaraq yayınmışdır. İcraata başlama haqqında 04 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2525 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Hətəmli X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, eyni icra sənədi üzrə olan borcunu təkrarən ödəməkdən yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X6 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar