Məhkəmə qərarları › İş №3(008)-4518/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4518/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4518/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şhəri, Nərimanov rayonu, 10-cu Rezervuar küçəsi , ev 14A-da yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə daxil olmuş materiallar içərisindəki Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 15-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Elvin Məmmədov tərəfindən tərtib edilmiş raporta görə 26 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Məhəmmədli dairəsi yaxınlığında olan zaman bir nəfər şəxsin ictimai yerdə səslə qadına qarşı nəlayiq ifadələr işlədərkən, həmin şəxsə yaxınlaşıb özünü təqdim edib sakitçiliyə riayət etməyi, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətməsini bildirdikdə o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Həmin şəxs Sabunçu RPİ-nin 15-ci PŞ-nə gətirilmiş, həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhər sakini Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən MN № ******* saylı, 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 15-ci PB-nin sahə müvəkkili X4 izahatında göstərmişdir ki, Şəxs 217 saylı avtobusu idarə edərkən Nərminə Ağamalıyevanı avtobusa daxil olarkən polis xidməti vəsiqəsini kameraya göstərib getməsinə baxmayaraq, onun arxasınca gedərək Nərminə Ağamalıyevanı, onun anası və iki azyaşlı uşaqlarını təhqir etmişdir. Avtobusda səs-küy salmış, avtobusda olan sərnişinlər avtobusdan endirilmiş, əraziyə müvafiq polis əməkdaşı cəlb edilmiş, Şəxs intizama dəvət etsə də, o buna məhəl qoymamış və polisin qanuni tələbinə tabe olmamış və şəxsi PB dəvət edərək, barəsində protokol tərtib edilmişdir. Şəxs bundan əlavə Nərminə Ağamalıyevanın özünü şəhid ailəsi üzvü olmasına baxmayaraq, onu təhqir etmişdir. Bu səbəbdən də protokolu müdafiə edərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, “Baku Bus”-a məxsus marşrut xəttini idarə edərkən saat təxminən 18:00 radələrində Məhəmmədi istiqamətində olarkən bir nəfər qadın iki azyaşlı uşağı ilə avtobusa minib vəsiqəsini yuxarı kameraya göstərib keçmişdir. O vəsiqəni ona göstərmədiyi üçün qadının arxası ilə getmiş və ondan vəsiqəsini baxmasını xahiş etmişdir. Həmin vaxt xanım ona vəsiqəni gec göstərmiş, polis əməkdaşı və şəhid ailəsi üzvü olmasını bildirmişdir. Bundan sonra onların aralarında sözlə mübahisə düşmüş, əsəbi olduğundan avtobusu idarə edə bilmədiyi üçün məlumat vermiş və avtobusda olan sərnişən başqa avtobus çağrılaraq həmin avtobusa mindirilmişdir. Qadın şahid ailəsi üzvü olduğunu dedikdən sonra onu təhqir etməmişdir. Hadisə baş verən əraziyə polis əməkdaşları gələrək onu PB-nə dəvət etmiş, o da polis əməkdaşı ilə PB-nə gəlmişdir. Polis əməkdaşının hər hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə övladları ilə Məhəmmədi dairəsi yaxınlığında 217 saylı avtobusa minərkən vəsiqəsini kameraya göstərmiş, sürücü vəsiqəsini kameraya göstərdiyi halda ona da göstərməsini bildirərək onu və ailəsini təhqir etməyə başladı, sürücüyə şəhid ailəsi üzvü olduğunu bildirdikdə heç bir əhəmiyyət vermədən kobudluq etmiş, avtobusda olan şəxsləri avtobusdan yerə endirərək, avtobusu yolun kənarında saxlamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlər: 26 iyul 2025-ci il tarixli, AZA №017050 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 iyul 2025-ci il tarixdə saat 20:50-da inzibati qaydada tutulmuşdur. MN № ******* saylı, 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Məhəmmədi dairəsində xırda quliqanlıq edərək polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* saylı Qərardaddan görünür ki, inzibati xəta haqqında protokol və materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin raportu və izahatlar. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolun İXM-nin 535.1-ci maddəsinə münasibətdə qeyd edir ki, maddənin dispozisiyasının şərtinə əsasən polis işçisi ictimai vəzifələrini icra edərkən baş verməli, polis işçisinin tələbi qanuni olmalı və şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamalıdır. Nə inzibati xəta haqqında protokolda, nə ona əlavə edilmiş sənədlərdə maddənin dispozisiya şərtlərinin ödənilməsinə (polis işçisinin ictimai vəzifələrini icra edərkən baş verməsi, polis işçisinin tələbinin qanuni olması və şəxsin polis işçisinin qanuni tələbinə qəsdən tabe olmasına) dair sübutlar təqdim edilməmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər gətirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü, audio yazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında sübutların təqdim edilməsi ilə bağlı təklif edilsə də, sübutlar məhkəmə iclasına təqdim edilməmiş, qanuni tələblərinə tabe olmayan polis əməkdaşları şahid qismində dəvət edilməmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs həmin hissədə özünü təqsirli bilməmişdir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları sübuta yetmir. Məhkəmə Vasif Əsəsdov barəsində tərtib edilmiş İXM-nin 510-cu maddəsinı münasibətdə qeyd edir ki, hadisənin ictimai əhəmiyyətli avtobusda baş verməsi, Şəxs hərəkətləri nəticəsində avtobusda olan digər şəxslər kimi Nərminə Ağamalıyeva avtobusun sərnişini olmuş və məhz onun hərəkətlərinin nəticəsi olaraq Nərminə Ağamalıyeva və digər sərnişinlər xidmətdən yararlanmağa davam etmək kimi istəklərindən məhrum olmuş, nəticədə də məhz avtobusun normal fəaliyyəti pozulmuş və göstərilən hərəkətlər digər sərnişinlərin gözü qarşında törədilmiş, avtobusda olan sərnişinlər avtobusdan düşürdülərək başqa avtobusa keçirilmişdir. Nəticədə Şəxs əməli özünün qismən etiraf edici izahatı, şahid izahatı və protokola əlavə edilmiş digər sənədlər əsasında sübuta yetirilir. İş üzrə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq və həmin tədbirin tətbiqini kifayət hesab edir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar