Məhkəmə qərarları › İş №3(008)-4354/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4354/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4354/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Şahid Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan daxil olmuş 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor X4 tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 2024-cü ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində satış meneceri işinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, tibbi laborator avadanlıqları, reaktivlər və sərfiyyatları istehlak edən ən böyük istehsalçı şirkətlərin, dünyaca məşhur brendlərin Azərbaycan bazarına ixracatçısıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul prosesi çərçivəsində ilkin mərhələdə namizədlər yalnız təcrübəçi qismində fəaliyyətə başlayırlar. Təcrübə proqramı, bir qayda olaraq, təxminən üç ay müddətində davam edir. Bu mərhələdə namizədlərlə əmək müqaviləsi bağlanmır, lakin onların təcrübə proqramına cəlb edilməsi barədə müəssisə rəhbərinin müvafiq əmri rəsmiləşdirilir. Təcrübə dövründə iştirakçılar yalnız öyrənmə mərhələsində olur, onlara hər hansı vəzifə və ya əmək funksiyası həvalə edilmir. Proqramın sonunda test imtahanı keçirilir və yalnız uğurlu nəticə əldə etmiş namizədlərlə əmək münasibətləri qurulur. Test imtahanının nəticələri də müəssisə rəhbərinin əmri ilə təsdiq olunur. Bu yanaşma müəssisədə işə qəbul zamanı obyektivliyin təmin olunması məqsədilə tətbiq edilir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin olaraq təcrübəçi olaraq qəbul edilmişdir. Zərərçəkmiş şəxs1 təcrübə proqramı 13 oktyabr 2024-cü il tarixindən başlayaraq həmin ilin dekabr ayının sonuna qədər davam etmişdir. Təcrübə müddətində o, MMC-nin əməkdaşları Samir və Pərvinə təhkim edilmiş, onların müşayiəti ilə tibb müəssisələrinə səfərlərdə və danışıqlarda iştirak etmişdir. Lakin bu dövr ərzində Zərərçəkmiş şəxs1 hər hansı iş tapşırığı vəzifə kimi həvalə edilməmiş, o yalnız müşahidəçi və təcrübəçi statusunda olmuşdur. Təcrübə proqramının uğurla başa vurulmasından sonra, 2025-ci ilin yanvar ayından etibarən Zərərçəkmiş şəxs1 ilə əmək müqaviləsi bağlanmış və onun test imtahanında uğurla nəticə göstərməsi barədə müəssisə rəhbərinin əmri rəsmiləşdirilmişdir. Təcrübə dövründə Zərərçəkmiş şəxs1 görülmüş iş və ya yerinə yetirilmiş əmək funksiyası ilə bağlı hər hansı sübut və ya göstərici mövcud deyildir. İş materiallarına əlavə edilmiş WhatsApp yazışmalarında da onun əmək fəaliyyətinə cəlb edilməsinə dair hər hansı məlumat və ya dəlil aşkarlanmamışdır. Həmin dövrdə yalnız direktorun şəxsi vəsaiti hesabına Zərərçəkmiş şəxs1 bank kartına aylıq 500 (beş yüz) manat məbləğində yol və yemək xərclərinin ödənilməsi təmin olunmuşdur ki, bu da sırf sosial dəstək xarakteri daşımışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs2 tərəfindən prokurorluqda verilmiş izahatın oxunmadan imzalandığı və müəssisəyə qarşı heç bir şikayət və ya tələbinin olmadığı bəyan edilmişdir. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim olunmuşdur. Zərərçəkmiş şəxs1 müəssisədə təcrübə proqramı çərçivəsində fəaliyyət göstərmiş, bu dövrdə hər hansı əmək funksiyasının icrasına və ya işə cəlb edilməsinə dair fakt təsdiqini tapmamışdır. Təcrübə mərhələsində yalnız öyrənmə prosesi həyata keçirilmiş və müvafiq əmrin tələblərinə uyğun olaraq şəxsin hər hansı vəzifə və ya əməyə dair öhdəliyi olmamışdır. Bu səbəbdən təcrübə dövründə hər hansı pozuntu aşkar edilməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 işə gecikmələri ilə bağlı tərtib olunmuş aktlar disiplin xarakteri daşıyır və yalnız daxili nizam-intizam qaydalarının pozulmasına dair sənədləşməni əks etdirir. Bu aktlar şəxsin əmək funksiyasının icrası ilə bağlı hər hansı hüquqi pozuntu və ya qanunvericilik tələbinin pozulması kimi qiymətləndirilmir. 28 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) təcrübəçi qismində fəaliyyətə başlamış və təxminən üç ay müddətində təcrübə proqramında iştirak etmişdir. Təcrübə dövründə MMC-nin əməkdaşları Samir və Pərvinə təhkim edilmiş və onların müşayiəti ilə müxtəlif tibb müəssisələrinə danışıqlarda iştirak etmiş, danışıqlar çərçivəsində tibbi cihazların satış prosesi həyata keçirilmiş, ona həmin cihazların texniki xüsusiyyətləri barədə məlumat verilmiş və texniki nasazlıqlar yarandıqda onların aradan qaldırılması qaydaları öyrədilmişdir. Bundan əlavə, o, bəzi hallarda təhkim olunduğu əməkdaşların iştirakı olmadan müstəqil şəkildə klinikalarda satış fəaliyyəti göstərmişdir. Təcrübə proqramının keçirilməsi barədə ona yalnız şifahi məlumat verilmiş, tərəflər arasında bu proqramın şərtləri və müddəti ilə bağlı hər hansı rəsmi sənəd tərtib edilməmişdir. Təcrübə dövründə iş qrafiki həftədə altı iş günü olmaqla, saat 09:00-dan 18:00-dək müəyyən edilmiş və hər ay onun şəxsi bank kartına 500 (beş yüz) manat məbləğində ödəniş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təcrübə proqramında iştirak etdiyi müddət ərzində barəsində hər hansı rəsmi tənbeh tədbiri və ya yazılı xəbərdarlıq tətbiq edilməmişdir. Təcrübə dövründə iş qrafikində müəyyən gecikmələr müşahidə olunduğu halda, müəssisə rəhbərliyi tərəfindən bu hallar yalnız şifahi qaydada bildirilməklə kifayətlənilmiş, şəxsin barəsində inzibati və ya intizam xarakterli rəsmi tədbir görülməmişdir. 2025-ci ilin yanvar ayında tərəflər arasında rəsmi əmək müqaviləsi bağlanmışdır. Onun əmək fəaliyyəti dövründə müəssisə rəhbərliyi tərəfindən yaradılmış WhatsApp qrupunda paylaşılan səs yazısına qulaq asmaması səbəbilə ona qarşı əsassız və qeyri-etik ifadələr işlədilmiş, bu isə şəxsin ləyaqətinə toxunan təhqir xarakteri daşımışdır. Onun sözlərinə görə, qeyd edilən hadisə ilə əlaqədar olaraq barəsində rəsmi sənəd formasında 300 (üç yüz) manat məbləğində cərimə protokolu tərtib edilmişdir. Əmək münasibətlərinin davam etdiyi müddətdə müəssisə rəhbərliyi tərəfindən müxtəlif formal təzyiqlərə məruz qalmış və nəticə etibarilə işdən azad olunması üçün ərizə yazmağa məcbur edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona işdən çıxması üçün ərizə yazmağa məcburiyyət yaradılmış və işdən azad edilərkən əmək haqqı tam həcmdə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələdə təcrübəçi kimi qəbul edilmişdir. Onun təcrübə proqramı əsasən nəzəri və praktiki biliklərin artırılmasına, şirkətin fəaliyyət sahəsi ilə yaxından tanış olmasına və tibbi avadanlıqlar üzrə ümumi biliklərin əldə edilməsinə yönəldilmişdir. Təcrübə proqramı çərçivəsində Zərərçəkmiş şəxs1 ofisdə təşkil olunmuş təlimlərdə iştirak etmiş, şirkətin təqdim etdiyi kataloqlar, texniki sənədlər və məhsul çeşidləri ilə tanış olmuşdur. Bununla yanaşı, o, təhkim olunduğu əməkdaşlarla birgə müxtəlif tibb müəssisələrinə səfərlər etmiş, həmin müəssisələrdə keçirilən təqdimat və nümayişlərdə müşahidəçi qismində iştirak etmişdir. Bu səfərlər zamanı Zərərçəkmiş şəxs1 təcrübəçi statusunu qoruyaraq birbaşa vəzifə icra etməmiş, əsas məqsəd kimi yalnız təcrübə və bilik qazanmağa yönəlmişdir. Təcrübə müddətində Zərərçəkmiş şəxs1 hər iş günü saat 09:00-dan 18:00-dək şirkət ofisində və ya səfərlərdə iştirak etmişdir. Təcrübə proqramının ümumi müddəti dörd aydan artıq olmamışdır. Şirkət rəhbərliyi tərəfindən Zərərçəkmiş şəxs1 gündəlik xərclərin qarşılanması məqsədilə müvafiq ödəniş təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, 2025ci ilin mart ayından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təcrübəçi kimi fəaliyyətə başlamışdır. Təcrübə proqramı iki ay müddətində davam etmiş və bu dövrdə ona şirkətin fəaliyyəti və iş prinsipləri barədə biliklər verilmiş, iş prosesləri öyrədilmişdir. Təcrübə müddəti ərzində onunla hər hansı rəsmi əmək müqaviləsi bağlanmamışdır. Təcrübə dövründə ona aylıq sabit ödəniş (150 manat) təmin edilmişdir. O, iş qrafikinə uyğun olaraq hər gün saat 09:00-dan 18:00-dək işdə olmuş, işə gələ bilmədiyi hallarda əvvəlcədən rəhbərliyə məlumat vermişdir. Təcrübə müddəti ərzində əmək intizamının pozulması ilə bağlı onun barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, yalnız işə gecikdiyi vaxtlarda şifahi xəbərdarlıqlar olunmuşdur. 2025-ci ilin may ayından "xxxx" MMC-də qeydiyyatçı vəzifəsinə qəbul olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində icraşı direktor vəzifəsində çalışır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq 10 ildən çoxdur ki, Azərbaycan Respublikasının bazarında tibbi laborator avadanlıqlarının, reaktivlərin və sərfiyyat materiallarının idxalı sahəsində fəaliyyət göstərir. Şirkət dünyanın aparıcı istehsalçı şirkətlərinin məhsullarının rəsmi təchizatçısıdır və bu müddət ərzində bir sıra mühüm dövlət layihələrində, xüsusilə də genetik laboratoriyaların qurulmasında uğurla iştirak etmişdir. Fəaliyyət sahəsi birbaşa insan sağlamlığı ilə əlaqəli olduğundan, əməkdaşların yüksək peşəkar hazırlığına xüsusi önəm verilir. Bu məqsədlə şirkət daxilində təcrübə proqramı həyata keçirilir. Sözügedən proqram çərçivəsində, təcrübəçilər yalnız işin mənimsənilməsi ilə məşğul olur, onlara hər hansı vəzifə və ya istehsalat öhdəliyi verilmir. Təlim müddəti əvvəlcədən müəyyən edilmiş standart vaxt çərçivəsinə malik deyil, çünki tədrisin müddəti iştirakçının bilik və bacarıqlarından asılı olaraq fərdi qaydada müəyyən edilir. Təlim prosesinin sonunda iştirakçının bilik və vərdişləri daxili imtahan vasitəsilə yoxlanılır. Tibbi savadı olmayan və ya sahə üzrə ilkin bilikləri zəif olan şəxslərin iş prosesini mənimsəməsi daha uzun vaxt tələb etdiyindən, onlarla əmək müqaviləsinin bağlanması və sınaq müddətinin tətbiqi mümkün olmur. Bu, təcrübə proqramının əsas prinsiplərindən biridir. Təcrübə müddətində iş qrafiki saat 09:00-dan 18:00-dək müəyyən edilmişdir. İntizam qaydalarının pozulması hallarına münasibət olaraq, təcrübəçi şəxsin şifahi xəbərdarlıq alması intizam xarakterli tədbir kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs1 işə gecikməsi faktı üzrə akt yalnız onunla əmək müqaviləsi bağlandıqdan sonra tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor X4 tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yeni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 2024-cü ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində satış meneceri işinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1104, ünvan 1 təmsilçisi X3r. 10 yanvar 2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs1 arasında 10 yanvar 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Elektron prokurorluq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zərərçəkmiş şəxs1 arasında 10 yanvar 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs1 19 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində şikayət ərizəsi ilə bağlı Binəqədi Rayon Prokrorluğuna müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçinin əmək funksiyasını yerinə yetirməməsi ilə bağlı 14 sentyabr 2024-cü il tarixli aktından görünür ki, 14 sentyabr 2024cü il tarixdə cəmiyyətin sınaq müddətində fəaliyyət göstərən əməkdaşı Zərərçəkmiş şəxs1 iş vaxtı 09:00 başlamasına rəğmən, 10 dəqiqə gec gəlib. Nəticədə əməkdaş Zərərçəkmiş şəxs1 işə gecikib. Əməkdaş Zərərçəkmiş şəxs1 əmək funksiyalarını lazımı qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçinin əmək funksiyasını yerinə yetirməməsi ilə bağlı 14 may 2025-ci il tarixli aktından görünür ki, 12 Aprel 2025-ci il il tarixində cəmiyyətin satış üzrə nümayəndə vəzifəsində çalışan əməkdaşı Zərərçəkmiş şəxs1, xarici ölkəyə ezam olunan zaman təyyarəyə minmədiyi üçün uçuş biletinin məbləğim 367 AZN əmək haqqı məbləğindən tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrlər kitabından görünür ki, Zərərçəkmiş şəxs1 10 sentyabr 2024-cü il tarixdən təcrübəçi olaraq cəlb edilmişdir. 10 sentyabr 2024-cü il tarixli, N-PM032-0024 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs1 11 sentyabr 2024-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə nümayəndə vəzifəsinə təcrübə toplamaq məqsədi ilə 11 sentyabr 2024-cü il tarixdən etibarən hər hansı iş və xidmətləri yerinə yetirmədən təcrübəçi olaraq cəlb edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 15 may 2025-ci il tarixli, PRM-005,/25 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə nümayəndə vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə 16 may 2025-ci il tarixdə xitam verilmişdir. 10 sentyabr 2024-cü il tarixli, N-PM030-0024 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs2 11 sentyabr 2024-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə nümayəndə vəzifəsinə təcrübə toplamaq məqsədi ilə 11 sentyabr 2024-cü il tarixdən etibarən hər hansı iş və xidmətləri yerinə yetirmədən təcrübəçi olaraq cəlb edilmişdir. Zərərçəkmiş şəxs2 Binəqədi Rayon Prokuroluğunda verdiyi izahatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayınadək əmək müqaviləsiz satış meneceri işləmişdir. Zərərçəkmiş şəxs2 28 iyul 2025-ci il tarixli notarial qaydada imzalanmış Binəqədi Rayon Prokurorluğuna ünvanlanmış ərizəsindən görünür ki, Binəqədi Rayon Prokurorluğuna verdiyi izahatı həyəcanlı olduğu üçün oxumadan imzalamışdır. İş üzrə şikayətçi kimi tanınmamağını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərişi ilə tibbi cihazların satış prosesində iştirak etmişdir. İş üçün konkret iş vaxtı müəyyən olunub (09:00–18:00, həftədə 6 gün); İşin müqabilində aylıq ödəniş (500 manat) təyin edilib, iş"xxxx" MM-nin əməkdaşlarının nəzarəti və rəhbərliyi altında aparılmışdır. Bu əlamətlərin hamısı əmək münasibətlərinin mövcudluğunu sübut edir. Zərərçəkmiş şəxs1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi bağlanmayıb, yalnız onun “təcrübəçi” kimi cəlb edilməsi ilə bağlı əmr rəsmiləşdirilmişdir ki, bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması deməkdir. “Təcrübə” anlayışı qanunvericilikdə yalnız təhsil müəssisəsi ilə şirkət arasında istehsalat təcrübəsi haqqında müqavilə bağlanarsa, təcrübə müddətində öyrədici xarakterli işlər görülər, kommersiya fəaliyyəti icra olunmazsa, təcrübəçinin fəaliyyəti əmək funksiyasının icrası ilə qarışmazsa hüquqi əsas qazana bilər. Zərərçəkmiş şəxs1 yalnız öyrənmə ilə kifayətlənməyib, aktiv satış fəaliyyətində və danışıqlarda iştirak etmişdir. Hər ay ona ödəniş edilmişdir ki, – bu, əməkhaqqıdır. Deməli, “təcrübə” adı altında faktiki əmək münasibətləri gizlədilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə görə hər kəsin əmək hüququ var və bu hüquq yalnız əmək müqaviləsi əsasında təmin edilir. Əmək müqaviləsi bağlanmadan işəgötürmə həmçinin sosial sığorta haqlarının ödənilməməsi, işçinin əmək hüquqlarının pozulması və dövlətin məcburi ödənişlərdən məhrum edilməsi ilə nəticələnir. Vergi Məcəlləsinə görə əmək müqaviləsi olmadan ödənişlər həm də vergi öhdəliklərinin pozulması riskini yaradır. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Təcrübə dövrü” hesab edilən müddədə də tərəflər arasında faktiki əmək münasibətləri mövcud olmuşdur: belə ki, konkret iş vaxtı, tabelik münasibətləri, aylıq ödəniş, işə gecikmə halının aktlaşdırılması şəxsin əmək funksiyalarının icrasına cəlb olunmasının göstəricisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zərərçəkmiş şəxs1 “təcrübəçi” adı altında işə cəlb edilsə də, bu münasibətlər faktiki əmək münasibətləridir və Əmək Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirilməyib. Təqdim edilən faktlar əsasında müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “təcrübəçi” adı altında cəlb edilən fiziki şəxs faktiki olaraq əmək münasibətlərinə qoşulmuş, lakin bu münasibətlər yazılı əmək müqaviləsi ilə rəsmiləşdirilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətləri əmək qanunvericiliyinin və inzibati hüququn tələblərinə ziddir, işçinin əmək hüquqları, sosial sığorta və vergi öhdəlikləri pozulmuşdur. Əmək qanunvericiliyinin əsas məqsədi işçilərin hüquqlarının qorunmasından və onların əməklərinin sui-istismar edilməsinin qarşısının alınmasından ibarətdir. Məhz buna görə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2.3-cü bəndində hansı hallarda tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi qeyd olunmuşdur. Bundan başqa, bir zamanlar özəl sektorlarda geniş vüsət almış könüllü fəaliyyətin sui-istismar edilməsinin qarşısının alınması üçün “Könüllü fəaliyyət haqqında” mütərəqqi qanun qəbul olunmuş və Qanunun 2.3-cü maddəsində könüllü fəaliyyətin təşkilatçılarının “dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları”nda ibarət konkret məhdud dairəsi müəyyən olunmuşdur. Qanunvericilikdə aparılmış bu islahatların əsas məqsədi işçi çatışmazlığının bu cür ucuz əməklə aradan qaldırılmasının və insanların əməklərinin istismar olunmasının qarşısının alınmasından ibarət olmuşdur. Qanunvericilikdə bu cür islahatlar aparıldığı zamanda konkret əmək funksiyalarının icrasına cəlb edilmiş şəxsin adını “Təcrübəçi” qoymaqla qanunvericiliyə yeni anlayış gətirilməsi bütün islahatları heçə endirir və işəgötürənlərə əmək funksiyalarını icra edən şəxslərin əməyinin sui-istismar edilməsinə geniş şərait yaratmaqla dövlət büdcəsinə ödənilməli olan vergi və rüsumların ödənilməsindən yayınmasına da şərait yaradır. Bunun üçün Əmək Məcəlləsində “sınaq müddəti” anlayışı nəzərdə tutulmuşdur. Sınaq müddəti tətbiq olunmaqla işçi qanunvericiliyə uyğun qaydada əmək funksiyalarının icrasına cəlb oluna, işəgötürən razı qalmadıqda isə əmək müqaviləsinə xitam verilə bilər. Nəzərə alınsa ki, heç də bütün təcrübə proqramları ödənişli deyil və təcrübə qazanmaq üçün can atan çoxsaylı insanlar var, o zaman işəgötürənlər əmək müqaviləsi bağlayaraq işçi işə götürmək əvəzinə davamlı olaraq təcrübəçi cəlb etməklə öz işlərini təcrübəçilərin hesabına ya tamamilə ödənişsiz, ya da cüzi ödənişlə həyata keçirərək rahat şəkildə qanunvericiliklə nəzərdə tutulmuş vergi rüsumların ödənilməsindən də boyun qaçıra bilərlər. Buna görə də, faktiki əmək funksiyalarını icra edən şəxslərlə olan münasibətləri pərdələməklə qanunuvericiliyə “təcrübəçi” və ya digər bu kimi anlayışların gətirilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar