Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4360/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 15 iyul 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaiti 04 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, Şəxs tərəfindən qabyuyan maye və toz yuyucu istehsalı məqsədilə zəruri xammalın idxalı həyata keçirilmişdir. Xammalın mənbə ölkəsi İran olsa da, mövcud məhdudiyyətlər səbəbindən birbaşa ödəniş mümkün olmamış, bu səbəbdən vəsait Türkiyədə fəaliyyət göstərən tərəfdaş şirkət “X2 Ticarət” anonim şirkətinə köçürülmüşdür. Türkiyədə yerləşən həmin şirkət ödənişi təmin edərək İrandakı istehsalçıdan xammalın göndərilməsini təşkil etmişdir. Lakin, gömrük nəzarəti zamanı vəsaitin Türkiyəyə “X2 Ticarət” anonim şirkətinə köçürülməsi, malın isə İrandan daxil olması əsasında ziddiyyət iddiası irəli sürülmüş və bu əsasla şirkət barəsində protokol tərtib edilmişdir. Bununla belə, gömrük bəyannaməsinin təhlili göstərir ki, Türkiyə şirkətinə sifariş olunan xammalın miqdarı və dəyəri, İrandan daxil olan malların miqdarı və dəyəri ilə tam üst-üstə düşür. Bu fakt malların üçüncü tərəf vasitəsilə göndərildiyini və maliyyə əməliyyatlarının qanuni əsaslarla həyata keçirildiyini təsdiqləyir. Təqdim olunmuş gömrük bəyannaməsinə müvafiq olaraq Şəxs ünvanına idxal olunan mallar üçün avans ödənişinin həyata keçirilməsi məqsədilə Şəxs MMC-nin bank hesabından 04 iyul 2023-cü il tarixdə ümumilikdə 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikasının hüdudlarından kənara köçürülmüşdür. Sözügedən pul köçürməsi birbaşa olaraq malların ölkəyə gətirilməsi ilə bağlıdır və bu fakt təqdim edilən müvafiq gömrük bəyannaməsi ilə təsdiq olunur. Eyni zamanda, həmin gömrük bəyannaməsində texniki xarakterli səhvə yol verilmiş, bu səbəbdən tərəflər tərəfindən mövcud uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi qaydada gömrük orqanlarına müraciət olunmuş və tələb olunan dəyişikliklər edilmişdir. Texniki düzəlişlər edilmiş və aktual vəziyyəti əks etdirən gömrük bəyannaməsi məhkəməyə təqdim olunmuşdur. İdxal əməliyyatının tam şəkildə və maliyyə öhdəliyinin qanuni əsaslarla yerinə yetirilməsi nəzərə alınmaqla, iş üzrə icraatın davam etdirilməsinə hüquqi əsas qalmamışdır. Bu səbəbdən təqdim edilmiş sənədlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmədən qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına videokonfrans formatında qatılaraq qeyd etmişdir ki, aparılmış araşdırmalar və mövcud gömrük sənədlərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, təqdim olunan məhsullar üzrə identifikasiya kodlarının olmaması səbəbindən onların dəqiq və tam eyniləşdirilməsi mümkün olmamışdır. Bu, məhsulların hərtərəfli yoxlanılmasına və mənşəyinin təsdiqinə əngəl yaratmışdır. Təhlil zamanı məlum olmuşdur ki, sözügedən məhsullar “Kaveh Soda CO” adlı xarici şirkət tərəfindən göndərilmiş, lakin ödəniş vəsaiti digər hüquqi şəxs “Pasha Teknoloji DİS Ticaret” anonim şirkətinə köçürülmüşdür. İnvoys sənədlərinin qarşılıqlı şəkildə bir-birinə istinad etməsi, həmçinin xarici şirkətə köçürülmüş maliyyə vəsaitinin məbləğinin ölkəyə idxal olunmuş məhsulların gömrük dəyəri ilə üst-üstə düşməsi faktları qeydə alınmışdır. Bu hallar məhsulların və maliyyə əməliyyatlarının qarşılıqlı əlaqədə olduğunu göstərir. Lakin identifikasiya kodlarının təqdim edilməməsi səbəbindən məhsulların qəti şəkildə eyniləşdirilməsi mümkün olmadığından və mövcud ziddiyyətlərin tam həlli üçün əlavə hüquqi qiymətləndirməyə ehtiyac yarandığından, inzibati protokol üzrə yekun qərarın verilməsi səlahiyyətli məhkəmə instansiyasının mülahizəsinə buraxılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 04 iyul 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 04 iyul 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 iyul 2025-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaiti 04 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1040, ünvan 1sında təqdim olunmuş 11 iyul 2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları dəyərində mal Şəxs MMC-nin adına İran İslam Respublikasından ixrac edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, Mərkəzi Bankın nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları dəyərində mal ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC tərəfindən 14750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 04 iyul 2023cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçmədən həmin vəsait hesabına alınan malın ölkəyə idxal edilməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4360/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4360/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver