Məhkəmə qərarları › İş №3(008)-4352/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4352/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4352/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* nömrəli, 17 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru X4 bildirmişdir ki, Şəxs 17 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Mikayıl Müşfiq küçəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Şəxs dərhal aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Aparılmış ilkin söhbət və araşdırmalar zamanı onun narkotik vasitədən istifadə etməsinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən, profilaktik və tibbi müayinə məqsədilə Şəxs aidiyyəti üzrə müvafiq tibb müəssisəsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə yönləndirilmişdir. Mərkəzdə aparılmış ətraflı tibbi müayinə nəticəsində qeyd olunan şəxsin narkotik vasitədən istifadə etdiyi faktı rəsmi şəkildə müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, müvafiq hüquqi tədbirlərin görülməsi və mövcud qanunvericiliyə uyğun olaraq prosedurların davam etdirilməsi məqsədi ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, 2 gün əvvəl metamfetamin maddəsindən istifadə etmişdir. Hal-hazırda Narkoloji Mərkəzdə qeydiyyatdadır və ixtisaslaşdırılmış tibbi nəzarət altında müalicə alır. Onun sağlamlıq vəziyyəti ilə bağlı ürək-damar sisteminə dair ciddi pozuntular – xüsusilə də damar tıxanması var. Törətmiş olduğu hərəkətinə görə peşmançılıq keçirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı 016999 nömrəli, 17 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2025-ci il tarixdə, saat 00:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 4246 nömrəli, 17 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 4246 nömrəli, 17 iyul 2025-ci il tarixli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş və iş üzrə yekun nəticəyə gəlmək üçün həlledici sübut növlərindən biri hesab edilən ekspert rəyində mücərrəd formada Şəxsnın narkotik vasitədən istifadə etmə hallarının olması göstərilsə də, onun ən son təxmini hansı tarixdə və ya rəyin verilməsindən neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi göstərilməmiş və hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur ki, bu hal özü verilmiş ekspert rəyinin yekun nəticəyə gəlmək üçün yetərli olmamasına dəlalət edir. Nəzərə alınsa ki, hazırda Şəxs hazırda narkomaniya xəstəliyin heç bir əlaməti aşkar edilmir, onun istifadə etmə halının isə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün qanunla nəzərdə tutulmuş 04 aylıq müddətdən neçə gün və ya ay əvvəl istifadə etməsini müəyyən etmək mümkün deyil, belə halda şəxsin AR İXM-nin 206-cı maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz qəbulu inzibati məsuliyyətə səbəb olan əməllər sırasına daxildir. Lakin, bu maddənin tətbiqi üçün şəxsin narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və istifadəsi faktı ilə yanaşı, həmin əməlin müvafiq hüquqi qiymətləndirmə ilə təsdiqlənməsi zəruridir. Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə praktik hüquqi yanaşmalara əsasən, artıq dispanser qeydiyyatında olan və könüllü şəkildə müalicə və nəzarət altında olan şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməyə hüquqi əsas qalmır. Narkoloji qiymətləndirmə nəticəsində məcburi müalicəyə ehtiyac olmadığı müəyyən edilmişsə və şəxs hazırda narkotik vasitənin təsiri altında deyilsə, bu zaman onun barəsində inzibati təqib məqsədəuyğun və hüquqi baxımdan əsaslandırılmış hesab edilmir. Şəxsin artıq dispanser qeydiyyatında olması və müalicəyə cəlb edilməsi, onun barəsində əlavə inzibati məsuliyyət tədbirlərinə (xüsusilə də təkrari tibbi müayinə və ya inzibati təqibə) ehtiyac olmadığını göstərir. Narkoloji müayinənin nəticələri şəxsin halhazırda nə narkotik təsiri altında olduğunu, nə də cəmiyyət üçün təhlükə yaratdığını göstərmir. İnzibati hüquq pozuntusunun ictimai təhlükəlilik dərəcəsi və təqsir formasının müəyyən edilməsi inzibati cəzanın tətbiqi üçün vacibdir. Mövcud halda, şəxsin davranışında ictimai təhlükəlilik və ya hüquqi tələbləri pozan aktiv əməl müşahidə olunmamışdır. Şəxs qanunsuz dövriyyəyə aid hər hansı aktiv əməlin, eləcə də narkotik vasitənin qanunsuz əldə edilməsi və istifadəsinin konkret sübutlarının mövcud olmaması, habelə onun hazırkı vəziyyətində hüquq pozuntusunun inzibati cəza tətbiqini tələb edəcək ictimai təhlükəlilik səviyyəsinə çatmaması, İXM-nin 206-cı maddəsinin tətbiqini hüquqi cəhətdən əsassız edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar