Məhkəmə qərarları › İş №3(008)-4411/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4411/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4411/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12ci PŞ-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Beyləqan rayonu, Mayak qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 21 iyul 2025-ci il tarixdə müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən MN ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 12-ci Polis Şöbəsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, 20 iyul 2025-ci il tarixdə şöbənin əməkdaşları ərazidə xidmətdə olan zaman Şəxs özünü şübhəli apardığı üçün şöbəyə gətirilmişdir. O, narkotik vasitədən istifadə etdiyini özü etiraf etmişdir. Daha sonra Fehruzlu X3 Tibbi Mərkəzə müayinəyə aparılmış, götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, narkotik vasitə istifadə etdiyini etiraf edir, sonuncu dəfə polis əməkdaşları onu saxlayan gün istifadə etmişdir. Narkotik vasitələrin aludəçisi deyil. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini, himayəsində yaşlı ata-anasının olmasını, evdə tək işləyən şəxs olmasını, əvvəllər barəsində inzibati xəta pozuntusu olmamasını bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: MN ******* nömrəli, 22 iyul 2025-ci il tarixli nömrəli protokola əsasən müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 21 iyul 2025-ci il tarixli 4311 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssəsində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 22 iyul 2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, materiallar baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 21 iyul 2025-ci il tarixli, AZA 018173 nömrəli protokoldan görünür ki, Şəxs 21 iyul 2025-ci tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə görə məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təşkil edir. Göründüyü İXM-nin 206-cı maddəsi alternativ əlamətli obyektiv cəhətə aid inzibati xəta növlərindən biridir. Maddənin dispozisiyasında qeyd edilmiş obyektiv cəhətlərdən biri də qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə məsuliyyət yaradır. Hazırki materiallar üzrə Şəxs inzibati xəta haqqında protokol qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında inzibati tənbeh tədbiri tətbiq edilərkən bu hal nəzərə alınmalıdır. Sistem üzərindən görünür ki, Şəxs barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispenserdə qeydiyyata alınsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar