Məhkəmə qərarları › İş №3(008)-4426/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4426/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4426/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X4» LTD-nin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X2, X6 iştirakları ilə, «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələri ilə Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələri ilə Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantıların gətirilərək gölün doldurulması, yəni, su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsinə görə «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, “X5” LTD-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.1.2-ci, 264.0.3-cü, 264.0.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin baş məsləhətçi müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş protokol Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin (hakim Günel Məmmədova) xx.xx.2025-ci il tarixli 3(008)-4426/2025 nömrəli qərarı ilə “X5” LTD Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci, 264.0.3-cü, 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 manat məbləğində cərimə edilmişdir. “X5" LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2605/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin olunmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iş materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, maddi və prossesual hüquq normalarını pozmuş, işə bir tərəfli yanaşmış, yalnız qarşı tərəfin maraqlarından çıxış etmiş, məhkəməyə təqdim olunmuş maddi sübutları düzgün qiymətləndirməmişdir. Təqdim olunmuş sübutlardan göründüyü kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı 12 iyun 2025-ci il tarixində “X5” LTD Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantılar gətirilərək gölün doldurulması, yəni su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsi halları müəyyən edilmişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halların işin mübahisələndirilməyən halı olduğu qeyd olunsa da, lakin gölün doldurulmasının “X5” LTD tərəfindən həyata keçirilməsinin etiraf olunmayan və mübahisələndirilən hal olduğu qeyd olunmuşdur. Hörmətli məhkəmə bu hal ilə əlaqədar sübutlar aşağıdakılardan ibarətdir. 1. Videogörüntülərdə əksini tapan və gölün doldurulması işlərini aparan ** JA ***, ** JP ***, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində “X5” LTD-nin (BOC) tanınma nişanı mövcuddur. 2. Gölün doldurulması işlərini aparan və İntoks MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələri “X5” LTD tərəfindən müvafiq icarə müqaviləsinə və xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən istifadəsinə götürülmüşdür. 3. Qeyd olunan işlərin “X5” LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən aparılması sözügedən şirkətin hüquqşünası, etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Rəfael oğlunun xx.xx.2025-ci il tarixli İzahatında aşkar şəkildə qeyd olunmuşdur. 4. “X5” LTD-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 hakim Günel xanım Məmmədovaya məhkəmə prosesində bildirdiyi fikirlər bunu təsdiq edir (Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4426/2025 nömrəli qərarın 4-cü abzası). Həmçinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunur ki, yük nəqliyyat vasitələri tərəfindən müəyyən işlərin görülməsi görünür, lakin nəqliyyat vasitələri ilə gətirilən torpağın məhz kənardan gətirilməklə boşaldılması, yoxsa daxildə görülən işlər ilə bağlı ərazidə daşınması faktı araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci, 264.0.3-cü, 264.0.6-cı maddələri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 iyun tarixli 403 nömrəli Fərmanına əsasən Suların İstifadəsinə və X3 Xidmətinin səlahiyyətinə verilmiş normalardır. Bu məsuliyyət müəyyən edən normaların dispozisiyasında torpağın haradan gətirilməsi, kimə məxsus olması, hansı vasitələrlə gətirilməsi kimi hallar qeyd olunmamışdır və səlahiyyətli orqanın bu məsələləri tədqiq etmək kimi bir zərurəti yoxdur. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunur ki, ünvan 4zisinə HOWO markalı, ** QY *** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən müxtəlif tullantıların boşaldılması ilə əlaqədar qeyd olunan nəqliyyat vasitəsinin sürücüsünə İXP7412037 nömrəli protokol tərtib edilmişdir. Hörmətli məhkəmə, məlumat üçün bildiririk ki, qeyd olunan İXP7412037 nömrəli protokol xx.xx.2025-ci il tarixində (yəni tərəfimizdən tərtib olunan protokoldan təqribən 50 gün sonra) və Azərbaycan Respublikası İXM-nin 354.0.1-ci maddəsinə (yolun hərəkət hissəsində, velosiped yollarında və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına) əsasən tərtib olunmuşdur. Yəni bu inzibati xətanın Suların İstifadəsinə və X3 Xidməti 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol ilə hansı bir bağlılığı olması faktı bizə hazıradək məlum olmamışdır. Həmçinin, tərəfimizdən tərtib olunan xx.xx.2025-ci il tarixli 000218 nömrəli aktda işlərin aparıldığı ərazi koordinatları ilə göstərilmişdir (40°28'12.2"N 49056’24.4"E) ki, bu ərazi tam çöllük ərazidir. Həmçinin, inzibati məsuliyyət müyyən edən halların aşkar olunduğu ərazinin “X5” LTD tərəfindən məhkəmə proseslərində kontrakt əraziləri olduğu və bu ərazinin onlar tərəfindən mühafizə olunduğu qeyd olunur. Qeyd etməyi zəruri hesab edirik ki, 100 illik tarixə məxsus su obyekti (Zabrat-1 gölü) son 5 il ərzində “X5” LTD tərəfə düşən hissəsi 2.26 hektar qurudulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 10 oktyabr 2024-cü il “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamını nəzərə almaqla və ölkəmizin su ehtiyatlarının mühüm hissəsini göllərin təşkil etməsini, həmdə ekosistemin tənzimləyicisi, iqtisadi, sosial və ekoloji baxımdan da əhəmiyyətini nəzərə alaraq, sözügedən məsələ ilə əlaqədar tərəfimizdən ətraflı araşdırılma aparılmış, Abşeron yarımadasında yerləşən və sahəsinə görə 16 iri göl (Masazır, Xocasən, Qırmızı (şərq və qərb hissələri), Qızılnohur, Pirşağı, Kürdəxanı, Bül- Bülə, Binəqədi, Zabrat- 1, Zabrat-2, Qanlıgöl, Daşagil, Zığ, Puta və Böyükşor gölləri) mövcuddur ki, Qeyd olunan göllərin “Google-Earth pro” proqramı vasitəsilə son 5 illik müqayisəli təhlili aparılmış və hazırda vəziyyətin qənaətbəxş olmadığı, göllərin ümumilikdə 380 ha sahəsi quruduğu müəyyən edilmişdir. Bu prosesin qarşısını almaq üçün kompleks yanaşmalar və həm dövlət, həm də ictimai səviyyədə tədbirlər görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müvafiq müraciətlər olunmuş, bu müraciətlərə əsasən qeyd olunan pozuntuların tam nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin müavini və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri tərəfindən müvafiq sərəncamlar imzalanaraq işçi qrupları yaradılmışdır. İnzibati məsuliyyətdən yayınmaqdan ötrü təqdim olunan bu cür təhrif olunmuş məlumatların tərəfinizdən sübüt kimi qəbul olunmamasını və işə mahiyyəti üzrə baxaraq ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X11 bildirmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “Filial”) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264 0.6-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-4426/2025 nömrəli qərarı ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı X10 Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 manat (yeddi min beş yüz manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkməsinin xx.xx.2025-ci il tarixli 3(103)-2605/2025 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-4426/2025 nömrəli qərarı ləğv edilərək iş materialı yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda 12 iyun 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantıların gətirilərək gölün doldurulması, yəni, su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsinə görə Filial tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Protokola etiraz edirik. Tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrinin tərkib əlamətləri formal olaraq mövcud olsa da, yəni faktiki olaraq su obyektlərinin və sudan istifadə qaydalarının pozulması, həmçinin, su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı mövcud olsa da, Filialın bununla bağlı hər hansı təqsiri olmamışdır. Məhkəmə iclasında Filialın nümayəndəsi öz izahatında ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən Filialın neft və qazçıxarma sexlərinin ərazilərinə, əsasən gecə saatlarında, yük avtomobilləri ilə müxtəlif məişət və tikinti tullantılarının boşaldılması, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu kimi qanunsuz hərəkətlər təkrarlanmağa davam edilməsi bildirilsə də məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır. Gölün doldurulması heç bır halda Filial tərəfindən həyata keçirilməmiş, yalnız kənar şəxslər tərəfindən Filialın kontrakt sahəsinə daxil olmayan ərazidən gölün doldurulması su səviyyəsinin qalxmasına və nəticədə quyuların su ilə dolmasına səbəb ola bilərdi ki, bunun qarşısının alınması məqsədilə orada torpaqlama işləri aparılmış, quyuların ətrafında torpaqdan sədd düzəldilmişdir. Onların nümayəndəsi əvvəlki iclaslarda yanlış olaraq bənd ifadəsindən istifadə etmişdir. Əslində sədd nəzərdə tutulmuşdur. Bundan başqa həmin ərazidəki torpaqlar yağış yağdıqda palçıq vəziyyətinə düşdüyündən orada insanların və avtomobillərin hərəkət etməsi çətinləşdiyindən onlar kənara daşınaraq buldozer vasitəsilə düzləşdirilir. Filial tərəfindən gölə birbaşa müdaxilə olunmamışdır. Həmin əraziyə tullantıların atılmasında ümumiyyətlə, Filialın təqsiri olmamışdır. Belə ki, Filial ərazisinə naməlum şəxslər tərəfindən tullantıların tökülməsi halları dəfələrlə baş vermiş, cari ilin əvvəlindən etibarən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon Polis İdarəsi də daxil olmaqla bir sıra qurumlarla dəfələrlə məktubla müraciət edilmişdir. Tərəfimizdən cari ilin 21 avqust tarixində səhər saat 03:00 radələrində X9 departamentinın əməkdaşları neft və qaz çıxarma sexinin ərazisində naməlum şəxs tərəfindən ətraf mühitin çirkləndirilməsi faktını aşkar etmiş, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilmişdir. Əlavə olaraq, Sabunçu rayon Polis İdarəsinə Filial adından şikayət ərizəsi də ünvanlanmışdır. Bundan əvvəlki dövrlərdə də Filial ərazisinə tullantıların atılması halları olsa da, baş vermiş hadisənin kim tərəfindən törədildiyim müəyyən etmək mümkün olmadığından məsələnin araşdırılması həyata keçirilə bilməmişdir. 21 avqust 2025-cı ıl tarixində baş vermiş hadisə zamanı Filial əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə yaranması və xidməti avtomobilə qəsdən zərər vurulması səbəbindən bu dəfə dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməsi zəruri olmuşdur. Məhz bu şikayətin verilməsi, yəni məhkəmə qərarından sonra polisin hərəkətə keçməsi, hadisənin Filial tərəfindən deyil, kənar şəxslər tərəfindən törədildiyini bir daha təsdiqləyir. İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyətin tətbiqində əsas prinsip kimi təqsir prinsipini nəzərdə tutur. Bu prinsipə görə, hər hansı fiziki və ya hüquqi şəxs yalnız onun təqsiri müvafiq qaydada sübuta yetirildiyi halda inzibati məsuliyyətə cəlb oluna bilər. Təqsirin mövcudluğu isə yalnız hadisənin baş verməsi faktı ilə deyil, həmin hadisənin konkret olaraq hansı subyektin davranışı nəticəsində yarandığının dəqiq müəyyən edilməsi ilə təsdiq olunur. İnzibati xəta haqqında protokolda akta istinad edilmişdir. Hər bir halda inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs hazırkı kateqoriyalı işlər üzrə daxil olmuş məlumatın məzmunu ilə kifayətlənməməli, səlahiyyətləri çərçivəsində araşdırma aparmalı və yekun qərarını da (o cümlədən təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı qərarını) məhz öz araşdırmasının obyektiv nəticələri əsasında qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinin tələbinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin 21 iyul 2025-ci il tarixli aktı müəyyən sübut əhəmiyyətinə malik olsa da, şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayətedici sayıla bilməz və bu kimi sənədlərə araşdırma zamanı toplanmalı olan digər sübutların məcmusu nəzərə alınmaqla qiymət verilməlidir. O cümlədən, bu növ araşdırmalar hər bir halda inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydalara uyğun aparılmalı, bu zaman inzibati xətalar qanunvericiliyinin digər prinsipləri ilə yanaşı, təməl prinsiplərdən biri olan, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi nəzərə alınmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (İXM maddə 8.1). Əlavə olaraq, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM 8.2) inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM 8.3). Beləliklə, İXM-nın yuxarıda qeyd olunan digər aidiyyəti müddəalarının tələbinə görə şəxsin konkret inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən sübuta yetirilməlidir. Sübutetmə vəzifəsinin icrası zamanı prosessual qaydalar çərçivəsində bütün iştirakçıların qanunla müəyyən olunmuş prosessual hüquqları təmin edilməlidir. Məhz prosessual hüquqları təmin ediləcəyi təqdirdə şəxs (o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) dəlillər gətirmək, o cümlədən iş üzrə obyektiv və qərəzsiz qənaətə gəlməyə şərait yarada biləcək sübutlar təqdim etmək imkanı əldə edir. Azərbaycan Respublikası İXM-nin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı “inzibati xəta törətmiş şəxs’’, habelə “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda göstərilən “müəyyən etmə fəaliyyəti” mötəbər sübutların toplanması və qiymətləndirilməsi yolu ilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş aktda bərk və qarışıq süxurlardan ibarət tullantılar gətirilməklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Zabrat-1 gölünün akvatoriyasının doldurularaq süni şəkildə kıçildilməsi işlərinin aparıldığının müəyyən edildiyi qeyd edilsə də gölün doldurulmasının Filial tərəfindən həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş foto və video çəkilişlərdən də müəyyən olunur ki, Filialın kontrakt əraisində kənar şəxslər tərəfindən mütəmadi müdaxilələr, ərazinin çirkləndirilməsi və qanunsuz tikililərin inşa edilməsi faktları mövcuddur və tərəfimizdən bununla bağlı müvafiq tədbirlər görülür, səlahiyyətli dövlət orqanlarına müraciət edilir. Tullantıların Filialın ərazisində aşkar olunması, onların bilavasitə Filial tərəfindən atıldığı qənaətinə gəlmək üçün hüquqi cəhətdən yetərli əsas yaratmır. Başqa sözlə, tullantıların əraziyə hansı subyekt tərəfindən atıldığı dəqiq müəyyən edilmədiyi halda, yalnız yerləşmə faktına əsasən Filialın məsuliyyət daşıdığı nəticəsinə gəlinməsi ağlabatan deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, yoxlamanın reyestrdə qeydiyyata alınmadan, qanunvericiliyin tələblərindən kənara çıxmaqla aparılması, həmçinin inzibati xəta kimi qiymətləndirilən halın sübut olunmamış faktlara əsaslanması, həmçinin əsl təqsirkarın Filial deyil, kənar şəxs olmasının müvafiq orqana (Polisə) məlumat verilməsi ilə təsdiq olunması Filial barəsində İXM-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas verir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından hesab edirik ki, hazırki inzibati xətanın məhz Filial tərəfindən törədilməsi faktı sübut olunmadığından Filiala münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu əsasla, Filial barəsində İXM-nin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X4» LTD-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X12 bildirmişdir ki, Təkcə bu il Sabunçu Rayon Məhkəməsində onların 35 qanunsuz tikili ilə bağlı işləri olmuşdur. Kontrakt ərazisinin onların istifadəsində olması o demək deyil ki, oraya kənar şəxslər tərəfindən qanunsuz müdaxilələr istisna olunur. İstisna olunmuş olsa idi, bu gün Sabunçu Rayon Məhkəməsində 35 dənə qanunsuz tikili ilə bağlı işlər olmazdı. İstifadələrində olan ərazi 16,2 kv/km-dir, çox böyük ərazidir. Onların əməliyyat şirkətinin ərazisi Azərbaycanda quruda fəaliyyət göstərən 18 əməliyyat şirkətinin 9-dan böyükdür. Mühafizə şirkəti ilə müqavilələri olsa da, faktiki olaraq o boyda əraziyə kənar şəxslərin müdaxilə etməsinə nəzarət etmək mümkünd deyil. Həmin əraziyə zibil atan da var, zəbt edən də var. Hasilatın pay bölgüsü saizişində yazılır ki, bu dövlətin, Socarın öhdəliyidir ki, həmin ərazilərdə müstəsnasız, heç bir maneə olmadan istifadə etsin. Dolayısı ilə bu tələblərə əməl edilməsi öhdəliyi düşən dövlətdir. Əməliyyat şirkətinin adından da bəlli olduğu kimi sırf burda neftqaz əməliyyatı həyata keçirir. Əməliyyat şirkəti olaraq onlar qanunsuz tikililər ilə bağlı məhkəmədə iddia qaldırırlar. Dövlət Neft Şirkəti iqtidarında deyil, hər bir ərazi ilə bağlı iddia qaldırsın. Həmdə onların arasında protokol vardır, bununla bağlı səlahiyyətlər DNŞ tərəfindən onlara verilmişdir. Həmin ərazidə quyunun ətrafında torpaqlama işləri aparılmışdır. Qarşı tərəfdən gölün qurudulması nəticəsində su səviyyəsi qalxıb irəliyə doğru gəlmişdir. Quyuların su ilə dolmasının qarşısının alınması məqsədilə onların ətrafında torpaqlama işləri görülmüşdür. Bundan başqa şirkətin gölün doldurulmasında bir məqsədi ola bilməz. Oradan çıxarılan şlam torpaqlar Qaradağda yerləşən şlam mərkəzinə verilir, bunun edilməməsi şirkət üçün burada nəzərdə tutulan cərimədən artıq cərimələnməsinə səbəb ola bilər ki, şirkət də bunu etməz. Yəni bunu etməkdə şirkətin bir məqsədi də yoxdur, həmçinin gölün qurudulması üçün yüksək xərc tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi əraziyə gələrkən yoxlamanı qeydiyyata aldırmamış, sadəcə ərazinin foto və video çəkilişinin aparılması ilə kifayətlənmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən «X4» LTD-nin Azərbaycan Respublikasındakı filialı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantıların gətirilərək gölün doldurulması, yəni, su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsinə görə «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 21 iyul 2025-ci il tarixli 000218 nömrəli aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı, 12 iyun 2025-ci il tarixində «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantıların gətirilərək gölün doldurulması, yəni, su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsi müəyyən edilmişdir. Bununla da, «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş foto şəkillər akta əlavə edilmişdir; Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış sorğuya verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Kamaz 65115 Yük” markalı, **-JA-***, “Kamaz 65115 017 Yük” markalı, **-JP-*** və **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, qeyd edilən nəqliyyat vasitələrinin sahibi "xxxx" MMC-dir. "xxxx" MMC ilə «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-"xxxx" MMC özünə məxsus, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokolunda verilmiş siyahıda göstərilən nəqliyyat vasitələrini icarəçi- «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verməyi, icarəçi isə təqdim edilmiş nəqliyyat vasitələrinə görə tərəflər arasındakı razılaşdırlmış icarə haqqı məbləğindəki pul vəsaitini icarəyə verənin hesabına köçürməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin tərkib hissəsi olan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş razılaşma protokolundan görünür ki, “Kamaz 65115 Yük” markalı, **-JA-***, “Kamaz 65115 017 Yük” markalı, **-JP-*** və **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" MMC tərəfindən «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialına icarəyə verilmiş nəqliyyat vasitələrinin sırasında qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3 və 264.0.6-cı maddələri ilə 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5» LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 264.0.3 və 264.0.6-cı maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə və sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 103-cü maddə Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 82-ci maddə su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 83-cü maddə Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı:

2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

6. Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2025-ci il tarixli, 000218 nömrəli akta və o cümlədən iş materiallarına əlavə olunmuş sənədlərə əsasən, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmiş, nəzarət tədbirləri zamanı, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 gölünə texnikalar vasitəsi ilə tullantıların gətirilərək gölün doldurulmasının, yəni, su obyektinin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsi halının müəyyən edilməsi işin mübahiələndirilməyən halıdır, bu fakt öz təsdiqini tapır və apellyasiya şikayətində də bu faktın mövcudluğu qeyd olunmuşdur. Lakin qeyd olunan gölün doldurulmasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5» LTD tərəfindən həyata keçirilməsi etiraf edilməyən və nübahisələndirilən haldır. İş materiallarına əlavə olunmuş fotoşəkillərə və videogörüntülərə əsasən, yük nəqliyyat vasitələri tərəfindən müəyyən işlərin görülməsi görünür, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin nəqliyyat vasitələri ilə gətirilən torpağın məhz kənardan gətirilməklə boşaldılması, yoxsa daxildə görülən işlər ilə bağlı ərazidə daşınması faktı üzrə ətraflı araşdırma aparılmamışdır” Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir ki, həmin sahil mühafizə zolaqlarında müəyyən qurğuların yerləşdirilməsinə, fəaliyyətin həyata keçirilməsinə icazə əsasında yol verilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş monitorinq zamanı qeydə alınmış videogörüntülərdən də görünür ki, üzərində “X5” LTD-nin (BOC) tanınma nişanı olan ** JA ***, ** JP ***, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vasitəsilə torpaqların gölün kənarına gətirilməsi daha sonra buldozer vasitəsilə gölün akvatoriyasına boşaldılması öz əksini tapmışdır. Hüquqi şəxslərin nümayəndələri məhkəmə iclasında onların şirkətinin quruda fəaliyyət göstərən əməliyyat şirkəti olduğunu, quyuların ətrafında torpaqlama işlərinin aparıldığını qeyd etmişlər. Videogörüntülərdə quruda mövcud olan hər hansı quyunun ətrafında torpaqlama işlərinin aparılması müəyyən edilməmiş, torpaqların gölün kənarına gətirilib, oradan buldozer vasitəsilə irəliyə doğru gölün akvotoriyasına boşaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən həmin nəqliyyat vasitələrinin mülkiyyətçilərinin müəyyən edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq nəqliyyat vasitələrinin sahibinin "xxxx" MMC olduğu müəyyən edilmişdir. "xxxx" MMC ilə “X5” LTD-nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələri müvafiq icarə müqaviləsinə və xx.xx.2022ci il tarixli razılaşma protokoluna əsasən “X5” LTD-nin Azərbaycan Respublikasındakı filialının istifadəsinə götürülmüşdür. Məhkəmə iclaslarında, eyni zamanda inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman hüquqi şəxsin nümayəndələri izahatlarında Zabrat qəsəbəsində yerləşən Zabrat-1 gölündə şirkətin kontrakt ərazisinə aid olan hissəsində aparılan torpaqlama işlərinin səbəbinin gölün qarşı tərəfdən naməlum şəxslər tərəfindən doldurulması nəticəsində gölün su səviyyəsinin qalxmasına və irəliyə doğru gəlməsinə səbəb olmasını, bunun isə kontrakt ərazisində fəsadların baş verə bilməsinə gətirib çıxaracağını, bunun qarşısını almaq üçün işlər görüldüyü qeyd edilmişdir. Monitorinq zamanı da tərtib edilmiş aktdan görünür ki, “X5” LTD-nin Azərbaycan Respublikasındakı filialının nümayəndələri görülən işlərin gölün qalxmasının qarşısının alınması məqsədilə edildiyini, görülən işlərlə bağlı icazələrə aidiyyatı üzrə müraciətlərin və rəsmi sənədlərin təqdim ediləcəyini bildirsələr də, heç bir sənəd təqdim edilməmişdir. Yəni, hüquqi şəxsin nümayəndələri gölün su səviyyəsinin qalxmasının onların kontrakt ərazisinə vuracağı zərərin qarşısını almaq üçün gölün akvatoriyasına torpaqları boşaltmaqla su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərini pozmasını özləri də dolayısı ilə təsdiq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Bakı şəhər Sabunçu RPİ tərəfindən “X5” LTD-yə ünvanlanmış məktubla ünvan 4zisinə HOWO markalı, ** QY *** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən müxtəlif tullantıların boşaldılması ilə bağlı müraciətə baxıldığı və qeyd olunan avtomobilin sürücüsünün müəyyən olunmaqla barəsində İXM-nin 354.0.1-ci maddəsi ilə İXP7412037 nömrəli protokol tərtib edildiyi qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin məktubda ** QY *** (hazırki iş üzrə isə ** JA ***, ** JP ***, ** JU *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə torpaqların gölə boşaldılmasına istinad olunur) dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmiş və həmin protokol hüquqi şəxs barəsində tərtib edilmiş hazırki protokoldan sonra tərtib edilmişdir. Bundan başqa məktubda sürücü barəsində İXM-nin 354.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. İXMnin 354.0.1-ci maddəsi isə yolun hərəkət hissəsində, velosiped yollarında və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gedişgəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Yəni həmin inzibati xəta yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara aid olmaqla hazırki işə heç bir aidiyyatı yoxdur. Su obyektinin özbaşına tutulması, su muhafizə zonalarının tələblərinə riayət edilməməsi, su obyektlərinin rejimini pozmaqla suların çirkləndirilməsi halının müəyyən edilməsi işin mübahisələndirilməyən halıdır. Yuxarıda göstərilənlərə əsasən başqa şəxs tərəfindən nəqliyyat vasitələri ilə torpağın kənardan gətirilməklə boşaldılması faktı da istisna olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla “X5” LTD tərəfindən torpağın gölün kənarına boşaldılması və daha sonra buldozer vasitəsilə gölün akvatoriyasına boşaldılması müəyyən edilmişdir. Hüquqi şəxsin bunu gölün səviyyəsinin qalxması səbəbindən kontrakt ərazisində baş verə biləcək fəsadların qarşısını almaq məqsədilə və ya digər məqsədlə etməsinin əməlin həmin maddələrlə tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qeyd edilən inzibati xəta qəsdən törədilən inzibati xətadır. Həmin inzibati xətanın dispozisiyasında məqsəd subyektiv cəhətin zəruri əlaməti kimi qeyd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yuxarıda qeyd edilən hərəkətləri ilə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına yol verdiyini, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etmədiyini dərk etmiş, onun zərərli nəticələrinin baş verməsini arzu etməsə də ona şüurlu surətdə yol vermişdir ki, bu da həmin inzbati xətanın qəsdən törədildiyi nəticəsinə gəlinməsi və hüquqi şəxsin filialının məsuliyyətə cəlb olunması üçün kifayətdir. AR İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hüquqi şəxsin filialının gölün səviyyəsinin qalxmasının onun kontrakt əraizinə mənfi təsirindən yayınmaq üçün gölün akvatoriyasına torpağı boşaltması hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət etdiyini göstərməklə onun məsuliyyətə cəlb olunması üçün əsasdır. Məhkəmə iclasında səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən təqdim edilmiş son 5 il ərzində Zabrat-1 gölünün ölçüləri ilə bağlı müqayisəli təhlilinə dair sənəddən görünür ki, 2020-ci ildə gölün sahəsi 36.4 ha, 2021-ci ildə sahəsi 35.4 ha, 2022-ci ildə sahəsi 31.3 ha, 2023-cü ildə sahəsi 30.8 ha, 2024-cü ildə sahəsi 30 ha, 2025-ci ildə isə sahəsi 26 ha olmuş və gölün sahəsinin hüquqi şəxsin filialına aid olan hissədən azalması aşkar şəkildə görünür. Bundan başqa məhkəmə hüquqi şəxsin nümayəndələrinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmamasına, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilinməməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama həyata keçirilməmişdir. AR DSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun, “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli, 24 mart tarixli 56 nömrəli qərarının müvafiq maddələrinin tələblərinin yoxlanması məqsədilə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat-1” gölündə monitorinq nəzarət tədbirləri həyata keçirilmiş və nəticədə hüquqi şəxsin filialı tərəfindən inzibati xəta törədilməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, sahilboyu ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi, nəzarət işinin düzgün təşkili, ekoloji sabitliyin təmin edilməsi, habelə sahilboyu ərazilərin dayanıqlı planlaşdırılması və qanunsuz zəbt hallarının qarşısının alınması ilə bağlı müvafiq təkliflər hazırlanması məqsədilə işçi qrupu yaradılmış və onun üzərinə həmin sərəncamdan irəli gələn müəyyən vəzifələr qoyulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın «X5» LTD-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə, sübutlarla tamamilə sübuta yetirilmişdir. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «X5» LTD-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «X5» LTD-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3 və 264.0.6-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ: «X5» LTD-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3 və 264.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3 və 264.0.6-cı maddəsi ilə 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar