Məhkəmə qərarları › İş №3(008)-443/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-443/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-443/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Mehman Səfərovun iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, DSK 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 13 dekabr 2023-cü il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, dövlət yol polis xidməti əməkdaşı tərəfindən saxlanılmış, ona qanunsuz olaraq cərimə yazılmışdır, o da bundan əsəbləşərək 102-yə zəng edərək həmin polis barəsində şikayət etmiş, həmin polisin ünvanına söyüş işlətmişdir. Tutduğu əməldən səmimi peşmandır. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Mehman Səfərov izahatında göstərmişdir ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmiş, bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 13 dekabr 2023-cü il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs 055 *** ** ** nömrəsindən DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə polis əməkdaşlarını təhqir edərək ictimai qaydanı pozmuş, bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar