Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4392/2025 20.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 2006-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz rayonu, Yergüc Ə/D, Armudpadar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 20 iyul 2025-ci il tarixli, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 20 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollara əsasən Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, 19 iyul 2025-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor gölü ətrafında Sabunçu RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən keçirilən xidməti tədbir zamanı Şəxs tərəfindən qanunsuz parklama xidməti ilə məşğul olunduğu müşahidə edilmişdir. Polis əməkdaşları tərəfindən ona göstərilən fəaliyyətin qanunsuz olduğu izah edilərək, həmin fəaliyyəti dərhal dayandırması tələb edilmişdir. Lakin Şəxs hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, səs-küy salaraq ictimai asayişi pozmuş və qeyri-etik ifadələr işlətmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində olarkən Şəxs tərəfindən hər hansı tabesizlik və ya növbətçi hissənin fəaliyyətinə maneə törədən hərəkət müşahidə olunmamışdır. Hadisənin birbaşa şahidi olmuş və raport tərtib etmiş əməkdaşlar hal-hazırda gecə növbəsində olduqları üçün məhkəmədə şahid qismində iştirak edə bilmirlər. Müvafiq hüquqi tədbirlərin görülməsi və mövcud qanunvericiliyə uyğun olaraq prosedurların davam etdirilməsi məqsədi ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, o, təxminən 10 gündür Bakı şəhəri, Sabunçu rayonu ərazisində, xüsusilə Böyük Şor gölü ətrafında sürücülərə parklama xidməti göstərməklə məşğul olmuş, bu fəaliyyətin qanunsuz olması barədə onun əvvəlcədən məlumatı olmamış, eyni zamanda, hər hansı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bu barədə rəsmi xəbərdarlıq edilməmişdir. 19 iyul 2025-ci il tarixdə, adıçəkilən ərazidə parklama xidməti göstərdiyi zaman Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş, onlarla birlikdə könüllü şəkildə polis şöbəsinə getmişdir. Polis şöbəsində olduğu müddət ərzində o, daxili intizam qaydalarını pozmamış, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik və ya xırda xuliqanlıq əlamətləri olan hərəkətlər etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli, 20 iyul 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli, 20 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı 017061 nömrəli, 19 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Tərkibin formalaşması üçün hərəkətin ictimai yerdə baş verməsi, nalayıq ifadələr və ya davranış, bu hərəkətlərin cəmiyyətə açıq-aşkar hörmətsizlik xarakteri daşıması, sübutlarla (şahid, video, səs yazısı və s.) təsdiqlənməsi meyarları tələb olunur. Məhkəmə hesab edir ki, hadisə yeri – Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor gölü ətrafı ictimai yer olduğu qəbul oluna bilər, lakin iddia edilən xırda xuliqanlıq (səs-küy salma, nalayiq ifadələr) yalnız polis əməkdaşının sözləri ilə qeyd olunmuş, lakin şahid ifadələri və digər sübutlarla təsdiqlənməmişdir. Barəsində protokol tərtib edilən şəxs isə bu iddiaları inkar edir və öz davranışını sakit və tabe şəkildə izah edir. Təqdim edilən materialda xuliqanlıq əməlinin baş verməsinə dair heç bir mötəbər sübut təqdim olunmamışdır. Hadisənin birbaşa şahidləri məhkəmə iclasında iştirak etməmişdir, buna görə də faktiki xuliqanlıq hərəkətlərinin baş verməsi sübut olunmamışdır. Şeydayevin izahatına əsasən, o, ictimai asayişi pozan və ya nümayişkaranə şəkildə nalayiq davranış sərgiləyən heç bir hərəkət etməmişdir. Polis şöbəsində də onun tərəfindən heç bir tabesizlik və ya intizam pozuntusu müşahidə edilməmişdir. Xırda xuliqanlıq inzibati xəta tərkibi üçün zəruri olan ictimai asayişin pozulması, açıq-aşkar hörmətsizlik və nalayiq davranış sübut edilmədiyindən, bu maddə ilə məsuliyyətə cəlb hüquqi cəhətdən əsassızdır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Tərkibin formalaşması üçün polis əməkdaşının qanuni tələbi olmalı, şəxs bu tələbi qəsdən və bilərəkdən yerinə yetirməməli, qanuni tələb və tabesizlik halları aydın şəkildə sübuta yetirilməlidir. Barəsində inzibati protokol tərtib edilən şəxs polis əməkdaşları ilə könüllü şəkildə bölməyə getmişdir və bu, onun öz izahatında da qeyd olunmuşdur. Protokolu tərtib etmiş əməkdaş belə bildirir ki, bölmədə heç bir tabesizlik və ya maneə törədilməmişdir. Tabesizlik iddiası yalnız "səs-küy salma" ilə izah olunmuş, lakin bu iddianın sübuta yetirilməsi üçün nə şahid, nə görüntü, nə də audio material təqdim olunmuşdur. Şəxsin bölməyə dəvətə tabe olması və bölmədə qaydalara riayət etməsi tabesizlik tərkibini istisna edir. Polisə tabesizlik yalnız qəsd və bilərəkdən olan rədd etmə ilə mümkündür. Belə sübutun olmaması, əksinə şəxs tərəfindən könüllü əməkdaşlıq və sakit davranışın olması 535.1-ci maddənin tətbiqini əsassız edir. Məhkəmə hesab edir ki, polis əməkdaşının verdiyi izahat təkbaşınadır, hadisənin birbaşa şahidləri olan digər əməkdaşlar məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatı ilə ziddiyyət təşkil edən halların mübahisələndirilməsi üçün müstəqil şahid ifadələri və ya obyektiv sübutlar (kamera görüntüsü və s.) tələb olunur. İnzibati xəta işində sübutlar obyektiv və tam olmalıdır. Bu isə hazırkı halda təmin edilməmişdir. Şəxs davranışında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin tələblərinə cavab verən tərkib əlamətləri yoxdur. Təqdim olunmuş izahatlar, sübut çatışmazlığı və hüquqi meyarların yerinə yetirilməməsi səbəbindən şəxsin məsuliyyətə cəlb edilməsi qanuna uyğun deyil. Ədalətli qərarın verilməsi və şəxsin hüquqlarının pozulmaması üçün inzibati işə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmadığından və bununla da onun təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4392/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4392/2025
20.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver