Məhkəmə qərarları › İş №3(008)-4447/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4447/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4447/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli MN2123196 saylı protokoldan görünür ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutula inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 3797/2025 saylı qərardadı ilə Şəxs MMC-nin AR İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, tərtib olunmuş inzibati xəta haqqında protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs MMC-nin xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması faktının müəyyən edildiyi qeyd edilsə də, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən bir dəfə inzibati xəta haqqında protokol qeyd edilən çatışmazlığın aradan qaldırılması üçün geri qaytarılmasına baxmayaraq yenidən müvafiq sənədlər əlavə edilmədən inzibati xəta haqqında protokol məhkəməyə göndərilmişdir. Bu isə bir daha onu göstərir ki, qeyd edilən çatışmazlığın işə mahiyyəti üzrə baxılması zamanı da tamamlanması mümkün deyil. Eyni zamanad məhkəmə qeyd edir ki, Şəxs MMC DƏMXnin Bakı şəhər İdarəsinə ünavanlanmış müraciətində işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etdiyini bildirmişdir. Bu isə inzibati orqan tərəfindən bunun əksinin mövcudluğunu təsdiq edən sənədin təqdim edilməsini şərtləndirir. Bundan başqa AR İXMnin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin qanunvericiliyin qeyd edilən tələbi də inzibati orqan tərəfindən pozularaq inzibati xəta haqqında protokol onun tərtib edildiyi vaxtdan 5 ay keçəndən sonra göndərilmişdir. Hazırda isə AR İXM-nin 469.2-ci maddəsi həmin Məcəllədən çıxarılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə qanunvericiliyə edilən dəyişikliyə əsasən İXM-nin 469.2-ci maddəsi İXM-dən çıxarılmış və əvəzində İXM-nə 469-1-ci maddəsi, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi görə inzibato xəta nəzərdə tutan yeni maddə əlavə edilmişdir. Məhkəmənin inzibati xəta haqqında protokoldan kənara çıxaraq şəxsə digər maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsini istinad etmək kimi yaxud inzibati xəta haqqında işlərə baxarkən şəxsin əməlini digər maddəyə tövsif etmək kimi səlahiyyəti yoxdur. Məhkə qərardadı ilə müəyyn edilmiş geri qaytarma ilə bağlı nöqsanlar aradan qaldırılmamış və inzibati orqan tərəfindən 23 yanvar 2025-ci il tarixli MN2123196 saylı protokol yenidən məhkəməyə göndərilmişdir. Protokola inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 16 iyul, 04 iyun, 07 aprel və 23 yanvar 2025-ci il tarixli qəradadlar, müraciət məktubu və xx.xx.2025-ci il tarixli protokolun tərtib olunmasında iştirak barədə müraciət əlavə edilmişdir. Protokolda adları qeyd edilən şəxslərin Şəxs MMC-nə aid olub-olmaması, pozuntunun necə aşkar olunması və digər hallara dair heç bir sənəd əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli MN2123196 saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli MN2123196 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar