Məhkəmə qərarları › İş №3(008)-4558/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4558/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4558/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs- "xxxx" MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 15 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(008)-6595/2019 saylı icra sənədi üzrə cavabdeh Şəxs 622 manat ödənilməmiş hissənin, 187 manat cərimənin, ümumilikdə 809 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 839 manat məbləğində borcun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs bu günədək borc məbləğindən 100 manat məbləğində ödəniş etmişdir. O, keçən aydan etibarən borcu ödəməyə başlamışdır. Sədrlik edənin sualına cavab olaraq icra məmuru bildirmişdir ki, borclunun adına hər hansı əmlak aşkar edilməmiş, Şəxs borcdan keçən ay 50 manat, bu ay da 50 manat olmaqla cəmi 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Onun bu günədək borcu ödəməməsinin səbəbi maddi imkansızlığı olmuşdur. Onun himayəsində azyaşlı övladı olmaqla həmin uşağı tək böyüdür. Hazırda salonda işləməyə başlamış və keçən aydan etibarən borcu ödəməyə başlamışdır. Hər ayın 25-i 80 manat ödəməklə borcu ödəməyə hazırdır. Onun məhkəmə qətnaməsindən icrasından yayınmaq fikri yoxdur. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, barəsində inzibati qaydada qaydada icraat aparılan şəxsin dediyi qaydada ayda stabil olaraq 80 manat ödəməsinə razıdır. Aralarında bununla bağlı razılaşma əldə olunduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(008)- 6595/2019 saylı icra sənədi üzrə cavabdeh Şəxs 622 manat ödənilməmiş hissənin, 187 manat cərimənin, ümumilikdə 809 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 839 manat məbləğində borcun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 08 aprel 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(008)-6595/2019 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanma haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmişdir. 08 aprel 2020-ci il tarixli, e45451/2020-4-9 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcu ödəmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətiriləcəyi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Şəxs tərəfindən 15 avqust 2022-ci il tarixli izahatdan görünür ki, imkanı olmadığından borcu ödəmədiyini, indiyədək 100 manat ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən icra məmurunun və zərərçəkmiş şəxsin özünün izahatlarından görünür ki, Şəxs keçən aydan başlayaraq borcu ödəməyə başlamış və hər dəfə 50 olmaqla 100 manat ödəniş etmişdir. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, o, indiyədək maddi imkansızlıq səbəbindən borcu ödəyə bilməmişdir. Həqiqətən də, icra sənədlərindən görünür ki, borclunun adına hər hansı əmlak aşkar edilməmiş və onun rəsmi iş yeri yoxdur. Həmçinin, məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X1 məhkməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş tərəf Şəxs "xxxx"a olan 739 manat məbləğində olan borcunun hər ay 80 manat olmaqla ödəməsinə etiraz etmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin iş yerinin olmaması, icra sənədi üzrə az da olsa maddi imkanının yol verdiyi məbləğdə ödənişlər etməsi onun məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınmamasına dəlalət edən hallardır. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməməsinin səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin bir hissəsinin ödənilməsi təmin olunmaqla zərərçəkmiş şəxslə ödənişin hissə-hissə həyata keçirilməsinə dair razılığın əldə edilməsi, belə olan halda icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar