Məhkəmə qərarları › İş №3(008)-4521/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4521/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4521/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptekə planlı YTM keçirilən zaman aprek tərəfindən YTQ-nın 01-2001 1.9-1.12; və 9.1-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmiş və bu barədə tərtib olunmuş akt protokola əlavə olunmuşdur. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC-də yoxlama aparılmış, yanğın-texniki müayinə keçirilmişdir, iş materiallarında göstərilən pozuntulardan yalnız yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələr ilə razılaşır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsinin nümayəndəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 Xidmətinin 14 iyul 2025-cü il tarixli, 3-18-62/Q-565/2025 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. xx.xx.2025-cü il tarixli, 3-18-62/Q-565/2025 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptekə aparılmış yoxlama zamanı obyektdə siqnalizasiya qurğusunun nasaz olduğu, YTQ01-2001 bənd 1.9.1.2 hissəsi tikinti zamanı DYNX ilə razılaşdırılmaması qeyd edilmişdir. Hüquqi şəxsin nümayəndəsi yoxlamada iştirak etmiş, aktda və tərtib edilmiş inzibati xəta haqqında protokolda imza etməkdən imtina edilmişdir. xx.xx.2025-cü il tarixli, 3-18-62/Q-565/2025 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, obyekt yanğın xəbər verici siqnalizasiya qurğusu nasazdır, obyekt tikinti zamanı DYNX ilə razılaşdırılmayıbdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadılırlar. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 1.9.12-ci bəndinə əsasən hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X3 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək vəzifələrini yerinə yetirməlidirlər. Qaydaların 9.1-ci bəndinə əsasən yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X3nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən Şəxs MMC həmin Məcəllənin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə və səlahiyyətli orqana (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 İdarəsinə) məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 4-cü ərazi X3 idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar