Məhkəmə qərarları › İş №3(008)-4566/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4566/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4566/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızının iştirakları ilə, Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızı barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 16 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(008)-577/2020 saylı icra sənədi üzrə cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızından və X3 müştərək qaydada 52570 manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu bu günə qədər bütün çağırışlara vaxtlı vaxtında gəlmiş, şəxs barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsinə ehtiyac duyulmamışdır. Sadəcə olaraq bu günədək borcdan hər hansı ödəniş həyata keçirilməmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru bildirmişdir ki, borclunun adına hər hansı əmlak aşkar edilməmiş, onun rəsmi iş yeri də yoxdur. Özünün bildirdiyinə əsasən təzəliklə xadimə kimi işə başlamış və borcu dələn aydan hissə-hissə başlayacaqdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Onun bu günədək borcu ödəməməsinin səbəbi maddi imkansızlığı olmuşdur. Onun himayəsində 3 azyaşlı övladı olmaqla həmin uşaqları tək böyüdür. Onun məhkəmə qətnaməsindən icrasından yayınmaq fikri yoxdur. O, yeni işə başladığından gələn ayın əvvəlindən ödənişləri etməyə başlayacaqdır. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(008)- 577/2020 saylı icra sənədi üzrə cavabdeh Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızından, X3 52570 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 06 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(008)-577/2020 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanma haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli 17/63479 nömrəli məktubuna əsasən, xx.xx.1982-ci il təvəllüdlü məhkum X5 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızının xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, öz izahatında qeyd olunan məbləği imkanı olmadığı üçün ödəyə bilmədiyini, məhkəmə qətnaməsindən icrasından yayınmadığını, himayəsində olan üç azyaşlı övladına təkbaşına baxdığından maddi baxımdan borcu ödəməsinin çətin olduğunu bildirmişdir. 13 may 2022-ci il tarixli, e308506/2021-4-27 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcu ödəmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətiriləcəyi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, o cümlədən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 18 may 2022-ci il tarixli, e308506/2021-4-27-00 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcu ödəmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətiriləcəyi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, o cümlədən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızının xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında qeyd olunan məbləği imkanı olmadığı üçün ödəyə bilmədiyini, ailə və maddi vəziyyəti ilə əlaqədar olaraq ödəməni edə bilmədiyini, 3 azyaşlı uşağının onun himayəsində olduğunu bildirmişdir. 02 avqust 2022-ci il tarixli, e308506/2021-4-27-00 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcu ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Tağıyeva (Səmədova) Dilqənd Şahbəddin qızının xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, əvvəlki izahatları ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. İlk növbədə məhkəmə qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icra vərəqəsi 2020-ci il tarixdə verilsə də, həmin icra sənədi üzrə icraata başlama qərarı 2022-ci il tarixdə qəbul edilmiş və müvafiq icra tədbirləri də 2022-ci ildən başlayaraq tətbiq edilməyə başlamışdır. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs həm icra şöbəsində dəfələrlə verdiyi izahatlarında, həm də məhkəmə iclasında verdiyi izahatında məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınmadığını, maddi imkanın və stabil iş yerinin olmadığını, himayəsində olan üç azyaşlı övladını təkbaşına böyütdüyünü və bu səbəblərdən məhkəmə qətnaməsini bu günədək icra edə bilmədiyini, hazırda xadimə kimi işə başladığını və gələn aydan ödənişlər etməyə başlayacağını bildirmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən icra məmuru məhkəmə iclasında Şəxs rəsmi və ya stabil iş yerinin olmadığını, adına hər hansı əmlakın aşkar edilmədiyini, himayəsində olan üç azyaşlı uşağını təkbaşına böyütdüyünü təsdiq etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, icra sənədinin icraya yönəlməsindən uzun müddət keçməməsi, barəsində inzibati qaydada icraat aparılan şəxsin iş yerinin olmaması, adına icranı həyata keçirməsinə imkan verən hər hansı əmlakın olmaması onun məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınmamasına dəlalət edən hallardır. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmiş, onun icra sənədini icra etməməsinin səbəbi maddi cəhətdən buna imkanının çatmaması olmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz olaraq icra etməmə kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin həmin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və bununla da Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar