Məhkəmə qərarları › İş №3(008)-4460/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4460/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4460/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin TP seriyalı ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, 29 mart 2025-ci il tarixli, TP7143417 nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, “TOYOTA RAV 4” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Tərəfindən həmin inzibati tənbehə dair qərardan Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 may 2025-ci il tarixli, 3(008)-3529/2025 saylı qərarı ilə inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilmişdir. Əvvəlki qərarın ləğvindən sonra 22 iyul 2025-ci il tarixli, TP7385188 nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “TOYOTA RAV 4” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı yenidən 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarda göstərilən inzibati xəta faktiki olaraq baş verməmişdir və nəqliyyat vasitəsinin sahibi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri pozulmamışdır. Şəxs öz barəsində inzibati xəta haqqında tərtib edilmiş qərarla razı olmadığını bəyan etmiş və bu barədə müvafiq qaydada narazılıq bildirmişdir. Bu baxımdan, 22 iyul 2025-ci il tarixli TP7385188 nömrəli qərarla inzibati tənbeh tətbiq edilməsinə dair hüquqi əsasların olmadığı qeyd olunur. xx.xx.2025-ci il tarixli TP7385188 nömrəli qərarla “TOYOTA RAV 4” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. xx.xx.2025-ci il tarixli TP7143417 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında X2 vəsatətlə məhkəməyə müraciət edərək qərardan şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasını xahiş etmiş və şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətin hüquqi dövlət olduğunu təsbit edir. Hüquqi dövlət quruculuğunun ən vacib tərkib hissələrindən biri isə ədalətin təmin edilməsidir. Bu, məhkəmə-hüquq sistemində təqsirsizlik prezumpsiyası, sübutetmə yükünün bölüşdürülməsi və şəffaf məhkəmə proseslərinin keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi şəxsə inzibati məsuliyyətə cəlb edilməklə bağlı ən əsas hüquqi qorumanı verir – təqsirsizlik prezumpsiyasını. Bu maddəyə görə, şəxsin öz təqsirsizliyini sübut etmək öhdəliyi yoxdur, əksinə təqsirlilik sübut edilməlidir. Bu prinsip həm Konstitusiya (məsələn, 63-cü maddə – şəxsin hüquq və azadlıqlarının toxunulmazlığı), həm də beynəlxalq hüquq (AİHM-in 6-cı maddəsi) ilə təsdiqlənir. Təqsirsizlik prezumpsiyası hüquqi təhlükəsizliyi və insan ləyaqətini qoruyur, şəxsə özünü müdafiə hüququnu təmin edir. İnzibati proses, məhkəmənin inzibati xətalar üzrə işləri araşdırması və həlli üsullarını tənzimləyir. Burada hüquq normaları həm inzibati hüquq, həm də prosesual hüquq qaydalarına əsaslanır. Sübutetmə yükü – bir tərəfin iddiasını və ya faktiki halları məhkəmə qarşısında təsdiq etmək öhdəliyidir. İXM-in 8-ci maddəsi və ümumi hüquq prinsiplərinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Buna görə də, sübutetmə yükü inzibati protokol tərtib edən orqanın üzərindədir. Yol Polisi idarəsi konkret inzibati xətanın mövcudluğunu sübut etməli, yəni protokolda əks olunmuş faktları etibarlı dəlillərlə təsdiq etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi məhkəmə iclasında tərəflərin iştirakını və sübutların təqdim olunmasını tənzimləyir. Məcburiyyət olmadan iclasa gəlməyən şəxs və ya orqanın iştirakı məhkəmə tərəfindən qiymətləndirilir. Yol Polisi idarəsinin məhkəmə iclasına gəlməməsi və sübutlar təqdim etməməsi, sübut yükünü yerinə yetirməməsi kimi qəbul edilir. Bu halda, məhkəmə sübutların olmaması səbəbindən inzibati xətanın mövcudluğunu təsdiq edə bilməz. Bu maddə, həmçinin, mübahisənin həlli zamanı bütün faktların tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasını tələb edir. Sübutlar təqdim edilmədən inzibati məsuliyyətə cəlb etməkararının qəbul olunması prosessual hüququn əsas prinsiplərinə ziddir. Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnun olduğunu təmin edir. AİHM-in 6-cı maddəsinə əsasən isə, məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi, özünü müdafiə hüququ, hüquqi yardım almaq hüququ təmin edilməlidir. Yol Polisi orqanının məhkəmə prosesində iştirak etməməsi və sübut təqdim etməməsi, təqsirləndirilən şəxsin məhkəmədə bərabər iştirak hüququnun pozulması kimi qiymətləndirilir. Hüquqi dövlət anlayışına əsasən, inzibati prosesdə şəxsə qanuni müdafiə hüququ və prosedur normalarına tam riayət olunmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirsizliyi ilə bağlı sübutlar təqdim olunmadıqda, məhkəmə bunu əsaslı şəkildə nəzərə almalı və işi lazımi qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci və 61-ci maddələrinə, həmçinin Konstitusiya prinsiplərinə, beynəlxalq hüquq normalarına və məhkəmə təcrübəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsə qarşı irəli sürülən ittihamların sübut edilməsi dövlət orqanının öhdəliyidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi, şəxsə qarşı təqsirin sübut olunmaması deməkdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin hüquqlarının tam qorunması üçün dövlət orqanları sübut yükünü tam şəkildə yerinə yetirməli, məhkəmə isə sübutlara əsaslanan ədalətli və qanuni qərar qəbul etməlidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi inzibati xətanın mövcudluğunu təsdiq etməyə imkan vermir. Prosedur pozuntuları və sübutların təqdim edilməməsi şəxsin hüquqlarının pozulması sayılır və ədalətli məhkəmə prinsipinə uyğun olaraq məsuliyyətdən azad olunmasına gətirib çıxarır. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar