Məhkəmə qərarları › İş №3(008)-443/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-443/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-443/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Ford Tranzit markalı 99 - UY - 406 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı dairəvi yolunda hərəkətdə olarkən mənim qabağımda hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil yol qırağında duran adamı götürmək üçün qəfil əyləci basaraq yolun hərəkət hissəsinin ikinci sırasında dayanmışdır. Yol Hərəkəti haqqında Qaydaların tələblərinə riayət edərək maşını idarə edərək ara məsafəsini düzgün saxladığından, əyləcə bacaraq qarşıdakı maşına dəymədən maşını saxlaya bilmişdir. Lakin ondan arxada hərəkət edən “Mercedes Benz” markalı yük maşını ara məsafəsini və sürəti düzgün seçmədiyi üçün dayana bilməmişdir və onun idarə etdiyi maşını arxadan vurmuşdur və inersiya ilə onun maşını yolda dayanmış “Nissan X-trail”-ə dəymişdir. Bütün bu hadisəyə dair video görüntü var. Hadisə yerinə gələn DYP əməkdaşı inspektor, polis kapitanı X5 tərəfindən hadisə yerinə “baxış keçirildi'’, əlbəttə ki, buna baxış demək olarsa. Belə ki, X7, arxadan mənə dəymiş yük maşınının şinlərinin asfalt örtüyündə qoyduğu izin uzunluğunu ölçmədən, hadisəyə ilkin səbəb olan Nissan markalı avtomobilin anidən yolun hərəkət hissəsində nə üçün saxlamasını araşdırmadan, ərazidə olan video kamera görüntülərinə baxmadan 7 gün sonra xx.xx.2024 - cü il tarixdə İXP 6543 165 saylı protokol tərtib edildi və xx.xx.2024-cü il tarixdə protokol xx.xx.2024 - cü il tarixli TP ******* saylı qərar ilə birlikdə mənə təqdim edilmişdir. X7 tərtib edilmiş qərarı ona özü deyil Yol Polis İdarəsində növbədə olan əməkdaşa verməklə onun vasitəsi ilə sənədin orijinalını deyil kserosurətini göndərmişdir. Həmin inspektora zəng etdikdə isə çox kobud rəftarla üzləşmişdir. Məsələ ilə bağlı daha öncə tərəfindən Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə 3(008)-6362/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edərək şikayəti təmin etmiş və TP ******* saylı qərarı ləğv edərək həmin inzibati-xəta haqqında işə yenidən baxılması üçün Sabunçu Rayon DYPŞ-nə göndərmişdir. Lakin məhkəmənin qərarı ilə inzibati xəta haqqında qərar ləğv edilməsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq Sabunçu Rayon DYPŞ-i məhkəmə qərarını icra etməmiş, əksinə DYPŞ-i bir Azərbaycan Respublikası vətəndaşı olaraq onun hüquqlarını pozmuşdur. O, DYPŞ tərəfindən təzyiqlərə məruz qalmış və ona qeyri-qanuni təkliflər olunmuşdur. Bildirmək istəyir ki, polis əməkdaşlarının bu cür davranışı DİN-nin, eləcə də Hüquq Mühafizə orqanlarının nüfuzuna xələl gətirir. Həmçinin tərəfindən məhkəmə qərarı birbaşa olaraq Sabunçu Rayon Polis İdarəsinə aparılmışdır. Lakin polis kapitanı Sahib Mirzəyev qərarı əldən qəbul etməyəcəyini, yalnız poçt vasitəsi ilə göndərilməsini tələb etmişdir. Bununla yanaşı məhkəmənin qərarına baxmadan inzibati xəta haqqında qərarı qüvvədə saxlayacağını bildirmişdir. Onun məhkəmənin qərarına baxmadan, heç bir araşdırma edilmədən bu şəkildə davranış göstərməsi Azərbaycan Respublikasının ədalət mühakiməsini həyata keçirən məhkəmənin qərarını önəmsəmədiyini göstərir. Məsələ ilə bağlı daha sonra hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət etmişdir. Ərizə icraata götürülmüş və aidiyyəti üzrə göndərilmişdir. Yalnız bundan sonra təxminən 1 həftə öncə poçt vasitəsi ilə Sabunçu Rayon Polis İdarəsi tərəfindən ona TP ******* saylı inzibati xəta haqqında qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Belə ki, onun günahı olmadığı halda onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Video görüntülərdən də görünür ki, ondan öndə hərəkət edən avtomobil adam götürmək məqsədilə yolun hərəkət hissəsində qəflətən saxlamışdır. Bu zaman, o da saxlamış və toqquşma baş verməmişdir. Lakin ondan sonra gələn yük avtomobili düzgün ara məsafəsi saxlamadığı üçün onun avtomobilini vurmuş və bunun nəticəsində onun avtomobili qabağa gedərək ondan öndəki avtomobilə dəymişdir. Bundan başqa qərarda hadisənin baş verdiyi yerdə düzgün yazılmamışdır. Hadisənin baş vermə yeri yanlış olaraq Zabrat qəsəbəsi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə “FORD TRANZİT YÜK” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı, Babək (Zabrat) idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına yol verdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 15:30-da “FORD TRANZİT YÜK” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı, Babək (Zabrat) idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına yol verdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Şikayətçinin təqdim etdiyi videogörüntüdən görünür ki, ağ rəngli minik avtomobili yolun hərəkət hissəsində qəfil dayanaraq adam götürmək istəmişdir. Ondan arxada hərəkətdə olan “FORD TRANZİT” yük avtomobili dayanmışdır. Lakin ondan sonra gələn yük avtomobili isə öndəki məneəni nəzərə almadan hərəkətini davam etdirərək “FORD TRANZİT” markalı yük avtomobilini vurmuşdur. O da irəli hərəkət edərək ondan öncəki avtomobilə dəymişdir. Yəni videogörüntüdən də görünür ki, minik avtomobili sürücüsü yol kənarında dayanmış şəxsi götürmək üçün avtomobili yolun sağ hissəsinə çəkməli olduğu və dönmə işarəsini verməli olduğu halda bunu etmədən yolun hərəkət hissəsində avtomobili qəfil saxlamışdır. Buna baxmayaraq arxadan gələn “FORD TRANZİT” markalı avtomobil sürətini azaltmış və düzgün ara məsafəsi seçdiyindən toqquşma baş verməmişdir. Ondan arxada gələn avtomobil isə onu vurmuşdur. Sonuncu avtomobil qarşıda maneənin olmasına baxmayaraq, sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu və düzgün ara məsafəsi saxlamalı olduğu halda bunu etməmiş və hərəkətini davam etdirərək qarşıdakı avtomobili vurmuşdur. “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 təqsirliliyi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar