Məhkəmə qərarları › İş №3(008)-4424/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4424/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4424/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 11 aprel 1972-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağdaş şəhəri, Natəvan küçəsi, ev 22 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 03 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 90 manat və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün 90 manat sabit pul məbləğində, eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-759/2020 saylı icra vərəqəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 25 iyun 2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh X3 xeyrinə aliment tutularaq ödənilməli olduğu halda məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 801 manat və iyul ayında 150 manat məbləğində pul X4 ödənilmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilən müəyyən aylıq aliment məbləğinin qalan hissəsini isə ödəməkdən yayınmışdır. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs mart və iyul aylarında 801 və 150 manat olmaqla toplam 950 manat ödənişlər etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Fəhlə kimi fəaliyyət göstərir və qazancı imkan verdiyi məbləğdə aliment məbləğini zərərçəkmiş şəxsə ödəmişdir. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti olmamış, bundan sonrakı aylarda hər ay aliment məbləğinin ödənilməsini təmin edəcəkdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 90 manat və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün 90 manat sabit pul məbləğində alimentin cavabdeh X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-759/2020 saylı icra vərəqəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 25 iyun 2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh X3 xeyrinə aliment tutularaq ödənilməli olduğu halda məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. “Bir neçə icraa sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-759/2020 saylı icra sənədləri bir icraatda birləşdirilərək, birləşdirilmiş icraa sənədləri e49244/2020-4-10 nörməsi ilə vahid rəqəm altında qeydiyyata alınmışdır. “İcraata başlama haqqında” 30 avqust 2018-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 sentyabr 2016-ci il tarixli, 2(051)-3217/2016 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraata başlama haqqında” 27 aprel 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-759/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs tərəfindən verilən izahatlardan görünür ki, o, icra məmurunun sualına cavab olaraq icra sənədi üzrə ödənişi tam həyata keçirməməsinin səbəbinin qazancının və maddi vəziyyətinin az olması ilə əlaqədar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı icra məmuru Şəxs tərəfindən X4 15 mart 2022-ci il tarixdə 801 manat və iyul ayında isə 150 manat məbləğində pul vəsaitinin ödənildiyini bildirmiş, iş materiallarında olan qəbzdən görünür ki, tələbkara aliment borcundan 15 mart 2022-ci il tarixdə 801 manat ödəniş edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəldiyi gündən etibarən icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə müəyyən məbləğdə-maddi imkanının yol verdiyi məbləğdə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar