Məhkəmə qərarları › İş №3(008)-4455/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4455/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4455/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə müşaviri X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Fizuli rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi 61, ADİU-nun nəzdində Sosial İqtisadi Kollecin Yataqxanası ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş MN ******* saylı, 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-597/2022 nömrəli qərarı ilə Şəxs X2 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2xx.xx.2022-ci il tarixli, 2(008)- 597/2022 nömrəli icra vərəqəsinə əsasən qanunamüvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası barədə qərar və bildiriş borcluya təqdim edilmiş, lakin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi təmin edilməmişdir. Dəfələrlə borclu ilə əlaqə yaradılmağa cəhd olunsa da, o, telefonlara cavab verməmişdir. İcra məmurunun çağırışlarından mütəmadi olaraq yayınmışdır. Sonradan barəsində axtarış qərarı qəbul edilmiş, yalnız bundan sonra o, icra şöbəsinə yaxınlaşmışdır. Borclu icra sənədinin icrası üçün bugünədək hər hansı addım atmamış və alimenti ödəyə bilməməsinin üzürlü səbələrlə əlaqədar olmasına dair hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, maddi imkansılığı ilə əlaqədar aliment borcunu ödəyə bilmir. Hal-hazırda heç bir yerdə işləmir. Günəmuzd işlərdən qazandığı pulla alimenti ödəməsi mümkün deyildir. 10 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 Elşan Bayram oğlunun bu günədək aliment məbləğindən ödəniş etmədiyini, icra məmurunun tələblərini icra etmədiyini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 597/2022 nömrəli icra sənədini icra etməməklə icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. 14 fevral 2022-ci il tarixli, 2(008)-597/2022 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Şəxs X2 xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Fizuli Rayon İcra və Probasiya şöbəsinin 27 aprel 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Fizuli Rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-597/2022 saylı icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında işləmədiyinə görə icra sənədi üzrə heç bir ödəniş etmədiyini, alimentə məbləğindən hər hansı məbləğdə ödəniş etmədiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-4455/2022 saylı qərardadına əsasən Şəxs məhkəmə iclasına gəlmədiyindən və çağırışlardan dəfələrlə yayındığından barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-597/2022 nömrəli icra sənədi üzrə heç bir ödəniş etməmiş və bunun üzürlü səbəbdən olmasını təsdiq edən hər hansı hala istinad edə bilməməklə yanaşı buna dair hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Şəxs işsiz olduğundan və maddi imkanı yol vermədiyindən müvafiq borcdan ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər bir valideynin konstitusiyadan irəli gələn vəzifəsi olmasını nəzərə alaraq göstərilən həmin dəlili Şəxs tərəfindən uşağının saxlanması üçün heç bir vəsait ödəməməsinin üzürlü səbəbi kimi qiymətləndirmir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs AR İXMnin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 31 avqust 2022-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cəfərov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 avqust 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar