Məhkəmə qərarları › İş №3(008)-4446/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4446/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4446/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu, Tanrıqullar Ə/D, Tanrıqullar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru X2 bildirmişdir ki, 23 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X8 marketinin yaxınlığında, X7 (DYP) əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən Şəxs, avtomobilini qarşıya sürməsi barədə verilən bildirini qəbul etməmişdir. Şəxs X7 (DYP) əməkdaşlarının tələblərinə etiraz edərək yüksək səslə danışmış və avtomobilini hərəkətə gətirməkdən imtina etmişdir. Bu hal nəticəsində, Şəxs əməkdaşları tərəfindən həmin şəxs qanunla müəyyən edilmiş prosedurlara əsasən Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmişdir. Faktla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlər əsasında Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, “Chevrolet Cobalt” markalı avtomobil ilə taksi fəaliyyəti göstərir. 23 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X8 marketinin yaxınlığında müştərisini düşürdükdən sonra yeni sifariş qəbul etmiş və müştəri ödənişi kart vasitəsilə həyata keçirmişdir. Bu vaxt, o, avtomobili yol kənarında dayandıraraq, müştərinin yolun qarşı tərəfinə keçməsini gözləmişdir. Həmin vaxt, X7 (DYP) əməkdaşları tərəfindən avtomobilini bir qədər irəlidə, təxminən 100 metr aralıda saxlaması barədə xəbərdarlıq edilmişdir. O, müştərinin yaxınlaşdığını və 100 metr məsafəsinin müştəri üçün çox uzaq olacağını əsas gətirərək, X7 (DYP) əməkdaşlarının tələbini yerinə yetirməkdən imtina etmişdir. Bunun nəticəsində, o, polis bölməsinə aparılmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirərək, şəxsi vəziyyətini — yeni doğulan körpəsinin və həyat yoldaşının böyrək xəstəliyindən əziyyət çəkməsini əsas gətirərək, barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 23 iyul 2025-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X8 marketinin qarşısında, X7 (DYP) əməkdaşları tərəfindən nəqliyyatın intensivliyinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbir zamanı, “Chevrolet Cobalt” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşılaraq, avtomobilini 100 metr irəlidə saxlamağı bildirilmişdir. Sürücü, müştəri gözlədiyini əsas gətirərək, avtomobilin yerini dəyişməkdən imtina etmiş və DYP əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, avtomobilini hərəkətə gətirməkdən imtina etmişdir. Sürücü, ona bildirildiyi halda ki, müştərisini 100 metr irəlidə götürə biləcək, bu tələbi qəbul etməmiş və davranışını dəyişdirməmişdir. Daha sonra, sürücüyə dayanma-durma qaydalarına riayət etməsi və avtomobilini müvafiq olaraq irəlidə saxlaması bildirildikdən sonra, sürücü yüksək səslə danışaraq, yenə də qanuni tələblərə tabe olmamışdır. Nəticə etibarilə, həmin şəxs polis əməkdaşları tərəfindən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* №li 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 017327 nömrəli, 23 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs 23 iyul 2025-ci il tarixdə, saat 18:50də inzibati qaydada tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar