Məhkəmə qərarları › İş №3(008)-4461/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4461/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4461/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs- X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 10 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(008)-3513/2019 saylı icra sənədi üzrə cavabdeh Şəxs 28 may 2015-ci il təvəllüdlü X2 və 30 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməli olduğu halda məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs aliment borcunun çox hissəsini ödəmiş, ödənilməmiş məbləğ 4385 manat təşkil edir. Hazırda inzibati xəta haqqında protokol tərtib etmələrinin səbəbi isə tələbkarın pulu tam şəkildə istəməsi olmuşdur. Sədrlik edənin sualına cavab olaraq icra məmuru bildirmişdir ki, X6 aliment borcunun yarıdan çox hissəsini ödəmiş, keçən ay o, həmin borcdan 300 manat, bu ay, yəni avqust ayının əvvəli isə 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, X6 bu günədək aliment borcunun yarıdan çox hissəsini ödəsə də, o, həmin borcun birdəfəlik tam ödənilməsini tələb edir. X6 həmin məbləği birdəfəlik ödəməyəcəyi təqdirdə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs X2 hazırda rəsmi iş yerinin olmadığını, onun taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Hazırda rəsmi işləməsə də, taksi fəaliyyəti ilə məşğul olur. Maddi imkanı aliment borcunu tam ödəməyə imkan verməsə də, o, yığılmış aliment borcunun yarıdan çox hissəsini ödəmiş, son aylarda da maddi imkanının çatdığı məbləğdə ödənişlər etmişdir. Onun borcu birdəfəlik ödəyə bilməməsinin səbəbi əldə etdiyi gəlirin buna hazırda imkan verməməsidir. Lakin o, heç vaxt icra sənədinin icrasından və öz övladlarının saxlanılması üçün aliment məbləğinin ödənilməsindən qəsdən yayınmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(008)- 3513/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 28 may 2015-ci il təvəllüdlü X2 və 30 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 10 avqust 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(008)-3513/2019 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanma haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs tərəfindən 10 avqust 2022-ci il tarixli izahatdan görünür ki, o, izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu, əldə etdiyi gəlirlə aliment borcunu ödədiyini bildirərək bu halın nəzərə alınmasını xahiş etmişdir. “e Manat” vasitəsi ilə həyata keçirilən ödənişləri təsdiq edən qəbzlərin surətindən görünür ki, Şəxs 05 avqust 2022-ci il tarixdə 50 manat, 07 avqust 2022-ci il tarixdə 50 manat, 10 avqust 2022-ci il tarixdə 100 manat olmaqla avqust ayında 200 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsin kart hesabına keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən icra məmurunun və zərərçəkmiş şəxsin özünün izahatlarından görünür ki, Şəxs aliment borcunun yarıdan çox hissəsini ödəməklə zərərçəkmiş şəxsə 4385 manat borcu qalmış, bununla yanaşı, o, bu ay da aliment borcundan 200 manat ödəniş etmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin hazırda rəsmi iş yeri yoxdur və o, taksi fəaliyyəti məşğul olur. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, aylıq stabil qazancı olmayan və gündəlik taksi fəaliyyəti ilə məşğul olan şəxsin aliment borcunun yarıdan çox hissəsini (5000 manatdan artıq hissəsini) ödəməsi, bundan savayı hər ay müvafiq ödənişlər etməsi onun məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınmamasına dəlalət edən hallardır. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməməsinin səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallardan görünür ki,icra sənədi icraya yönəldiyi gündən etibarən Şəxs cəmi bir dəfə, 10 avqust 2022ci il tarixdə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və elə həmin gün də barəsində inzibatin xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, 2019-cu ildən bu günədək borclunun əvvəllər icra şöbəsinə dəvət edilməməsi, ona hər hansı xəbərdarlığın edilməməsi kimi hallar da Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmamasının və icra məmuru tərəfindən qətnamənin icrası üçün kifayət qədər tədbirlər görülmədən inzibati xəta haqqında protokol tərtib etməsinin göstəricisidir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, aliment borcunun ödənilməsinin təmin edilməsi üçün tələbin yönələ biləcəyi borcluya məxsus hər hansı əmlakın olubolmamasını müəyyən etmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin çox hissəsinin ödənilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar