Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4391/2025 19.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 19 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X4 bildirmişdir ki, 18 iyul 2025-ci il tarixdə, Bakı şəhər Baş Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xidmət ərazisində xidmət aparan əməkdaşlar tərəfindən insanların sıx toplaşdığı ərazidə iki nəfər şəxsin ictimai qaydanı kobud şəkildə pozaraq uca səslə qeyri-etik ifadələr işlətdikləri müşahidə edilmişdir. Polis əməkdaşları dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onları dəfələrlə qanunlara riayət etməyə, ictimai asayişi pozmamağa çağırmışlar. Lakin həmin şəxslər qanunsuz hərəkətlərini dayandırmamış, əksinə, aqressiv davranış nümayiş etdirərək polis əməkdaşlarının tələblərinə tabe olmamış və hadisə yerindən yayınaraq məsuliyyətdən yayılmağa cəhd göstərmişlər. Hər iki şəxs saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 18 iyul 2025-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinin "Vağzal" adlanan ərazidə tanışı X2 ilə zarafatlaşarkən aralarında yaranmış fikir ayrılığı nəticəsində zarafat mübahisəyə çevrilmişdir. Mübahisə zamanı ətarafa insanlar toplamışdır. Həmin vaxt ərazidə olan 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, ilkin olaraq bu məsələnin həmin şəxslərə aidiyyəti olmadığını bildirmişdir. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onlarla müvafiq qaydada davranmamış və nəticə etibarilə hər iki şəxs polis əməkdaşları tərəfindən 12-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Polis Şöbəsində olarkən X2 ilə özlərini emosional şəkildə aparmış, əsəblərinə hakim ola bilməyərək bir-biri ilə mübahisə etmiş və səs-küy salaraq davaya cəhd göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. Şəxs 18 iyul 2025-ci il tarixində Sabunçu qəsəbəsinin “Vağzal” adlanan ərazisində digər bir şəxslə səs-küy salaraq mübahisə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmişdir. Şöbədə olarkən hər iki şəxs aqressiya göstərmiş, yüksək səslə mübahisə etmiş, qeyri-etik ifadələr işlətmiş və şöbənin növbətçi hissəsinin daxili rejimini pozmuşlar. Baş verənlər nəzərə alınaraq, polis əməkdaşları tərəfindən onların hər ikisi şöbənin həyətinə çıxarılmış və təxminən 40 dəqiqə ərzində sakitləşdirilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli, 19 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı, 004555 nömrəli, 18 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 iyul 2025-ci il tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün məhkəmə iclasında etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə ictimai qaydanı pozub ətrafda olan şəxsləri narahat edən hərəkətlər etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 18 iyul 2025-ci il tarixdə, saat 18:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18 iyul 2025-ci il tarixdə, saat 18:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPl-nə və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4391/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4391/2025
19.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver