Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4391/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək göstərmişdir ki, o, Sabunçu rayonu ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan mağazaa mağaza müdiri vəzifəsində işləyir. 19 iyul 2022-ci il tarixdə mağazaya satılması üçün yeni məhsullar yük maşını ilə gətirilərək mağazanın önünə paketlənmiş halda yığılmışdır. O, mağazada olmadığından və deponun açarı onda olduğundan məhsullar müvəqqəti olaraq olduğu vəziyyətdə mağazanın önündə qalmışlar. Həmin gün saat 16:30 radələrində polis əməkdaşı marketə yaxınlaşaraq ona əsassız olaraq küçə ticarəti ilə məşğul olduğunu bildirmiş və onu 13-cü PB-nə apararaq orada izahat yazmalı olduğunu bildirmişdir. Mən isə özümü təqsirli bilmədiyimdən izahat yazmaqdan imtina etmişəm. O, küçə ticarəti məşğul olmamışdır. Mağazanın önündə qalan mallar mağazaya gətirilmiş mallar olmuş və müvəqqəti olaraq qısa müddətə mağazanın önündə qalmışdır. Hesab edir ki, barəmdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X2 AR İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hər hansı sübuta əsaslanmadan qəbul edilmişdir. Belə ki, X1 AR İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, inzibati tənbeh vermə haqqında qərarda da səlahiyyətli orqan tərəfindən hər hansı sübuta istinad olunmamış, nəyə əsasən şəxsin AR İXM-nin 454-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlinməsi əsaslandırılmamışdır. Bununla yanaşı, məhkəmə baxışı zamanı şikayət vermiş şəxs X2 tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də paketlənmiş formada olan mallar mağazanın qarşısında yerləşdirilmişdir. Məhkəmə təqdim edilmiş fotoşəkilləri tədqiq edərək qeyd edir ki, küçə ticarəti ilə məşğul olmanın həmin şəkillərdəki kimi, yəni malların paketlənmiş, paketlərdən açılmamış, piştaxtaya və ya yerə lazımi formada düzülməmiş qaydada, o cümlədən düz marketin qapısının qarşısında həyata keçirilməsi özü-özlüyündə inandırıcı və real olmamaqla inzibati tənbeh vermə haqqında qərarın əsassız qəbul edilməsinə dəlalət edir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, iş materiallarını tədqiq edərək qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən və bununla da qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, şikayətçinin inzibati xəta törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X1 inzibati xəta törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4391/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4391/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver