Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4463/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə MN ******* saylı, 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 10 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində “999” adlı kafedə X3 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu işdə olan sənədlər əsasında tərtib etdiyini, hadisənin şahidi olmadığını göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmir.O, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “999” adlı kafeni işlədir. Zərərçəkmiş şəxs həmin kafedən 40-50 metr aralıda yaşayır. 09 iyun 2022-ci il tarixdə, saat 01:00 radələrində Aydının atası Elsevər DİN-nin 102 xidmətinə zəng edərək kafe barədə yalan məlumat vermişdir. Lakin polis əməkdaşları gələn zaman kafe bağlı olmuşdur. 10 iyun 2022-ci il tarixdə, saat 19 radələrində işdə olan zaman Aydın kafeyə gələrək səs-küy salmış və onunla münaqişə yaratmağa çalışmışdır. Münaqişə zamanı o, Aydına çıxıb getməsini bildirdikdə Aydın əlini belinə ataraq bıçaq çıxarmışdır. O, bunu gördükdə kənara çəkilmişdir. O, Aydını ümumiyyətlə vurmamışdır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində “999” adlı kafedə X3 döymüşdür. Şəxs 10 avqust 2022-ci il tarixli izahatından görünür ki, o, özünü AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək Aydın adlı şəxsi döymədiyini və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. 14 iyul 2022-ci il tarixli raportdan görünür ki, 10 iyun 2022-ci il tarixdə Şəxs da polis şöbəsinə ərizə ilə müraciət edərək “999” adlı kafedə Aydın adlı şəxsin onun üzərinə bıçaq çəkərək hədələdiyini bildirmişdir. “Cinayət işinin rədd olunması haqqında” 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs və X1 qarşılıqlı şikayət ərizələri əsasında toplanmış təhqiqat materialı rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material 12-ci PŞ-nə təqdim edilmişdir. 1-13720, 1-7342, 1-19238 və 1-21507 saylı vəsiqələrin surətlərindən görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXMnin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs ilkin izahatından etibarən özünü AR İXMnin 157-ci maddəsi ilə təqsirli bilməyərək Aydın adlı şəxsi döymədiyini bildirmişdir. “Cinayət işinin rədd olunması haqqında” 14 iyul 2022-ci il tarixli qərarda istinad olunmuş MTE və PA Birliyinin Sabunçu rayon şöbəsinin 12 iyul 2022-ci il tarixli, 1181 saylı rəyindən görünür ki, həmin rəydə vətəndaş X1 adına olan X6 müraciət etdiyi üçün tibbi sənəd təqdim edildikdən sonra tamamlanacağı göstərilmişdir. Həmin qərarda istinad olunmuş MTE və PA Birliyinin Sabunçu rayon şöbəsinin 12 iyul 2022-ci il tarixli, 1181 saylı əlavə rəyində isə vətəndaş X2 aşkar edilmiş xəsarətlərin 27 aprel 2022-ci il tarixə uyğun gəlməsi, sağlamlığa zərərvurmayan xəsarətlər olmaqla dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Halbuki, iş materiallarından, o cümlədən, həm zərərçəkmiş şəxsin özünün, həm də barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarından hadisənin 10 iyun 2022-ci il tarixdə baş verməsi işin mübahisəsiz halıdır ki, belə olan halda göstərilən ekspert rəyi Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş materialdan görünür ki, hadisə kafedə baş verməsinə baxmayaraq iş üzrə hər hansı şahid ifadəsi alınaraq materiala əlavə edilməmişdir. Göründüyü kimi, iş materiallarında zərərçəkmiş şəxsin izahatından başqa Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur, işdə olan sübutlar isə onun əməlində AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını istisna edən sübutlardır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetmədiyindən, iş materiallarında olan sübutlar onun əməlində həmin maddənin tərkibinin olmasını istisna etdiyindən Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4463/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4463/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver