Məhkəmə qərarları › İş №3(008)-4432/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4432/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4432/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X6 İdarəsinin polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı” çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən, barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq olunmuşdur. Bakı şəhəri X6 İdarəsinin polis Baş leytenantı X3 tərəfindən tərtib edilmiş “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı" çıxarılan İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, pozulmuş hüquqları bərpa olunmalıdır. Bakı şəhəri X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 07:50 radələrində Mazda CX-5 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Halbuki, 2 istiqamətli, 4 hərəkət zolaqlı avtomobil yolunda hərəkətdə olarkən, sağdan ikinci zolaqda, yolun 1.11 üfüqi nişanlanması olan hissəsində geriyə dönüş etmək məqsədilə dayanmış, təxminən 20–30 saniyə gözlədikdən sonra qarşıdan gələn nəqliyyat vasitəsinin yol verməsi ilə geriyə dönmə manevrini həyata keçirməyə hazırlaşmışdır. O, geriyə dönmə zolağında — 1.11 üfüqi nişanlanmanın göstərildiyi sahədə dayanaraq hərəkətin digər iştirakçılarına mane olmamışdır. Manevr zamanı, yəni yolun sağdan üçüncü zolağında hərəkətdə olarkən, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etmiş və nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə vətəndaşın avtomobilini sol qabaq qapı hissəsindən vurmuşdur. Heç bir maddi sübut toplanmamış, hadisə yerində məsul vəzifəli şəxs tərəfindən araşdırma aparılmamış, şahidlər dindirilməmiş, müvafiq prosessual hərəkətlər həyata keçirilməmişdir. Həmçinin, yol hərəkəti qaydalarını pozmuş **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməllərinə dair protokol tərtib edilməmişdir. Ona polisin araşdırma aparacağı barədə məlumat verilmişdir. Hadisədə günahkarın əks istiqamətdə hərəkət edən **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuşdur. Lakin polis baş leytenantı X3 hər şeyin aydın olduğunu bildirərək, protokol və qərar tərtib olunacağını vəd etmişdir. Buna baxmayaraq, heç bir maddi sübuta və görüntüyə əsaslanmadan barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil əslində eyni istiqamətli yolda hərəkət etməmiş, həmin avtomobil anidən hərəkətdə olduğu zolaqdan çıxaraq, 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq əks istiqamətə çıxmış və ötmə əməliyyatı etmək istərkən vətəndaşın idarə etdiyi avtomobilə çırpılmışdır. Qəzadan sonra yolun sağdan dördüncü zolağında müşahidə olunan təkər izlərinə baxmayaraq, hadisə yerinə gələn yol polis işçisi heç bir araşdırma aparmamış, hadisə yerindəki sübutları nəzərdən keçirməmişdir. Bakı şəhəri X6 İdarəsinin polis baş leytenantı X3 hadisənin yolun sağdan birinci və ikinci zolağında baş verdiyini təkid edərək, heç bir araşdırma aparmadan bunu dəqiq bildiyini ifadə etmişdir. Bakı şəhəri X6 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Həmçinin, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam şəkildə araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Nəticədə, inzibati xəta haqqında qanunvericiliyin tələbləri, inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi pozulmuşdur ki, bu da işin ədalətli həllinə maneə yaratmışdır. Bakı şəhəri X6 İdarəsinin polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Bakı şəhəri X6 İdarəsinin polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin xx.xx.2025ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, lzamanova Nərmin Sübhan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisə yerinin fotoşəkilindən görünür ki, fotoşəkildə təkər izləri aydın şəkildə əks olunub və bu izlər qəzaya səbəb olduğu iddia edilən hərəkət zolağında deyil, tamamilə fərqli zolaqda yerləşir və hadisə yerinin sxemi ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin araşdırılması zamanı faktiki hallar tam və obyektiv araşdırılmalıdır, Hadisə ilə əlaqədar bütün sübutlar (maddə, şahid ifadələri, video və s.) toplanmalı və qiymətləndirilməli, Hadisə yerində zəruri prosesual tədbirlər həyata keçirilməli, günahkar şəxsin müəyyən edilməsi üçün bütün mümkün amillər nəzərə alınmalıdır. İnzibati prosesdə vətəndaşın hüquqlarının qorunması, o cümlədən ədalətli araşdırma prinsipi, pozulmuş hüquqların bərpası zəruridir. Hər hansı inzibati tənbeh vermə qərarı sübutlara əsaslanmalı, qanunla müəyyən edilmiş prosedurlara uyğun qəbul edilməlidir. Təqdim olunan faktlar və arqumentlər göstərir ki, Bakı şəhəri X6 İdarəsinin polis Baş leytenantı X3 tərəfindən tərtib edilən inzibati protokol və qərar sübutlarla təsdiqlənməyib. Hadisə yerində zəruri araşdırmalar aparılmamış, şahidlər dindirilməmiş, mühüm sübutlar toplanmamışdır. Hadisə yerində təkər izləri, qəzaya səbəb olmuş hərəkət zolaqları, digər material sübutları qeydə alınmalı, video qeydiyyatları toplanmalı, hadisəyə şahid olmuş şəxslər dindirilməli idi. Bu proseslərin aparılmaması sübut bazasının tam toplanmamasına, qərəzsiz və obyektiv araşdırmanın təmin olunmamasına gətirib çıxarır. Hüquqi ədalət prinsipinə görə, inzibati və ya məhkəmə qərarları yalnız sübutlara əsaslanaraq qəbul edilməlidir. Sübutların toplanmaması və ya yetərsizliyi inzibati xətaya görə məsuliyyətin düzgün müəyyən edilməsini əngəlləyir. Azərbaycan məhkəmə praktikasında dəfələrlə vurğulanıb ki, sübutların toplanması prosesi qanunauyğun aparılmadıqda, qəbul edilən qərarlar ləğv olunmalıdır. Sübut bazası zəif olan işlərdə qanunvericilik normalarının pozulması səbəbindən inzibati tənbeh vermə qərarları etibarsız sayılır. Hadisə yerində təkər izləri, qəzanın baş verdiyi hərəkət zolağının dəqiq müəyyən olunması, şahid ifadələrinin toplanması və digər müvafiq sübutların qeydə alınmaması hüquqi normaların pozulmasıdır. Məhkəmə hesab edir ki, hadisə yerindəki təkər izləri — qəzanın baş verdiyi hərəkət zolağının müəyyən edilməsində əsas fiziki sübut hesab olunur. Yol-nəqliyyat hadisələrinin araşdırılmasında təkər izləri mühüm əhəmiyyət daşıyır, çünki onlar avtomobilin hərəkət trayektoriyasını, qəza anındakı sürətini və hərəkət zolağını müəyyən etməyə imkan verir. Bu baxımdan, təkər izlərinin qəzanın baş verdiyi iddia edilən hərəkət zolağı ilə üst-üstə düşməməsi mühüm ziddiyyət yaradır və hadisənin necə baş verməsi barədə protokolda göstərilən məlumatların düzgünlüyünü şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin araşdırılması zamanı iş üzrə bütün mühüm sübutlar maddi, fiziki, şahid ifadələri daxil olmaqla toplanmalı və iş hərtərəfli araşdırılmalıdır. Hadisə yerində təkər izləri ilə bağlı qeydlərin, onların dəqiq ölçülməsi və təhlili aparılmadan, həmçinin bu sübutların hadisə protokolundakı versiya və hadisə anının sxemi ilə üst-üstə düşməməsi araşdırmanın tam və obyektiv aparılmaması kimi qiymətləndirilməlidir. Bu, inzibati araşdırmanın qanunsuzluğunu və nəticədə qəbul edilmiş qərarın əsassızlığını göstərir. Hüquqi təcrübədə sübutların ziddiyyətli və ya qeyrikafi olması hallarında “şübhə şəxsin xeyrinədir” prinsipi tətbiq edilir. Bu prinsipə əsasən, əgər inzibati orqan və ya məhkəmə iş üzrə tam, dolğun və aydın sübutlar əldə edə bilmirsə, inzibati məsuliyyətə cəlb etmə qərarı qəbul edilə bilməz. Hadisə yerində təkər izlərinin hərəkət zolağı ilə üst-üstə düşməməsi, bu prinsipin tətbiqini tələb edir və qərarın ləğvi üçün əsas yaradır. Sübutların tam və obyektiv toplanmaması və qiymətləndirilməməsi inzibati araşdırmanın ədalətli olmamasına səbəb olur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulan hüquq prinsiplərinə, o cümlədən ədalətli araşdırma hüququna ziddir. İnzibati qərarın qanunsuz olması və əsassız qəbul edilməsinin nəticəsi olaraq həmin qərarın ləğvi və işin yenidən araşdırılması zəruridir. Yenidən araşdırma zamanı təkər izlərinin dəqiq ölçülməsi, hadisə yerinin tam müayinəsi, şahidlərin dinlənilməsi və digər bütün mühüm sübutların toplanması təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, hadisə yerində təkər izlərinin hadisənin baş verdiyi hərəkət zolağı ilə üst-üstə düşməməsi, inzibati qərarın əsassızlığı və qanunsuzluğu barədə ciddi şübhələr yaradır. Bu ziddiyyət inzibati araşdırmanın qanunvericilik normalarına uyğun aparılmadığını göstərir. Buna görə, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən, tam, hərtərəfli və obyektiv araşdırılmaq üçün aidiyyəti orqana göndərilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X6 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar