Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4572/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Hüquqi şəxs “X27» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs “X27» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 22 iyul 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi vətəndaş X2 “X27» MMC-də xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin X12 protokola uyğun izahat verərək bildirmişdir ki, X7 Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirl. Həmin məlumat İdarəyə Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş, Tamara Cavadzadə polisə verdiyi izahatında və məhkəmə iclasında olan izahatında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək MMC-də aşbaz köməkçisi işləməsini etiraf etmiş, işdə olarkən xəsarət almışdır. Eyni zamanda MMC-nin nümayəndəsi Teymur Əliyev X15 Xidmətinin Bakı şəhər Ərazi İrarəsinə verdiyi izahatında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək MMC-də təcrübədə olduğunu, daxili təhlükəsizlik qaydaları ilə tanış olaraq təlim keçməsinə və imza edib tanış olmasına baxmayaraq bıçaqla barmağını zədələməsini etiraf etmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X27» MMC-nin təsisçisi X10 izahatında bildirdi ki, həqiqətən Tamara Cavadzadə onlara iş üçün müraciət etmiş, xx.xx.2025-ci il tarixdə tanışı MMC-nin işçisi Fatma xanımın yanına gəlmişdir. Onun əlinin necə xasərət alması barədə məlumat olmasa da, Tamara Cavadzadə işlə təmin olunmadığı üçün MMC-dən şikayətlər etməyə başlamışlar. X16 MMC-də işləməsini qeyd etsə də, tərəfimizdən təqdim edilmiş şahidlər Tamar Cavadzadənin orada işləməsini təsdiq etməmişlər. Tamara Cavadzənin xx.xx.2025-ci il tarixdə MMC-də olması onun işə cəlb edilməsi anlamına gələ bilməz. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, “X27» MMC-nə iş üçün müraciət etmişdir. Ona bildirmişlər ki, əvvəlcə onu stajor kimi yoxlayıb, daha sonra aşbaz köməkçisi kimi işə götürəcəklər. xx.xx.20225-ci il tarixdən MMC-də aşbaz köməkçisi kimi işə başlamışdır. İş saatları axşam saat 21:00-dan səhər saat 06:00 kimi olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində işdə olarakən dəzgahın bıçağı ilə sağ əlinin barmağını kəsmişdir.Barmağının kəsilməsinə baxmayaraq may ayının 14-nə kimi işə getmiş, lakin ona şirkətdən bildirmişlər ki, yarasız olduğu üçün işə gəlməsin. Onu işə buraxmadıqlarından məcbur olub polis orqanlarına şikayətlər etmişdir. Hazırda MMCyə qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona verilmiş suallara cavabında bildirmişdir ki, o, şirkətə işə girmək məqsədi ilə getmişdir. Ona Nərmin xanım demişdir ki, əvvəlcə onun işi bacarıb bacarmadığını yoxlamalıdırlar. Bundan sonra Fatma adlı xanımın yanında aşbaz köməkçisi kimi işə başlamışdır. Onunla hər hansı müqavilə bağlanmamışdır. Əl barmağını şirkətdə dəzgahda iş görərkən xx.xx.2025-ci il tarixdə almışdır. Onun kartına barmağı kəsiləndən sonra 150 manat pul göndərmişlər. Həmin pulu hansı məqsədlə verdiklərini bilmir və pul ona polisə şikayət edəndən sonra verilmişdir. Şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, MMC-də baş aşbaz vəzifəsində çalışır. Tamara Cavadzadəni əvvəldən tanıyır. Tamara şirkətdə işə başlamaq üçün bir neçə dəfə müraciət etmişdir. Sonuncu dəfə işə müraciətlə bağlı gələndə müdriyyət yerində olmadığı üçün görüş olmamışdır. Şirkətə gələrkən Tamaranın əli yaralı olmuşdur. Onun iş qrafiki səhərlər olduğu üçün həmin gün nə baş verdiyini tam olaraq bilmir. İş qrafiki səhər olduğundan və baş aşbaz olduğu üçün axşam gəlib iş rejiminə nəzarət etmişdir. Tamara Cavadzadə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, o, MMC-də HR kadrlar şöbəsində işləyir. Tamara Cavadzadə bir neçə dəfə iş üçün şirkətə müraciət etmişdir. Bununla bağlı Tamara iki-üç dəfə şirkətə gəlmişdir. Şirkətə gəlmə səbəblərindən biri də əməkdaşımız Fatma Məmmədova ilə əvvəldən tanışlıqlarının olmasıdır. Onun iş qrafiki səhər saatları olmuşdur. İş görüşləri səhər iş vaxtlarında keçirilir. Tamara Cavadzadə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Tamara Cavadzadə işə götürülmədiyi üçün şirkətdən şikayət etməyə başlamışdır. Şahid qismində dindirilmiş X18 izahatında göstərmişdir ki, o, şirkətdə daxili nəzarət şöbəsində işləyir. Tamara Cavadzadənin şirkətdə olmasını görmüşdür və işə girmək adı ilə şirkətə gəlib səs-küy salmışdır. Rəhbərliyin Tamara xanımın orda olmasından xəbəri olmamışdır. Tamara Cavadzadəyə insanlıq xatirinə şirkət tərəfindən pul ödənilmişdir. Tamara Cavadzadə işlərin yerinə yetirilməsinə cəlb edilməsindən məlumatı olmamışdır. Şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, Tamara Cavadzadə iş üçün şirkətə müraciət etmişdir. Lakin uyğun olmadığı üçün işə götürülməmişdir. xx.xx.2025-ci il tarixdə Tamara xanım işlə əlaqədar görüşə gəlmiş, görüşə gələrkən əli zədəli olmuşdur. Həmin gündə iddia edib ki, işə qəbul olunmalıdır. İşə götürürlmədiyi üçün şirkətdən şikayət etməyə başlamışdır. Xanımın məqsədi şirkətdən pul almaq olmuşdur. Ona verilən suallara cavabında göstərmişdir ki, Tamara Cavadzadə 12 may atrixində şirkətdə olmuşdur. Ona Daxili təhlükəsizlik qaydaları izah edilmişdir. Çünki həmin qaydalar şirkətə gələn qonaqlara da izah edilir. Həmin qaydalar hamıya şamil edilir. Tamara Cavadzadəyə də şirkətə gəldiyi üçün həmin qaydalar izah edilmişdir. Tamara Cavadzadənin əli kəsilən vaxt şirkətdə olmamışdır. Tamara Cavadzadə iş üçün müraciət edib, lakin işə cəlb edilməmişdir. Əmək Müfəttişliyində əvvəl hansı səbəbdən izah verməsini xatırlamır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə, izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X7 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 49-1/2-11/34 saylı X15 xidmətinə ünvanlanmış məktubundan görünür ki, X2 Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən Şəxs MMC-də işçi kimi xx.xx.2025ci il tarixdə qeyri-qanuni xidmət göstərməsi, yəni əmək müqaviləsi bağlamadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq MMC-nin rəhbəri barəsində İXM-də nəzərdə tutulmuş qaydada inzibati tədbir görülməsi və nəticəsi barədə Sabunçu RPİ-yə məlumat verilməsi xahiş olunmuşdur. X2 Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə vermiş olduğu izahatından görünür ki, “X27» MMC-nə iş üçün müraciət etmişdir. Ona bildirmişlər ki, əvvəlcə onu stajor kimi yoxlayıb, daha sonra aşbaz köməkçisi kimi işə götürəcəklər. xx.xx.20225-ci il tarixdən MMC-də aşbaz köməkçisi kimi işə başlamışdır. İş saatları axşam saat 21:00-dan səhər saat 06:00 kimi olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində işdə olarakən dəzgahın bıçağı ilə sağ əlinin barmağını kəsmişdir. Onu həmin şirkətə Nərmin adlı qadın işə götürmüşdür. Sağ əlinin şəhadət barmağını şirkətdə xx.xx.2025-ci il tarixdə işdə olan zaman dəzgahın bıçağı ilə kəsmişdir. Həmin zaman bildirmişdir ki, təcili yardım çağırsınlar. Lakin nəzarətçi işləyən Mahir adlı şəxs demişdir ki, təcili tibbi yardım çağrılsa onlar üçün problem olacaq. Çünki o, işçi kimi hələ qeydiyyata alınmamışdır. Həmin zaman Fatimə adlı qadın orada ona ilkin yardım göstərmiş, Mahir və yanında olan digər şəxslər siqaret çəkərək külünü onun yarasına tökmüşlər. Bundan sonra əlinin qanı kəsilmişdir. Ona bildirmişlər ki, evinə getsin, lakin o, maaşı nəzərə alaraq evə getməmişdir. xx.xx.2025-ci il tarixdə iş vaxtı qurtardığı üçün evə getmişdir. Həmin gün axşam işə gələrkən heç kəs onunla maraqlanmamış, bu səbəbdən də o əməkdaşlara demişdir ki, polisə məlumat verəcəkdir. Həmin zaman Nərmin ona zəng vuraraq bildirmişdir ki, gedib Xəzər Klinikasından işə düzəlmək üçün qeydiyyatdan keçsin. O da Xəzər Klinikasına yaxınlaşaraq 25 manat ödəniş edib qeydiyyatdan keçmişdir. Yenidən Nərminin yanına gəlmiş, alkin onun barmağı ilə yenə də maraqlanmamışlar. Ona cavab olaraq bildirmişlər ki, əvvəl işlədiyi Bakı Sağlamlıq Mərkəzinə yaxınlaşıb işdən çıxmalıdır. O da yaxınlaşıb ərizə yazmışdır. Lakin onu sonradan işə götürməmişlər. Nərmin adlı xanımla əlaqə saxlamış və xx.xx.2025-ci il tarixdə onun kartına 150 manat pul göndərmişlər. Həmin pulu göndərdikdən sonra Nərminə demişdir ki, bu pul yardım puludur, yoxsa əmək haqqı, Nərmin isə demişdir ki, ona rəhbərlik qərar verəcəkdir. Şirkətin onunla maraqlanmadığını görüb 102 xidmətinə şikayət etmişdir. X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatında göstərmişdir ki, Tamara Cavadzadəni xx.xx.2025-ci ildə işə qəbul üçün X27 şirkətinə müraciət etmişdir. Onun təcrübəsinin olmadığını bildirmişlər. Eyni zamanda müəssisədə təcrübə proqramına qoşula biləcəyini bildirmişlər. Tamara təcrübə keçməklə razılaşmış və xx.xx.2025-ci il tarixdən təcrübəyə başlamışdır. xx.xx.2025-ci il tarixdə daxili təhlükəsizlik qaydalarına aid təlim seçməsinə baxmayaraq bıçaqla barmağını zədələmişdir. Bununla əlaqədar Tamara Cavadzadəyə yardım göstərilmiş və sağlamlığı ilə bağlı problem olmamışdır. Sonra 12 saylı PŞ-nə müəssisədən şikayət etmişdir. Araşdırmadan sonra ciddi xəsarət olmadığı və Tamara Cavadzadə şikayətini geri götürdüyü üçün onun şikayətinə xitam verilmişdir. Tamara Cavadzadəyə təcrübə üçün təqaüd pulu ödənmişdir. Tamara Cavadzadənin şirkətə qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında araşdırılmış inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, Sabunçu RPİ-nin 12-ci polis şöbəsində aparılmış araşdırma zamanı, T.T.Cavadzadənin məhkəmə iclasında veridiyi izahat nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə şahid qismində dindirilmiş X8, X13, X11 izahatlarına münasibətdə qeyd edir ki, onlar Tamara Cavadzadənin şirkətə iş üçün müraciət etməsini və şirkətdə olmasını inkar etməmişlər. Onların izahatlarının Tamara Cavadzadənin MMC-də işə cəlb edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxslər hazırda Şəxs MMC-nin işçiləri olmaqla əmək funksiyalarını davam etdirir, bu səbəbdən də MMC-nin leyhinə izahat vermələri anlaşılandır. Məhkəmə onların izahatlarının həmin hissəsini qeyri səmimi qəbul edir. X17 məhkəmə iclası zamanı izahatında Tamara Cavadzadənin şirkətdə işə cəlb edilməməsini bildirsə də, X6 Bakı Şəhər İdarəsinə öz xətti ilə verdiyi izahatındaTamara Cavadzadənin təcrübəçi kimi işə götürüldüyünü qeyd etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavabında qeyd etmişdir ki, Tamara Cavadzadə 12 may tarixində şirkətdə olmuşdur. Ona Daxili təhlükəsizlik qaydaları izah edilmişdir. Çünki həmin qaydalar şirkətə gələn qonaqlara da izah edilir. Həmin qaydalar hamıya şamil edilir. Tamara Cavadzadəyə də şirkətə gəldiyi üçün həmin qaydalar izah edilmişdir. O hansı səbəbdən əvvəl fərqli izahat verməsini izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, X9 X6 Bakı Şəhər İdarəsinə verdiyi izahatı, Sabunçu RPİnin 12-ci polis şöbəsində aparılmış araşdırma materialları və Tamara Cavadzadənin məhkəmə iclasında veridiyi izahatı ilə uyğunluq təşkil etdiyindən əsas götürülməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC(VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4572/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4572/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver